Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Heydər Əliyev yolu milli inkişafın rəhnidir

Bu gün müasir dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma iqtisadi cəhətdən dövlətlərin bir-birinə daha sıx yaxınlaşması, informasiya mübadiləsinin sürətlənməsi, qlobal miqyaslı problemlərin dünya miqyasında həllində dövlətlərin əməkdaşlığı olsa da, milli mədəniyyətlərin aradan çıxmasını və milli-mənəvi dəyərlərin arxa plana keçməsini də şərtləndirmişdir.
Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlardakı fəaliyyətimiz, həmçinin bir çox dövlətlərlə ikitərəfli münasibətlərimiz Azərbaycanı dünyaya qovuşdurur, inteqrasiyasına təkan verir. Amma dünyaya qovuşmaq Azərbaycan xalqının özünəməxsusluğuna zərər vurmamalıdır. Ona görə də xalqımızın əldə etdiyi nailiyyətlər varislik, yaradıcı təkamül prinsipinə uyğun olaraq inkişaf etdirilərək gələcək nəsillərə ötürülməlidir. Bu baxımdan milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yeni dövrə uyğun olaraq inkişaf etdirilməsi, xarici siyasətimizdə müsəlman ölkələri və türk dünyası ilə münasibətlərimizin özəlliyi və digər bu kimi istiqamətlər diqqəti cəlb edir.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi.
İslam dünyasının bir parçası olan Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, bununla yanaşı, biz milli-mənəvi dəyərlərimizi və xalqımıza məxsus xüsusiyyətlərimizi də qoruyub saxlayırıq. Ümummilli lider Heydər Əliyev bununla bağlı fikirlərini hər zaman açıq şəkildə ifadə edirdi: “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda, Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”.
Milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Məhz bu amilə əsaslanaraq ümummilli lider hər zaman öz çıxışlarında vurğulayırdı: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik”.
Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ümummilli liderin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıq ideologiyasıdır. Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsinə, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ümummilli lider Heydər Əliyevin növbəti xilaskarlıq missiyasının başlanğıcı oldu. Məhz ulu öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanıldı, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar oldu. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapdı və Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” qanununda geniş şəkildə təsbit olundu.
Ulu öndər Heydər Əliyev milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb: “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik”.
Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirilib, konfessiyalar arasında dözumlülük mühiti yaxşılaşdırılıb, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində mövqeyini ortaya qoymaq ehtiyacı ilə üzləşdi. Yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyət şəraitində müstəqil dövlət quruculuğuna başlayan Azərbaycan üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir vaxtda vacib məsələlərdən biri də dövlətin din məsələlərinə münasibəti, ölkədə mövcud olan fərqli dini icmalara və konfessiyalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi hesab olunurdu. Zaman keçdikcə belə bir vacib sahənin idarə olunması mexanizmlərinin mərkəzləşdirilməsi, müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaradılması zərurəti aktuallığını daha da artırırdı. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi o dövrdə ölkəmizi böyük humanitar fəlakətlə üz-üzə qoymuş, humanitar yardım adı altında müxtəlif ölkələrin fondları, yardım təşkilatları respublikamıza ayaq açmağa başlamışdı. Və bu fondların, təşkilatların “humanitar yardım” adı altında bölgədə möhkəmləndikdən sonra missionerlik fəaliyyəti həyata keçirəcəkləri, öz ölkələrinin dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək istəyəcəkləri Heydər Əliyev kimi uzaqgörən siyasətçi üçün gün kimi aydın idi. Buna görə də ulu öndər 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılması barədə fərman imzaladı və dövlət komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoydu.
Xüsusi vurğulamaq lazımdır ki, dövlət-din münasibətlərini tənzimləyən hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılıb. Sonradan MDB-nin, eləcə də Avropanın bir sıra dövlətləri ölkəmizin təcrübəsindən yararlanaraq bu statusda dövlət qurumları təsis etməyə başlayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər və qanunvericilik bazası. Bu sahədə qanunvericiliyimizin əsasını təşkil edən ölkə Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” qanuna ötən müddət ərzində edilmiş əlavə və dəyişikliklər nəticəsində hüquqi bazamız daha işlək, daha demokratik format qazanıb.
Ölkəmizdə dini zəmində münaqişələrin olmaması insanların sərbəst şəkildə öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dinlə bağlı müəyyənləşdirdiyi siyasi kursun bir istiqamətini də müxtəlif beynəlxalq təşkilatlar, dini mərkəzlər, eyni zamanda, dünyəvi və teokratik üsul-idarəsi ilə idarə olunan dövlətlərlə ikitərəfli əlaqələrin qurulması təşkil edirdi. Bu mənada, İslam Konfransı Təşkilatı (İKT), Vatikan, Pakistan İslam Respublikası, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və digər dövlətlər və beynəlxalq təşkilatlarla qurulan əlaqələr çox böyük əhəmiyyətə malikdir. Beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi müstəqilliyini yeni bərpa etmiş dövlətimizin tanıdılması ilə yanaşı, müharibə şəraitində olan Azərbaycanın durumunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyırdı.
