Qurtuluşdan Zəfərə

Xəbərlər / 06.05.2022 / 09:11

Tarixi təcrübələrə görə, müdrik liderlər göstərdikləri xidmətlərin miqyasına və əhəmiyyətinə görə dünyada fərqli səviyyədə qəbul olunurlar. Onlardan bəzilərinin fəaliyyəti mənsub olduqları dövlətin hüdudları ilə məhdudlaşır və yalnız öz doğma Vətənində hörmətlə yad edilir.

Elə tarixi şəxsiyyətlər də vardır ki, onlar zaman və məkan anlayışına, milli ölçülərə sığmayaraq dünya miqyasında tanınır və qlobal səviyyədə başqaları üçün örnəyə çevrilirlər. Bu baxımdan Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə ümumdünya tarixində özünə dərin iz qoymuş dahi liderdir. Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyət göstərməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü və uzaqgörən siyasət aparması, bu sahədə böyük uğurlar əldə etməsi Heydər Əliyevin liderliyini səciyyələndirən vacib xüsusiyyətlərdir.

 

Liderlik keyfiyyətləri və inkişaf

Qeyd edək ki, hələ sovet dövründə Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrənin yaradılması üçün mühüm işlər görmüşdür. Bunun nəticəsində respublikamızda genişmiqyaslı quruculuq işləri aparılmış, çoxsaylı iri sənaye müəssisələri, o cümlədən ittifaq əhəmiyyətli strateji obyektlər yaradılmışdır. Aqrar respublika olan Azərbaycan aqrar-sənaye respublikasına çevrilmişdir. Respublikada xeyli sayda yeni ali və orta ümumtəhsil məktəbləri fəaliyyətə başlamış, kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərilmişdir. Milli hərbi kadrların yetişdirilməsi və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Sovet dövrünün siyasi-ideoloji qadağalarına baxmayaraq, xalqımızın milli-mənəvi dəyərləri qorunaraq zənginləşdirilmişdir. Azərbaycançılıq məfkurəsinin ictimai fikirdə aparıcı yer tutması məqsədilə əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit formalaşdırılmışdır. Xalqımızın mədəniyyəti, incəsənəti və ana dilinin inkişafı üçün yeni mərhələnin əsası qoyulmuşdur. Milli özünüdərk hissi güclənmiş, milli mənlik şüuru inkişaf etmişdir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik siyasi sistemə və bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədilə islahatların aparılmasına başlanıldı. Heydər Əliyev cəmiyyətin bütün sahələrini əhatə edən islahatların konseptual əsaslarını, başlıca hədəflərini müəyyən etdi və bununla bağlı məqsədyönlü siyasət apardı. Məlumdur ki, həmin dövrdə respublikamızda islahatların həyata keçirilməsinə maneçilik törədən faktorlar mövcud idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal olunması, sosial-iqtisadi böhranla, daxili və xarici dairələrin antimilli fəaliyyəti ilə üzləşməsi kimi səbəblər Azərbaycanın inkişafı üçün ciddi problemlər yaradırdı. Heydər Əliyev bu cür mürəkkəb və gərgin şəraitdə müdrik liderə məxsus uzaqgörən siyasət aparmaqla respublikamızda ictimai-siyasi sabitliyin yaradılmasına nail oldu və geniş islahatların həyata keçirilməsinə başlanıldı. Bunun nəticəsində sosialyönümlü bazar iqtisadiyyatı münasibətləri inkişaf etdi, ölkədə mövcud olan iqtisadi, texniki-istehsal və elmi-texniki potensial təsərrüfat dövriyyəsinə cəlb olundu, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Davamlı və dinamik xarakter daşıyan islahatlar mahiyyət etibarilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.

Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafı naminə respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı məqsədilə neft amilindən məharətlə istifadə etməsi, böyük təzyiqlərə baxmayaraq 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması Heydər Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətinin təntənəsi idi. Bu sənəd Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, yeni müqavilələrin imzalanmasına və ölkəyə investisiya qoyuluşuna münbit şərait yaratdı. "Əsrin müqaviləsi"nin imzalanması və onun reallaşdırılması Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının möhtəşəm uğuru idi. Ümumiyyətlə, dahi şəxsiyyətin 1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, ölkəmiz sözün əsl mənasında böyük zirvələr fəth etmiş, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilmişdir.

