Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Arye Qut: “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir”


Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan bir sıra digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün də doğma ev kimidir. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək yolu dövründən zəmanəmizə qədər mühüm rol oynayır. Azərbaycanda Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüquqları verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində milli azlıqların nümayəndələri, o cümlədən yəhudilər də olub. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut bu fikirləri bir neçə gün bundan əvvəl IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel sessiyasındakı çıxışında söyləyib.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, professor Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilən bu sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilmişdi.
İsrailli ekspert qeyd edib ki, qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı müharibəyə və təcavüzə rəğmən, dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin həlledici amili kimi qalmaqda davam edir. Arye Qut deyib: “Hətta 25 ildən çox bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxlamaqda davam edirdi. Bu gün Azərbaycan güclü müstəqil dövlət, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan çoxvektorlu müstəqil xarici siyasət yürüdür”.
Ekspertin sözlərinə görə, İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir. İsrailli ekspert deyib: “Prezident İlham Əliyevin beynəlxalq arenada mühüm, güclü və müstəqil aktora çevrilən Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər. İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir. İsrail artıq 25 il Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində real və həqiqi tərəfdaş kimi Azərbaycanı dəstəklədiyini nümayiş etdirib”.
Arye Qut xatırladıb ki, bir neçə il bundan əvvəl bütün dünya Osventsimin azad olunmasının 70 iliyini qeyd edib. O deyib: “Mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsiyəm. Beynəlxalq Holokost qurbanlarının xatirəsi günündə Bakıda keçirilən konfransda Akko şəhərinin meri Şimon Lankri ilə birlikdə mən də iştirak edirdim. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda bu konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin dəstəyi ilə təşkil edilmişdi. Konfransda mənim azərbaycanlı dostlarım və həmkarların faşist rejimi tərəfindən 6 milyon yəhudiyə qarşı törədilmiş qəddarlıqları və soyqırımını pislədiklərini bildirdilər. Həmin konfransda hiss etdim ki, azərbaycanlılar yəhudi xalqının ağrısını və iztirablarını öz ağrı və iztirabları kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi deyə bilərəm ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, Azərbaycan rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkədə həyat tərzi hesab edir. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaşlar kimi sülh şəraitində yaşayıblar, ortaq tarixi tale ilə bağlı olublar”.
İsrailli ekspert vurğulayıb ki, alman bürokratiyası yəhudilərin kütləvi şəkildə məhv edilməsini “yəhudi məsələsinin birdəfəlik həlli” kimi kodlaşdırmışdı, Avropa yəhudiləri gettolarda, cəza düşərgələrində, “ölüm marşları” zamanı və kütləvi gülləbaran nəticəsində məhv olurdu. Arye Qut deyib: “XX əsrin sonunda və XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qırılması və qətlə yetirilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların əsası olub, bütün başqa problemlər bunların ətrafında yaranıb. Mənim xalqımın faciəsi olmuş Holokost uzun müddət qapalı mövzu olub. Məhz bu səbəbdən Azərbaycanın mən Xocalı şəhərində törədilmiş qanlı və vəhşicəsinə soyqırımı aktı mənim şəxsi ağrım, şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi şəhər və kənd adları qəddarlıq və qeyri-insanilik rəmzlərinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu. Xocalı faciəsi bütün bəşəriyyətə qarşı cinayətdir. Bu bir danılmaz tarixi faktdır ki, Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış Xocalı sakinlərindən faktiki olaraq heç birinə erməni silahlı qüvvələri və muzdlu dəstələr tərəfindən rəhm edilməyib. Erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində Xocalı sakinlərindən 613 nəfəri qətlə yetirilib, 487 adam şikəst olub, 1275 dinc sakin – qocalar, uşaqlar və qadınlar əsir düşərək təsvirəgəlməz əzablara, təhqirlərə və alçaldılmağa məruz qalıb. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsi yalnız bir səbəblə bağlı idi – onlar hamısı azərbaycanlı idi. Siz mənə deyin, indiki erməni faşistləri İŞİD-in müasir qanlı terrorçularından nə ilə fərqlənirlər?”.
Qutun fikrincə, günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə bu vəhşicəsinə qəddarlığı heç nə ilə izah etmək mümkün deyil. İsrailli ekspert deyib: “Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, həmçinin Robert Koçaryan və başqaları həmin soyqırımının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Bu gün faktdır ki, Ermənistanda Droya və Njdeyə münasibətdə genişmiqyaslı pərəstiş yaradılıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. Vurğulayıram: bu faşistlərin şəxsiyyətinə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir – bu əməllərin arxasında dövlət dayanır. İş o həddə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradılandan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji araşdırmalar İnstitutu bu yeni strukturla əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Mənim fikrimcə Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji araşdırmalar İnstitutuna 30.000-dən çox yəhudini məhv etmiş faşistin və antisemitin adının verilməsi – həyasızlığın ən yüksək həddi deməkdir.
Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi bu ölkədəki - dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Arye Qut vurğulayıb: “Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şərait yaradılmasını stimulaşdırmağa səy göstərir”. İsrailli ekspert qeyd edir ki, Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb.
İsrailli ekspert sonda deyib: “İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə əsaslanır. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşlar kimi dinc yanaşı yaşayıblar, bu gün də belədir, onlar ortaq tarix və ortaq tale ilə bir-birinə həmişəlik bağlıdırlar”. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt