Zəfərə gedən yol

Xəbərlər / 10.11.2021 / 10:38

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisələrdən biridir. Bir il bundan əvvəl sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı və 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan erməni faşizminə sarsıdıcı zərbə vuruldu.

Zəfərə gedən yol müxtəlif mərhələlərdən keçdi, Azərbaycan dövlətinin milli maraqlara əsaslanan daxili və xarici siyasətinin nəticəsində mümkün oldu.

Dövlət müstəqilliyini yenidən bərpa etdiyi ilk dövrdə ölkəmizdə xaos və anarxiya hökm sürürdü. Ağır sosial-iqtisadi və siyasi böhranın nəticəsində cəmiyyət idarəolunmaz vəziyyətlə üzləşmişdi ki, bu da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına şərait yaradırdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da inkişaf mərhələsinin bünövrəsi qoyuldu və Ermənistanın hərbi təcavüzünün qarşısı alındı.

Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli diplomatik mübarizə apardı, onun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etdi. 1993-cü ilin dekabr ayından 1994-cü il yanvar ayının əvvəllərinə kimi davam edən Horadiz döyüşlərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi. Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin hərbi təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə mühüm işlər görüldü. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Qarabağ münaqişəsinin aradan qaldırılması üçün ciddi siyasi-iqtisadi və mənəvi-psixoloji zəmin yarandı ki, bu da özünü 44 günlük Vətən müharibəsində göstərdi. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edir. Bu möhtəşəm Zəfərin əldə edilməsi Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, son 18 ildə ordu quruculuğu və sosial-iqtisadi sahələrdə, xarici siyasətdə əldə etdiyi uğurlar, milli birlik və vətəndaş həmrəyliyi ilə sıx şəkildə bağlıdır.

 

Ordu quruculuğunda uğurlar

 

Ötən illər ərzində Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsində müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşdı. Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biri oldu. Son illər Azərbaycanda 20-dən çox hərbi sənaye müəssisəsi tikilib istifadəyə verilib.

Vətən müharibəsi başlamazdan əvvəl də Ermənistanın hərbi təxribatlarının qarşısını Azərbaycan Silahlı Qüvvələri qətiyyətlə alırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ölkəmizin düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalanda Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə təxribatların qarşısını aldı, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri işğaldan qurtuldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad olundu, dövlət sərhədi boyunca əlverişli strateji yüksəkliklər işğaldan qurtuldu, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük qəhrəmanlıq göstərərək Ermənistanın törətdiyi hərbi təxribatların qarşısını qətiyyətlə aldılar.

Əvvəllər ermənilər dünyaya ordularının yenilməz, güclü olması haqqında yalan və şişirdilmiş məlumatlar yayırdılar. Lakin Vətən müharibəsi ermənilərin bu cür iddialarının reallıqdan uzaq, cəfəngiyyat olduğunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində Ermənistanın hərbi birləşmələrini darmadağın etməklə öz gücünü bütün dünyaya göstərdi. Müharibə dövründə hərbçilərimizin əhvali-ruhiyyələri və mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyədə olduğuna, döyüş tapşırıqlarını böyük məharətlə yerinə yetirdiklərinə şahid olduq.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirirdi ki, Azərbaycan dövləti öz ərazilərinin Ermənistanın işğalı altında qalması ilə heç vaxt barışmayacaq: “Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”. Hələ Vətən müharibəsi başlamazdan əvvəl Ermənistanın hərbi təxribatlarının və təcavüzünün qarşısının alınması istiqamətində Azərbaycan dövləti mühüm hazırlıq işləri gördü. Prezident İlham Əliyevin dediyi kimi: “Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu”.