 

Dövlətçilik prinsipinin aparıcı xətti - azərbaycançılıq ideologiyası

Hər bir dövlətin uzunömürlülüyünü təmin edən, cəmiyyəti öz ətrafında birləşdirən və xalqın milli maraqlarına söykənən ideologiyaya ehtiyacı vardır. Çoxmillətli və çoxkonfessiyalı ölkələrdə ideologiyanın mövcudluğu daha aktual əhəmiyyət kəsb edir. Buna görə də Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri içərisində azərbaycançılıq ideologiyası mühüm əhəmiyyət daşıyır. Respublikamızın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırması xalqımızın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. Bu məfkurə milli-dini kimliyi ehtiva edən tarixi dəyər olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin tərəqqisini şərtləndirən bitkin ideoloji konsepsiyadır. Azərbaycançılıq milli və dini münasibətlərin harmonik inkişafını, dini-etnik qruplar arasında birgəyaşayışı, ən başlıcası, xalqımızın milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir. Heydər Əliyevin müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməsi nəticəsində milliliklə dövlətçilik arasında sarsılmaz vəhdət təmin edildi.

Azərbaycançılıq dövlət siyasətinin əsaslarından birini təşkil edərək özündə milli inkişafın ideoloji tərəflərini birləşdirir. Bu məfkurə milli ideologiyanın bünövrəsi kimi müxtəlif mədəniyyətlər, adət-ənənələr və dini konfessiyalar arasında həmrəylik yaradır. O, birlik və həmrəyliyin simvolu kimi milli maraqlardan çıxış edən güclü dövlət hakimiyyətinə, yüksək milli intizama və özünüdərkə əsaslanır.

Azərbaycançılıq milli və dini konfessional zənginliyi özündə ehtiva edən ideoloji baxışlar sistemi kimi müstəqil dövlətçiliyin möhkəmlənməsində xüsusi yer tutur. Təsadüfi deyil ki, Heydər Əliyev bu məfkurəni dövlət idarəçiliyi fəlsəfəsinin əsas tezislərindən biri kimi irəli sürərək bildirmişdir: "Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu, bizim əsas vəzifələrimizdən biridir".

Azərbaycanda dini-mədəni müxtəlifliyin qorunması istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsi multikultural və tolerant dəyərlərin inkişafına böyük təkan verir.

 

Nümunəvi dövlət-din modeli

Ölkəmiz tarixən dünyada dini dözümlülük ənənələri ilə fərqlənsə də, Azərbaycanın müasir beynəlxalq standartlara cavab verən dünyəvi dövlət-din modeli Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə cəmiyyətin bütün sahələrinin, o cümlədən dini münasibətlərin inkişafı üçün demokratik hüquqi normalar yaradıldı. Ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı, dünyəvi dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olundu, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirildi. Dini konfessiyalar arasında tolerantlıq təmin edildi, eləcə də tarixi-dini abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Azərbaycanda dini təhlükəsizliyin təmin olunması üçün əlverişli mühit yaradıldı. Sovet dövründə ibadət ocaqlarının fəaliyyətinə, dini ayinlərin icrasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin əsası qoyuldu. Dövlətin dini sahədə siyasəti milli maraqları ifadə edərək dini sabitliyin qorunmasında vacib rol oynadı. Azərbaycan dünyada dünyəvi, demokratik və hüquqi dövlət olmaqla yanaşı, həm də özünün milli-mənəvi dəyərlərinə söykənən ölkə kimi böyük nüfuz qazanmağa başladı.