İslam Konfransı Təşkilatının 12 dekabr 1994-cü ildə Mərakeşdə keçirilən VII zirvə görüşündə iştirak edən ulu öndər Heydər Əliyev geniş və məzmunlu nitqində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasında işğal etdikləri Dağlıq Qarabağ regionunda və ona bitişik yeddi digər rayonda ən qədim mədəniyyət abidələrini məhv etdiklərini diqqətə çatdırıb: “...Bütün məscidlər dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, Qurani-Kərimin nüsxələri yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün izləri yer üzündən silinir...” Beynəlxalq aləmdə də böyük siyasi nüfuz sahibi olan ümummilli lider İKT-nin Kasablanka zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqini də söyləyib. Zirvədə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə əlaqədar və Azərbaycan Respublikasına iqtisadi yardım barədə qətnamə qəbul olunub. Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir, mülki azərbaycanlı əhaliyə qaşı törədilmiş hərəkətlər insanlığa qarşı cinayət hesab edilir, BMT qətnamələrinin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur. Digər qətnamə isə beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.
Ulu öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunda Azərbaycan Respublikasının müsəlman ölkələri ilə əlaqələri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində uğurla inkişaf edirdi. Ümummilli lider Heydər Əliyev 1994-cü il iyulun 13-də Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşərkən müxbirin sualını cavablandırarkən deyib: “...İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm...”. Səfər çərçivəsində Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi şəxslərlə danışıqlar aparıb. Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair baş saziş imzalanıb. Səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Səfər zamanı Prezident Heydər Əliyev müqəddəs Kəbəni ziyarət edib.
Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin dəvətilə bu ölkəyə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında əvəzsiz rol oynayıb. Ulu öndər Heydər Əliyev bu barədə fikirlərini bölüşərkən deyib: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.
Dərin tarixi köklərə malik Azərbaycan - İran münasibətləri ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa edəndən sonra yeni müstəviyə keçdi. Bu əlaqələrin daha da inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətləri böyükdür. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə sıx əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək bu ölkənin rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. 1992-ci ilin avqustunda İrana səfəri zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamneyi, Prezident Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.
1993-cü il oktyabr ayının 26-28-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bildirib: “Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik”. Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.
Müsəlman ölkələri ilə paralel olaraq Avropa dövlətləri, o cümlədən Vatikanla da münasibətlər ümummilli lider Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılsa da, iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsində Prezident Heydər Əliyevin Vatikana rəsmi səfərinin böyük rolu olub. 1997-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikana rəsmi səfəri zamanı Roma papası II İohann Pavellə görüşüb. Görüşdə Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyini vurğulayan ulu öndər Heydər Əliyev bildirib ki, Azərbaycanda insan hüquqları möhkəm qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir. II İohann Pavel də öz növbəsində qeyd edib ki, “Vatikan dövlətinin bütün katoliklərinin başçısı kimi mən də Ermənistan-Azərbaycan münaqişəsinin Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həllinə tərəfdar olduğumu bildirirəm və hamını da bu işə yardım göstərməyə çağırıram. Vurğulayıram ki, yeni müstəqillik qazanmış ölkələrin ərazi bütövlüyünün qorunması çox vacibdir, separatçılığa qarşı birgə mübarizə aparılmalıdır...”
2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı Roma papası II İohann Pavelin ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri zamanı Prezident Heydər Əliyev onun qarşılanması mərasimindəki nitqində Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırıb. Azərbaycanın dövlət başçısı II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinin dinlər arasında qarşılıqlı etimad və hörmətin gücləndirilməsinə xidmət etdiyini bildirib. II İohann Pavel isə çıxışında Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. Roma papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləyib. Vatikanın dövlət başçısı Bakıya səfəri zamanı Azərbaycanın katolik icmasının keçirdiyi mərasimdə iştirak edib. Heydər Əliyev II İohann Paveli qarşılayarkən çıxışında onun diqqətinə Ermənistanın Azərbaycana təcavüzü məsələsini və bu təcavüz qurbanlarının ehtiyaclarını çatdırıb: “Siz insanlar arasında şəfqət və rəhmdillik ideyaları təbliğ edir, ağır fəlakətə düşənlərə səbir və təsəlli diləyirsiniz. Azərbaycanda da belə fəlakət qurbanları var. Onlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz yurd-yuvalarını itirmiş bir milyondan çox azərbaycanlı qaçqınlardır. Bu insanlar Sizin xeyirxah sözünüzə, təsəllinizə ehtiyac duyurlar. Onlar haqqın öz yerini tutmasında Sizdən də kömək umurlar”.
2001-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə görüşündə bu səfəri Azərbaycanda yaşayan pravoslavlar üçün, eləcə də Rusiya-Azərbaycan münasibətlərində mühüm hadisə kimi qiymətləndirib. II Aleksi öz çıxışında Azərbaycan xalqına minnətdarlığını bildirib, rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı bölgə Yeparxiyasına göstərdiyi diqqətə, köməyə və dəstəyə görə Heydər Əliyevi rus pravoslav kilsəsinin birinci dərəcəli müqəddəs mömin Moskva knyazı Daniil ordeni ilə təltif edib.