Vətən müharibəsi dövründə düşmən əlverişli coğrafi mövqe tutmasına və yerləşdiyi ərazinin relyefinin ona böyük üstünlük verməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilmədi, 10 min nəfərdən çox erməni əsgər və zabit fərarilik edərək döyüş meydanından qaçdı. Ermənilərdən fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri isə döyüşlərdə qəhrəmanlıq və fədakarlıq göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər ki, bununla da tarixi ədalət zəfər çaldı. Düşmənin 30 il ərzində qurduğu istehkamları Azərbaycan hərbçilərinin canı-qanı bahasına torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərmələri, bu yolda şəhidlik zirvəsinə ucalmaları və qazi olmaları yenilməzlik, mətinlik, qəhrəmanlığın parlaq təzahürüdür.

Vətən müharibəsi erməni faşizminin iç üzünü bir daha dünyaya göstərdi. Müharibə dövründə düşmən döyüş meydanında məğlub olarkən yenə də insanlığa sığmayan ən çirkin əməllərə əl atdı. Ermənistan qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə edərək ölkəmizin şəhər və kəndlərinə müntəzəm olaraq atəş açmağa başladı. Lakin düşmənin bu cür mənfur hərəkətlərinin qarşısını İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri aldı.

 

Fəal diplomatik mübarizə

 

Azərbaycanın Vətən müharibəsində sosial-iqtisadi baxımdan inkişaf edən dövlət kimi iştirakı şanlı qələbənin əldə olunmasında böyük rol oynadı. Bu gün ölkə iqtisadiyyatının şaxələnməsi, adambaşına düşən milli gəlirin artması, makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı və digər sahələrdə böyük uğurlar əldə edilir. Azərbaycanın beynəlxalq enerji-nəqliyyat layihələrində fəal iştirakı ölkəmizin iqtisadiyyatının inkişafına mühüm təsir göstərir. Azərbaycanla dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələr möhkəmlənir və ölkəmizin iqtisadiyyatına böyük həcmdə xarici sərmayələr qoyulur. Regionların inkişafını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına mühüm təkan verir.

Azərbaycan bir çox postsovet dövlətləri ilə müqayisədə ümumi iqtisadi gücünə, milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur. Ölkə iqtisadiyyatının neftdən və xarici amillərdən asılılığının azalması ümumi daxili məhsulda qeyri-neft sektorunun payını artırır. Prezident İlham Əliyev sosial-iqtisadi sahədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirməklə Azərbaycanın davamlı inkişafını, xalqımızın əmin-amanlıq şəraitində yaşamasını təmin edir ki, bu da Vətən müharibəsində qələbəni şərtləndirən vacib faktorlardan biri oldu.

Ötən illər ərzində Azərbaycanın dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələrini möhkəmləndirməsi və bundan davamlı inkişafda səmərəli vasitə kimi istifadə etməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması və digər istiqamətdə atdığı addımlar Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynadı. Prezident İlham Əliyevin apardığı xarici siyasətdə Qarabağ münaqişəsinin həlli məsələsi daim xüsusi yer tuturdu. Azərbaycan Prezidenti beynəlxalq münasibətlərdə hökm sürən ikili standartlar siyasətinə və Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq təşkilatların seyrçi mövqedən çıxış etmələrinə həmişə kəskin etirazını bildirirdi. Prezident İlham Əliyev həm Ermənistan prezidentləri və baş naziri ilə danışıqlarda, həm də BMT Baş Məclisinin sessiyalarında, ATƏT, Avropa Şurası, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların tədbirlərində çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq yerinə yetirilmədiyini vurğulayırdı.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində Ermənistan hakimiyyətinin danışıqlardan yayınmaq və onun formatını dəyişdirmək cəhdlərinin qarşısı alındı. Ötən illər ərzində nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Qarabağ münaqişəsinə xüsusi diqqət yetirildi. BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə keçirilən sessiyalarında qəbul edilmiş sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması faktı pislənildi, BMT Təhlükəsizik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi bildirildi. ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında Qarabağ münaqişəsinin həllinin mümkünlüyü vurğulandı.