Azərbaycan dövləti vicdan və dini etiqad azadlığının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirdi, milli təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli yer tutan bu sahəyə daim xüsusi həssaslıqla yanaşıldı. Dini qurumların qanunla müəyyənləşmiş qaydada fəaliyyəti üçün lazımi imkanlar yaradıldı. Heydər Əliyev milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəsin bütün sahələrdə hüquq bərabərliyinin dövlət tərəfindən təmin edilməsini prinsipial məsələ kimi bəyan etmişdir: "Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik".

 

Siyasi kursda varislik

Ümumdünya tarixindən məlumdur ki, yaşadığı coğrafi ərazidən asılı olmayaraq, xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə ciddi təsir göstərən siyasi liderləridir. Onlar mənsub olduqları xalqın maraqlarını ifadə edərək dünyada uzaqgörən siyasətləri ilə tanınırlar. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevdir. Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ölkəmizin bütün sahələrində əldə olunan uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf edən, dünya siyasətində öz yeri, rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar.

Heydər Əliyev irsinə sadiqlik, Ulu Öndərin ölkəmizin inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi kursunun zənginləşdirilməsi və müasir dövrün çağırışlarının obyektiv qiymətləndirilməsi Azərbaycanın tərəqqisini şərtləndirən mühüm faktorlardır. Yeni tipli siyasətçi və dövlət rəhbəri kimi dünyada diqqət mərkəzində olan Prezident İlham Əliyev inamla xalqımızı Heydər Əliyevin ideyaları ətrafında birləşdirir. Heydər Əliyevin siyasi kursunu zamanın tələbinə uyğun şəkildə, məharətlə davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət özündə xalqımızın milli maraqlarını əks etdirir. Davamlı iqtisadi inkişafa malik olması, sosial, humanitar və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi Azərbaycanın dünya birliyində mövqeyini gücləndirir. Milliyyətindən və dini baxışlarından asılı olmayaraq hər kəsin hüquqlarının qorunması, müxtəlif millətlərin mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirir. Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu tolerant məkan kimi ümumbəşəri dəyərlərin inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin siyasətində xalqımızın sosial rifahının yaxşılaşdırılması, neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın maddi resurslarından əldə edilən gəlirlərin ölkənin inkişafına yönəldilməsi, xalqımızın milli-mənəvi, tolerant dəyərlərinin təbliği mühüm yer tutur.

Dövlət-din münasibətlərinin inkişafı məqsədilə həyata keçirilən siyasət Azərbaycanın multikultural və tolerant dəyərlərin inkişaf etdiyi dünyəvi dövlət kimi dünyada nüfuzunu artırır. Ölkəmizdə yalnız əksəriyyət təşkil edən müsəlmanlara deyil, eləcə də digər dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir ki, bu da milli-dini kimliyi qoruyan vacib şərtlərdən biridir. Azərbaycan dövləti qloballaşmanın milli-dini kimliyə təsirini daim diqqətdə saxlayır. Bununla bağlı olaraq Prezident İlham Əliyev demişdir: "Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır".

Prezident İlham Əliyevin siyasətində qloballaşma dövrünün çağırışları ilə xalqımızın milli-dini kimliyinin mahiyyətindən irəli gələn tələblərin uzlaşdırılması xüsusi yer tutur. Bu sahədə siyasət aparılarkən nəzərə alınır ki, qloballaşma ilə milli-dini kimlik arasındakı qarşılıqlı təsirə və onun nəticələrinə xüsusi diqqət yetirilməsi vacibdir. Belə ki, milli-dini kimlik ölkəmizin davamlı inkişafında və onun dünya birliyində böyük nüfuz qazanmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də milli mənlik şüurunun inkişafına ciddi təsir göstərir.

Sözügedən istiqamətdə dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərmanla milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiyməti və dəstəyi bir daha nümayiş etdirdi. Prezidentin bu addımı xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsinə, gənclərin milli ruhda tərbiyə edilməsinə növbəti töhfəsidir. Fondun təsis edilməsi dini mənsubiyyətindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən konfessiyalara dəstəyi, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət qayğısını daha da gücləndirib. Eyni zamanda ölkə başçısının sərəncamı əsasında Azərbaycan İlahiyyat İnstitutunun yaradılması xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı milli kadrların hazırlanması baxımından səmərəli addımlardan biridir. Bu sərəncam Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisi olmaqla yanaşı, bu sahənin milli təhlükəsizliyin vacib elementi kimi nəzərdən keçirildiyini nümayiş etdirir.

