DQİDK-nın ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsinə dair MƏLUMATI

Xəbərlər / 06.09.2021 / 15:52

Bütün müasir demokratik dövlətlər kimi Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin edir və qoruyur. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı zəruri qabaqlayıcı tədbirləri görür və bu istiqamətdə bütün səyləri dəstəkləyir.

Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyəti ilə fərqlənmiş, milli maraqlarımızın təmin olunmasına, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına yönəlmiş siyasət həyata keçirmişdir. Bu baxımdan Dövlət Komitəsi də müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, onların nümayəndələri ilə görüşlər keçirir, konfranslar təşkil edir. Eyni zamanda, ayrı-ayrı beynəlxalq qurumların və xarici ölkələrin dərc etdiyi arayışlar yaxından izlənilir və təhlil olunur.

Təəssüf ki, bəzi beynəlxalq və xarici təşkilatlar bir sıra hallarda ölkəmizdəki dini vəziyyətlə bağlı ya qərəzli münasibətdən, ya da məlumatsızlıqdan irəli gələn, fakta əsaslanmayan, yanlış məlumatlar yayırlar. Halbuki, Dövlət Komitəsi həm ölkə daxilində, həm də xaricində keçirilən tədbirlərdə, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrində  Azərbaycanda mövcud dövlət-din modelini, dini etiqad azadlığının qorunması və həyata keçirilməsi sahəsindəki real vəziyyəti mütəmadi işıqlandırır, eləcə də vaxtaşırı informasiyalar yayır.

Dövlət Komitəsinin əməkdaşlıq etdiyi xarici qurumlardan biri də ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasıdır (U.S. Commission on International Religious Freedom - USCIRF). Dövlət Komitəsi bu təşkilatın hər il olduğu kimi cari ildə də yaydığı 2020-ci il hesabatına öz mövqeyini bildirmişdir.

Bu günlərdə ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası “Məzarlıqların dağıdılması” (“Destruction of Cemetries”) adlı arayış yaymışdır.

 Qeyd olunur ki, bu arayış hökumətlərin dini icmalara məxsus məzarlıqları mədəni irs kimi qorumaq öhdəliklərini müəyyən edən beynəlxalq insan hüquqlarını izah edir. Bununla bağlı 2018-ci ildən bu günə qədər qeyri-dövlət aktorları və hökumətin dəstəklədiyi qruplar tərəfindən “məzarlıqların baxımsızlığı, vandalizmi, təhqiredici hərəkət və məhvini” əks etdirən xüsusi nümunələrin olduğu bildirilir və Azərbaycan, Əlcəzair, Misir, Pakistan, Cənubi Afrika, Türkiyə və yəhudi məzarlıqları ilə bağlı iddialar əks olunur.

Təəssüf ki, çox vaxt olduğu kimi, bu arayışda da real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülmüşdür. Arayışın 2018-ci ildən sonranı əhatə etməsinə baxmayaraq, Azərbaycan üzrə bölməsində 2000-ci illərin əvvəllərinə aid edilən “Naxçıvan və Bakı üzrə iddialar” təkrarlanmış, azərbaycanlıların məzarlıqlarına qarşı ermənilərin vandal münasibətinin üzərindən ötəri keçilmiş, sənəddə “Yəhudi məzarlıqları” adlı ayrıca yarımbaşlıq olsa da, Ermənistanda 2020 və 2021-ci illərdə Holokost memorial abidəsinə və yəhudi məzarlığına qarşı vandallıq aktları əks olunmamışdır.

Bildiririk ki, ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində heç bir məzarlığın və ya qəbiristanlığın dağıdılması qeydə alınmamışdır. 44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməmişdir. Nəticədə döyüşlər zamanı heç bir dini abidə zərər görməmişdir. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləmişlər. Məsələn, döyüşlərin qızğın vaxtlarında Xankəndidə və digər işğal olunmuş şəhərlərdə olan ispan jurnalist Pablo Qonzales Azərbaycan Ordusunun yalnız hərbi hədəflərə atəş açdığını qeyd etmişdir: “Hər bir halda azərbaycanlılar dəqiq hədəflərə, məsələn, hava hücumundan müdafiə sistemlərinə zərbələr endirməyə çalışırdılar. Bilərəkdən mülki obyektlərə, o cümlədən otellərə və mülki əhalinin çox olduğu yerlərə toxunmurdular. Prezident sarayına belə atəş etmirdilər, baxmayaraq ki, istəsəydilər onu hədəf almaq çox asan idi - bina aydın görünürdü”.

Hərbi əməliyyatlar bitdikdən sonra işğaldan azad edilmiş ərazilərə baxış zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən yüzlərlə dini abidənin (həm müsəlman, həm də xristian) dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi əyani şəkildə görünmüşdür. Bu arayışda da azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, vandalizm aktları, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının "Human Rights Watch" təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar “Azərbaycan” adlı yarımbaşlıq altında qeyd edilmişdir. Bunu isə ölkəmizə qarşı qərəzin dəlili kimi qiymətləndirmək mümkündür. Bütün bu deyilənlər və arayışda “Ermənistan” yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir.