Ulu öndərin digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri, beynəlxalq əlaqələrin dinamik inkişafı sahəsində bünövrəsini qoyduğu siyasət onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə müstəqillik illərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər sovetlər birliyi dağılan dövrdə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-dən çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük məscidi olan Heydər məscidinin 26 dekabr 2014-cü ildə açılışı olub.
Dövlət başçısının qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşmasının nəticəsində ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi də “İslam həmrəyliyi ili”ndə cənab Prezidentin göstərişi ilə bərpa edilərək istifadəyə verilib. Məscidin açılışında şəxsən iştirak edən dövlət başçısı dini ibadətgahların bərpa edilməsinin önəminə diqqət çəkib:
“Şamaxı rayonunda tarixi-dini abidələr çoxdur, onlardan biri də təbii ki, bu məsciddir. Ona görə əlbəttə, bizim borcumuz idi ki, bu qədim tarixi-dini abidəni bərpa edək, qapılarını dindarların üzünə açaq. Çox şadam ki, biz buna nail ola bilmişik. Bu, məscidin köhnə şəkilləridir, demək olar ki, burada ibadət etmək qeyri-mümkün idi. İndi isə biz məscidi bərpa etmişik. Bərpa zamanı qədim daşlardan istifadə olunub, yəni, məscidin tarixi görkəmi tam qorunub. Bu, təkcə sizin kənd üçün, Şamaxı üçün yox, bütün Azərbaycan, bütün müsəlman aləmi üçün çox əlamətdar hadisədir. Xüsusilə də bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Bax, bu gözəl tarixi-dini abidəni biz bu il istifadəyə veririk.”
Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Qısa müddətdə Cocuq Mərcanlı kəndi Böyük Qayıdışın başlanğıcı kimi bütün dünyaya səs saldı. Erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin tapşırığına əsasən, kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşası da ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir.
Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlət başçısı islam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir. Məscidin tikilməsi 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsinə dəyərli töhfədir.
Eyni zamanda, hazırda ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşlarının böyük əksəriyyəti müsəlmanlar olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Hələ 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə rus pravoslav kilsəsinə verilib.1999-cu ildə məbəddə bərpa işlərinə başlanılıb, 2001-ci ildə isə başa çatdırılıb. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 27 may 2001-ci il tarixində bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Kilsənin tərkibində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün “Bazar günü” məktəbi, böyüklərin katexizasiyası üzrə məktəb, həmçinin yeməkxana fəaliyyət göstərir.
2002-ci il mayın 22-23-də Roma papası II İohann Pavelin Azərbaycana səfərindən sonra ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Bakının mərkəzində Roma-katolik kilsəsi üçün yer ayrılıb, 2005-ci ildə məbədin tikintisinə başlanılıb. Sevindirici haldır ki, kilsənin tikintisinə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların nümayəndələri maddi yardım göstəriblər. Tikinti işləri 2006-cı ildə başa çatdırılıb, rəsmi açılış mərasimi 2008-ci il martın 7-də keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi Tarçizio Bertone iştirak ediblər.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ yəhudiləri üçün yeni ibadət ocağı inşa edilib, 5 aprel 2011-ci ildə sinaqoqun rəsmi açılış mərasimi keçirilib. Avropada ən böyük sinaqoqlardan biri hesab edilən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılıbdır. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra buradakı yəhudi icması beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmləndirib, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaradıblar.
Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin tərkibinə daxil edilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli-mənəvi dünyasına daha çox bağlı olsunlar.
Dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərmanla milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiyməti və dəstəyi bir daha nümayiş etdirdi. Prezidentin bu addımı, eyni zamanda, zəngin mənəvi irsimizin, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılmasına növbəti töhfəsidir.
Bu il aprelin 11-də xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə prezident seçkiləri keçirildi və xalqımız növbəti dəfə dövlət başçısı, möhtərəm Prezident İlham Əliyevə yüksək etimadını nümayiş etdirdi. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin etdi. Bu seçkilər, eyni zamanda, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi. Təsadüfi deyil ki, dövlət başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə seçkidən sonra - aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib. Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə 2017-ci il iyulun 2-də başlanılmışdı. Prezident İlham Əliyev məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Hacı Cavad məscidinin yeni binasının inşası da əksini tapıb. Son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlət başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir. Prezident İlham Əliyev Hacı Cavad məscidi dini icmasının üzvləri ilə görüşdə bu sahənin daim dövlət tərəfindən diqqətdə saxlanıldığını deyib: “Dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir”.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində təkcə ölkədə yeni məscidlər inşa etməyib, həm də bu torpaqlarda yüzilliklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib. Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu layihə çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Eyni zamanda, layihə çərçivəsində Bakıdakı pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib və s.
Ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, indi dünyanın bir çox ölkələri tərəfindən tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə, hər görüşdə vurğulanır. O model ki, memarı ulu öndər, müasir dövrlə uzlaşdırıb təkmilləşdirəni isə Prezident İlham Əliyevdir.
 
Mübariz QURBANLI,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini
"Azərbaycan" qəzeti 
09 may 2018-ci il 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Heydər Əliyev yolu milli inkişafın rəhnidir

    10 May 2018 17:48