Milix Yevdayevə “Şərəf” ordeni təqdim edilib

Press-relizlər / 25.11.2021 / 14:23

Noyabrın 25-də Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 26 iyul 2021-ci il tarixli Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevə mükafatı təqdim olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atıb. Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində aparılan siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dövlət dini icmalara göstərdiyi qayğını və diqqəti gündən-günə artırmaqdadır. Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki dini qurumlara maliyyə yardımının göstərilməsi dini müxtəlifliyin qorunmasına və dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutan dini məbədlərin inşası və bərpası üzrə baş tutan layihələr təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bütün bunlar ölkəmizdə dinə dövlət qayğısının bariz göstəricisi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür. Daha sonra Mübariz Qurbanlı dini konfessiya rəhbərini dövlət təltifinə layiq görülməsi və yubileyi münasibətilə təbrik edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətləri, ictimai fəaliyyəti barədə danışıb. Bildirib ki, M.Yevdayev dinlərarası harmoniyanın inkişafına böyük töhfələr verir, Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində daim fəallıq nümayiş etdirir, əlindən gələni əsirgəmir. Xalqımızın parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsində Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə ölkəmizdəki digər dini konfessiyalar kimi Bakı şəhəri Dağ yəhudiləri dini icmasının da xüsusi rolu olub. Komitə sədri Milix Yevdayevin uğurlu fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, bu gün təqdim olunan ordenin bunun əyani sübutu olduğunu vurğulayıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Milix Yevdayev daim Azərbaycana sonsuz sədaqəti ilə seçilir, vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sadiqliyini hər zaman ləyaqətlə nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayev isə çıxışında M.Yevdayev ilə birgə etdiyi xarici səfərlərə toxunaraq onun Azərbaycanın dini tolerantlıq modelinin özünəməxsus özəlliklərinin təbliği istiqamətindəki rolu, eyni zamanda xarici mətbuatda yayımlanan məqalələrinin önəmi barədə danışıb.  

Azərbaycan Respublikasının Alban – Udi Xristian dini icmasının sədri Robert Mobili də səbəbkara səmimi təbriklərini çatdıraraq Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirdiyini, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirdiyini bildirib.

Sonra “Şərəf” ordeni Milix Yevdayevə təqdim olunub.

Milix Yevdayev öz növbəsində fəaliyyətinə verilən yüksək dəyərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən dini konfessiya rəhbəri yəhudilərin Azərbaycanın bütün qələbələrinə sevindiyini, Azərbaycanı öz doğma vətənləri hesab etdiklərini deyib. “Biz dağ yəhudiləri uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olub və bir qalxana çevrilərək həmişə bizi bütün bəlalardan müdafiə edib. Azərbaycanı özünə doğma Vətən bilən yəhudilər heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıblar. Biz azərbaycanlılarla doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyaya yayılmış dağ yəhudilərinin hər biri özünü hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz Vətəni hesab edir. Biz Azərbaycanın bir parçasıyıq, bizi heç vaxt Azərbaycandan ayırmaq mümkün deyil. Harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq biz həmişə azərbaycanlıyıq”-deyə M.Yevdayev vurğulayıb.

 


Son baxılan xəbərlər

Balakən və Lerik rayonlarında dini radikalizmlə mübarizə məsələsi müzakirə olunub

Press-relizlər
07.03.2016 / 17:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Türkiyənin ölkəmizəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
03.08.2021 / 15:58
Ətraflı oxu

Saatlıda “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2018 / 14:54
Ətraflı oxu

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Multikulturalizm
11.01.2017 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.06.2018 / 16:57
Ətraflı oxu