Qarabağ münaqişəsinin yaranması səbəbləri və nəticələri ilə bağlı həqiqətləri Prezident İlham Əliyevin mütəmadi şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasını fiaskoya uğratdı. Buna misal olaraq, 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı toplantısında, həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın qətiyyətli mövqeyini ifadə edən çıxışlarını göstərmək olar. Prezident İlham Əliyev dəfələrlə bildirirdi ki, Qarabağ münaqişəsi yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi yolu ilə həll oluna bilər. Azərbaycan Prezidentinin beynəlxalq hüquqi prinsiplərə əsaslanan bu çağırışlarına və tələblərinə Ermənistan əməl etmədi və nəticədə Vətən müharibəsində öz cəzasını aldı.

 

Azərbaycana dəstək

 

Dünya dövlətləri Vətən müharibəsi dövründə hərbi əməliyyatlara böyük həssaslıqla yanaşdı. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin digər dövlət və hökumət nümayəndələri Azərbaycanın öz ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə apardığı mübarizəni fəal şəkildə dəstəklədi, öz çıxışlarında daim ölkəmizin yanında olduqlarını bildirdilər. Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil. Odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır”.

Böyük Britaniya Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etdi və ölkəmizin ərazi bütövlüyünü dəstəklədi. BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilmədi. Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın haqlı mövqe tutduğunu və BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum dörd qətnamənin tələblərinin yerinə yetirilməsinin vacibliyini bəyan etdi. İsrailin “Yisrael Beiteinu” Partiyasının lideri, keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğuladı: “Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”. Müharibə dövründə ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqland bildirdi ki, Ermənistan Azərbaycanın suveren ərazisini işğal edib. Həmçinin İtaliya Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəklədi. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul etdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç Azərbaycana dəstək verdiklərini və Ermənistanı qınadıqlarını bildirdilər. Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşdiyini bəyan etdi.

 

Milli birlik və həmrəylik 

 

Ölkəmizdə milli həmrəyliyin və vətəndaş birliyinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasəti özünün məntiqi nəticəsini Vətən müharibəsi dövründə göstərdi. Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Ölkəmizdə müxtəlif millətlər və dinlər arasında qarşılıqlı etimad mühiti mövcuddur. Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı siyasət etnik və dini mənsubiyyət, mədəni dəyərlər və adət-ənənələrdən asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəklənir. Qeyd edək ki, müharibədən əvvəl də ermənilərin hərbi təxribatlarının qarşısının alınmasında xalq-dövlət-ordu birliyi mühüm rol oynayırdı.

Ermənistan Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki kəndləri, qəsəbələri və şəhərləri yerlə-yeksan etməklə yanaşı, həm də xalqımıza məxsus tarixi-dini abidələri dağıdıb, onların bir qismini isə erməniləşdirməyə çalışıb. Bu ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər yarıdağılmış məscidlərdə isə xalqımızı və ümumiyyətlə, bütün dünya müsəlmanlarını təhqir etmək məqsədilə mal-heyvan saxlanılıb. Bütün bunlar Ermənistanda azərbaycanfobiya və islamofobiyanın rəsmi ideologiya səviyyəsinə qaldırıldığını sübut edir. Bunun nəticəsidir ki, 30 il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni faşizminin dağıdıcılığı tüğyan edib.

 

Yeni reallıqlar

 

Ermənistanın hərbi birləşmələrini Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fəxr etdiyini, onlarla qürur duyduğunu bildirdi. Həm işğal, həm də müharibə dövründə xarici təzyiqlərə və ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan özünün tarixi ərazilərini işğaldan azad etdi. Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsi ilə bütün dünya “yenilməz Ermənistan ordusu” mifologiyasına son qoyulduğunu gördü.

Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələbləri yerinə yetirildi, bölgədə yeni geosiyasi və geoiqtisadi reallıq yarandı. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması tarixə Vətən müharibəsində Azərbaycanın hərbi Zəfəri, Ermənistanın isə kapitulyasiyası kimi daxil oldu. Bununla da Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edilərək tarixə çevrildi. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və xalqımızın milli ləyaqəti bərpa olunmaqla yanaşı, həm də erməni faşizminin başı əzildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya göstərdi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalaması Vətən müharibəsinin yekunlarından biri kimi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını ifadə edən mühüm siyasi-tarixi hadisə oldu. Müharibədən sonrakı şəraitə və reallığa uyğun yeni tələblər ortaya çıxdı. Bu aspektdən yanaşsaq, iqtisadi rayonların yeni təsnifatının aparılmasının uzaqgörən addım olduğunu görərik. İqtisadi rayonların yeni təsnifatına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının daxil edilməsi vacib əhəmiyyət daşıyır. Qarabağ iqtisadi rayonunun yaradılması “Qarabağ Azərbaycandır!” şüarının növbəti rəsmi ifadəsi idi. Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü ermənilərin “status” məsələsinə birdəfəlik son qoydu, Xankəndi, Xocalı və Xocavəndin taleyi ilə bağlı spekulyasiyaların üstündən xətt çəkdi. “Şərqi Zəngəzur” iqtisadi rayonunun yaradılması isə mühüm geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən hadisə oldu.

Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusi qeyd etməliyik. Məlumdur ki, həmin vaxt bəzi xarici ölkələrdə erməni lobbisinin təsiri altında olan siyasi dairələr qeyri-obyektiv və ədalətsiz mövqe tutaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və ölkəmizə qarşı şər-böhtan kampaniyası aparırdı. Türkiyənin Azərbaycanı dəstəkləməsi isə ermənipərəst xarici dairələri ciddi narahat edirdi. Müharibə dövründə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrində Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq aləmin diqqətinə çatdırması informasiya müharibəsində də dövlətimizin qələbəsini təmin etdi. Xüsusilə, Türkiyədən olan mətbuat nümayəndələrinin Prezident İlham Əliyevdən aldıqları müsahibələr, cəbhə bölgəsindən verdikləri məlumatlar və reportajlar beynəlxalq ictimai rəyin obyektiv şəkildə formalaşmasına mühüm təsir göstərdi.

Türkiyədən alınmış müasir silahlar Azərbaycanın hərbi əməliyyatlarda uğur qazanmasında böyük rol oynadı. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması iki dövlət arasında strateji münasibətlərin yüksək zirvəsi oldu. Sənəddə göstərilən müddəalar Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi, nəqliyyat, siyasi, eləcə də digər sahələrdə inkişaf üçün yeni prioritetlər müəyyənləşdirdi. Xüsusilə, Vətən müharibəsindən sonra yaranmış yeni reallığın nəticəsi olaraq Zəngəzur dəhlizinin açılması məsələsinin Bəyannamədə öz əksini tapması geosiyasi əhəmiyyət daşıdı. Xalqımız Türkiyə ilə yanaşı, digər ölkələrin də müharibə dövründə Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirir.

 Azərbaycan xalqı Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Müharibə dövründə şəhid olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirildi, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu.

Vətən müharibəsində qələbənin yekunlarından biri olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış layihələrinin sürətlə həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha göstərir. Bu ərazilərdə məcburi köçkünlərin məskunlaşmasının təmin edilməsi məqsədilə geniş quruculuq işləri aparılır, yollar salınır, enerji stansiyaları açılır, hava limanları fəaliyyətə başlayır. Bütün bunlar hər birimizdə böyük qürur və fəxarət hissi yaradır.

Azərbaycan dövləti bölgədə sülhün və sabitliyin yaradılmasının tərəfdarıdır. Prezident İlham Əliyevin çıxışlarında bildirdiyi kimi, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalı və sərhədlərin delimitasiyası prosesinə başlanılmalıdır.

Son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlər Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdir. Xalqımız 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük sevinc hissi ilə qeyd edir.

Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsidir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

"Azərbaycan" qəzeti

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir

Açıqlama
13.07.2015 / 16:13
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Press-relizlər
17.09.2018 / 11:31
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu

Lənkəranda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
18.02.2021 / 13:02
Ətraflı oxu

Şəmkirdə yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.07.2022 / 09:41
Ətraflı oxu