
Press-relizlər / 16.03.2022 / 15:37
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə rayonunun B.Qulamoğlu adına 285 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon prokuroru Rəşid Mahmudov, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aqil Əlisoy, Xalidə Rzayeva, B.Qulamoğlu adına 285 saylı tam orta məktəbin direktoru Səfura Rəhimova, Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Polis İdarəsinin rəisi Süleyman Neymətov, rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy mövzu ilə bağlı çıxışlar ediblər. Bildirilib ki, dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Vurğulanıb ki, cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan qorxulu xəstəlik kimi hər bir insanı düşündürür.