
Xəbərlər / 13.01.2022 / 16:55
Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Balakən rayon qazılığının birgə təşkilatçılığı ilə Balakəndə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, dini icma sədrləri, həmçinin din xadimləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Qazılıq tərəfindən ötən ildə görülən işlərə dair ətraflı məlumat verilib, pandemiya dövründə keçirilən dini mərasimlərin qanunvericiliyin tələblərinə uyğun olaraq baş tutduğu bildirilib. 2022-ci ildə dini radikalizm və xurafatla mübarizə aparılması, milli-mənəvi dəyərlərimizin fəal şəkildə təbliği, dini maarifləndirmə işinin düzgün təşkil edilməsi, habelə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələr verilib. Natiqlər xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.