Təəssüf ki, arayışda Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası  mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması qeyd olunan sənəddə öz əksini tapmamışdır.

İşğal dövründə hətta qəbiristanlıqlara da aman verilməmişdir. Məlumdur ki, qəbiristanlıqlar ibadət yerləri və digər müqəddəs yerlər kimi, din və ya etiqad azadlığı hüququnun ifadəsinin zəruri elementidir. Azərbaycan vətəndaşlarının bu hüquqları 30 il ərzində dünya ictimaiyyətinin gözü qarşısında kobud surətdə pozulmuşdur. Belə ki, vətəndaşlarımız öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilmiş, ümumilikdə təqribən 900-dən çox  qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilmiş, ya da qəbir daşları sındırılmış, qəbirlər qazılaraq cəsədlər çıxarılmış, təhqir olunmuş, qəbirüstü abidələr talan edilmişdir. Mətbuatdan da bilindiyi kimi ermənilər hətta iki bacının qəbir daşları arasından səngər qazaraq onları ayırmışlar. Eyni zamanda qəbiristanlıqların ətrafı minalanmış, nəticədə onlarla vətəndaşımız həlak olmuşdur.

Həmçinin Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbül kimi mədəniyyət xadimlərinin heykəlləri gülləboran edilmiş, Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilmiş, Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi, Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələri dağıntılara məruz qoyulmuş, İbrahimxəlil xanın türbəsi (XIX əsr), eləcə də Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Qeyd edək ki, sözügedən vandalizm aktları tarixi Azərbaycan torpaqları olan İrəvan şəhəri və Zəngəzur mahalında da həyata keçirilmişdir

Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozmuşdur.

Azərbaycan hər zaman işğaldan azad olunmuş ərazilərində bütün mədəni və dini abidələrlə yanaşı qəbiristanlıqlara qarşı da törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bölgəyə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəf olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, müharibə zamanı "ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla təhqiredici hərəkətlərə yol verməyə" görə  AR Silahlı Qüvvələrinin iki hərbçisi həbs olunmuşdur. Amma 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan-müsəlman qəbiristanlıqlarını dağıtmış bir nəfərə belə cinayət işi açılmayıb.

Təəssüflər olsun ki, 30 illik işğal dövründə bəzi beynəlxalq qurumlar da məsələyə laqeyd münasibət bəsləmiş, Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərilməmişdir. Bununla belə, Azərbaycan UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatlarla konstruktiv dialoq aparır.

Qeyd etmək lazımdır ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa ediləcəyi bəyan edilmiş, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başladılmışdır - Əlaqələndirmə Qərargahı, işçi qrupları, o cümlədən Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə işçi qrupu yaradılmış, Strateji Fəaliyyət Planı hazırlanmışdır. Dövlət strukturları ilə yanaşı bərpa prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir. Hazırda bərpa layihələri uğurla icra edilməkdədir. Belə ki, qısa müddət ərzində Şuşadakı adıçəkilən mədəniyyət xadimlərinin heykəlləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi bərpa edilmiş, Vaqif Poeziya Günlərinin açılışı olmuş, Zəngilan, Laçın, Füzuli beynəlxalq hava limanlarının inşasına başlanılmış və s.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə yanaşı, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar, eləcə də xarici jurnalistlər azad edilmiş zonalarda missiyalarını həyata keçirərkən, qəbiristanlıqlara qarşı mənfur düşmənin törətdiyi vandalızm aktlarının nümunəsi olan Cəbrayıl rayonundakı məzarlığa da baş çəkərək bilavasitə şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar etmişlər.

Sonda qərəzli və obyektiv olmayan məlumatlardan dərin təəssüf hissi keçirdiyimizi bildirərək, bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək məsuliyyətini üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası sözügedən arayışa da bəzi məsələləri araşdırmadan daxil etmişdir. Komissiya illərdir Azərbaycana aid əsassız iddialar yayır, yoxlanılmamış məlumatları təkrarlamaqda davam edir və biz hər dəfə bu iddiaların əsassız olduğuna dair faktlar göstərməyə məcbur qalırıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan arayışların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir.

 

Son baxılan xəbərlər

Narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunub

Press-relizlər
23.12.2020 / 11:37
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Zərdabda “Erkən nikah, gender siyasəti və qadın hüquqları” mövzusunda seminar keçirilib

Press-relizlər
20.04.2021 / 15:06
Ətraflı oxu

Dövlət Komitəsində Anım tədbiri keçirilib

Press-relizlər
27.09.2021 / 17:10
Ətraflı oxu

Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib

Xəbərlər
20.10.2020 / 16:09
Ətraflı oxu

“İslam dini və dini mərasimlər” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
10.09.2021 / 16:25
Ətraflı oxu