
Xəbərlər / 25.02.2022 / 17:16
Fevralın 24-də Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması, fevralın 25-də isə Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının üzvləri “Müqəddəs Giorgi” və “Müqəddəs Nino” kilsələrində Xocalı soyqırımı qurbanlarının 30-cu ildönümü ilə bağlı dini mərasim keçiriblər.
Mərasimdə Xocalı soyqırımı qurbanları hüznlə anılıb, adlarına şam yandırılıb və ruhlarına dualar oxunub. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.