Əminliklə deyə bilərik ki, milli birliyin və həmrəyliyin təmin olunması Heydər Əliyevin siyasətində əsas məqsədlərindən biri olub və bu sahədə görülmüş işlərin hazırda uğurla davam etdirilməsi ölkəmizin tərəqqisində mühüm rol oynayır. Ulu Öndərin azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiya ilə bağlı siyasi kursunun həyata keçirilməsi vətəndaş həmrəyliyini daha da möhkəmləndirir. Dövlət-xalq birliyi ictimai həyatın bütün sahələrində böyük nailiyyətlərin əldə edilməsinin təməlində dayanır.

Azərbaycançılıq məfkurəsinin və xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Heydər Əliyev kimi tarixi şəxsiyyətin siyasi irsini təbliğ etmək fondun fəaliyyət istiqamətləri içərisində xüsusi yer tutur. Bu məqsədlə fond tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar sübut edir ki, Heydər Əliyev irsini təbliğ etmək həm də xalqımızın Ümummilli Liderinə olan rəğbət və ehtiramından bəhrələnməklə ölkəmizin dünya birliyində mövqeyinin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir.

 

Yeni tarixi şərait

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün şahidi oldu. Azərbaycanın işğal olunmuş əraziləri Vətən müharibəsində cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri dayanır.

Milli həmrəyliyin və vətəndaş birliyinin möhkəmləndirilməsi istiqamətində aparılan dövlət siyasəti özünün uğurlu nəticəsini Vətən müharibəsi dövründə bir daha sübut etdi. Xalqımız, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti ətrafında sıx birləşib, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması yolunda həmrəylik nümayiş etdirdilər. Dini konfessiyalar Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara dəfələrlə kəskin şəkildə etirazlarını bildirmiş, din xadimləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçirmişlər.

Vətən müharibəsində möhtəşəm qələbə regionda Azərbaycan üçün əlverişli sosial-iqtisadi və geosiyasi vəziyyət yaratmışdır. Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında dediyi kimi: "Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq".

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti və vətəndaş cəmiyyəti institutları Vətən müharibəsi dövründə həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin siyasətini və "Dəmir yumruq" əməliyyatını fəal şəkildə dəstəklədilər. Bununla da bir daha sübut olundu ki, ölkəmizdə vətəndaş həmrəyliyi sağlam təməllər üzərində qurulub və yeni siyasi konfiqurasiya, ictimai-siyasi mühit onu daha da möhkəmləndirir.

Yuxarıda göstərilənlərin ümumiləşdirilməsi sübut edir ki, Azərbaycanın davamlı inkişafı və dünyada böyük nüfuz qazanması Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ilə sıx şəkildə bağlıdır. Çünki Ulu Öndərin müəyyənləşdirdiyi siyasət özündə siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və ölkəmizin hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışları birləşdirir. Bu siyasət vasitəsilə Azərbaycanın inkişaf strategiyasının hədəfləri müəyyən olunur. Heydər Əliyev yolu ölkəmizin tərəqqisi üçün həmişə aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq edir.

Ümummilli Liderin siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi və müasir dövrün çağırışlarından irəli gələrək onu yeniliklərlə zənginləşdirməsi Azərbaycanı dünyada güclü və qüdrətli dövlət kimi tanıdır. Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması Heydər Əliyev yolunun Azərbaycanı Milli Qurtuluşdan Zəfərə apardığının parlaq ifadəsidir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

"Azərbaycan" qəzeti, 6 may 2022-ci il


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
22.01.2020 / 17:22
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu

Səyyad Salahlı: "Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır"

Xəbərlər
13.11.2018 / 17:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
28.04.2022 / 15:34
Ətraflı oxu

Şuşa məscidində namaz qılındı

Xəbərlər
13.11.2020 / 13:22
Ətraflı oxu