Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam maraqların deyil, dəyərlərin həmrəyliyidir


Tarixən çoxkonfessiyalı məkan olan Azərbaycanda müxtəlif dinlərin (xristian, yəhudi) nümayəndələri özlərinə ömürlük sığınacaq tapmışlar. Bu gün isə paytaxt Bakı və bir sıra regionlarda bütün dinlərin nümayəndələrinə öz milli adətlərini, dini ayinlərini sərbəst şəkildə icra etmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılmış, məbədlər, sinaqoqlar, kilsələr tikilmişdir.
Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının və intibahının əsas mərkəzlərindən biri olmuş, İslam dininin maddi və mənəvi irsinin formalaşmasında yaxından iştirak etmişdir. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i keçmişdir. Bu məscidlərin 300-dən çoxu tarixi-mədəni abidələr siyahısına salınmışdır. İslam mədəniyyətinin qiymətli abidələrindən olan və 743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi, həmçinin Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri və Gəncə şəhərindəki “İmamzadə” ziyarətgah kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuşdur. Bakı şəhərində Cənubi Qafqazın ən möhtəşəm məbədi - Heydər məscidi inşa edilmişdir. Bütün bunlar Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısının nəticəsidir.
Hazırda aktuallığını getdikcə artıran, təəssüf ki, hələ də tamamilə həllini tapmayan qlobal problemlərdən biri də tarixi, coğrafi, iqtisadi, mədəni prespektiv üçün önəmli olan ümumdünya İslam birliyi və həmrəyliyi məsələsidir. İslam həmrəyliyi müsəlman ölkələrinin siyasi elitalarının təkcə hansısa təşkilatlarda birləşməsi, bir masa arxasında müzakirələr aparması deyil, müsəlman ölkələrinin, onların vətəndaşlarının ortaq müqəddəs dini dəyərləri əsas tutaraq vahid strategiyada birləşməsi deməkdir.
Mövzu ilə bağlı məsələnin həlli və digər problemlər əsrlər boyu qabaqcıl İslam alimlərini, ziyalıları, mütərəqqi fikirli dövlət və din xadimlərini düşündürmüşdür. Demək olar ki, hər bir müsəlman dövlətində, cəmiyyətində regional, milli, etnik, mədəni və ənənə baxımından fərqliliklər mövcuddur. Lakin bu fərqliliklər səbəbindən bir müsəlman dövlətinin və ya qrupun özünü haqlı hesab edərək, digərlərinə qarşı çıxması, onlarla dialoqu kəsməsi, ortaq dəyərlərdə razılaşma əldə edə bilməyib digərini yad, hətta rəqib kimi görməsi, siyasi arenada təklənməsinə göz yumması halları mövcuddur.
Təəssüf ki, bu gün  dünyada ki, İslamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan anti-islam şəbəkələr var. Onların yaratdığı mənfi imic, etiraf etməliyik ki, əslində, bəzi hallarda İslamın daxilindəki qeyri-stabil  durumdan, parçalanmadan, təhsilsizlikdən, cahillikdən qaynaqlanır. Nəticədə İslamı təhrif etmək, İslam dəyərlərinin təbliği pərdəsi altında hakimiyyəti ələ keçirib şəriət dövlətləri yaratmaq, məscidləri ibadətgahlardan siyasi tribunaya çevirmək, 14 əsr öncəki həyat tərzini zorla müasir insanlara qəbul etdirmək, Quran ayələrini yanlış təfsir edərək, Allahın, Peyğəmbərin adından hökmlər vermək və digər mənfi hallara rast gəlinir.
Hazırda İslam dünyasında ictimai-siyasi durum dini siyasi alətə çevirmək cəhdləri, təriqətlər, cərəyanlar və məzhəblərarası savaşlar, dini maarifsizlik səbəbindən qeyri-stabildir. Bütün bunların fonunda vətəndaş müharibələrinin getdiyini, yüzlərlə, minlərlə günahsız müsəlmanın qətlə yetirildiyini müşahidə edirik. Dolayısı ilə eyni millətin nümayəndələri arasında ixtilaf salınmasında din amilindən istifadə olunur. Bu cür daxildən pozucu yanaşmalar isə şübhəsiz ki, xarici dairələrə öz məkrli niyyətlərini həyata keçirmələrinə şərait yaradır.
Qarabağ, Qəzza, Kosova, Kəşmir, Arakan, Suriya, İraq  kimi müsəlman bölgələrində minlərlə insanın öldürüldüyünün, uşaqların yetim qaldığının, vəhşiliyin və zorakılığın tüğyan etdiyinin şahidi oluruq...
Regional inteqrasiya prosesi sosial, iqtisadi, mədəni və siyasi inkişafa təkan verən amillərdəndir. Bu prosesi koordinasiya edən regional təşkilatların təsis etdikləri əməkdaşlıqlar regiondakı ölkələrin çoxtərəfli əlaqələrinin inkişafına səbəb olur. Həmçinin dünyadakı, regionlardakı siyasi, iqtisadi, hərbi, ekoloji, terrorizm, narkomaniya  və s.  problemləri dövlətlərin səylərini, güclərini birləşdirmədən aradan qaldırmaq qeyri-mümkündür.
Müsəlman ölkələri arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirilən işbirliyi qurumun üzv ölkələri arasında siyasi, iqtisadi, humanitar sahədə münasibətlərə köməklik göstərsə də, həll olunmamış çox sayda problem qalmaqdadır. Dünya siyasətində və müsəlmanlar yaşayan regionlarda cərəyan edən bir sıra mənfi və müsbət proseslər İslam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini ön plana çıxarır. İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulan işbirliyi bölgənin tərəqqisinə gətirib çıxaracaq. Bunun üçün müsəlman quruluşlar, müxtəlif təşkilatlar, vəqflər, media nümayəndələri müsəlmanlar arasındakı ayrı-seçkiliyin aradan qaldırılması və birliyin yaranması üçün səy göstərməlidirlər.
İslam həmrəyliyi təkcə mövcud gərgin vəziyyətlərdən çıxış üçün lazım olan siyasi tələbat, siyasi maraq kimi qəbul edilməməlidir. Çünki birlik, dostluq, qardaşlıq, sevgi, yardımlaşma kimi insani dəyərlər məhz müsəlman olmağın əxlaqi tələblərindəndir. Və bütün bunlar dinimizin müqəddəs kitabı Qurani-Kərimdə öz əksini tapır: “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar” (Ali-İmran surəsi, 105). Və yaxud da, möminlərə “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir” (Ənfal surəsi, 46) ismarışı verən Allah bunun müsəlmanları zəiflədəcəyini bildirərək, onlardan daim bir yerdə, həmrəylik və birlik içində yaşamalarını tələb edir. İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) də müsəlmanlar arasında qardaşlığın yaranmasına, birlik və bərabərliyin qorunmasına, hörmət-sevgi hisslərinin dərinləşməsinə çalışmışdır.
İslam həmrəyliyinin və onun müsəlman dünyasına bəxş edəcəyi sülhün, firavanlığın, kəsb edəcəyi əhəmiyyətin fərqində olan İslam ölkələrinin dövlət xadimləri, qabaqcıl ziyalıları, din xadimləri müsəlman dünyasında birlik və bərabərlik, sevgi, hörmət, mərhəmət, tolerantlıq mühiti yaratmaq üçün səyləri artırmalıdırlar.
Müsəlman ölkələrinin ehtiyaclarının ödənilməsi, haqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi ilk öncə müsəlmanların vahid məsuliyyətidir. Bunun üçün İslam dünyası istər öz arasında, istərsə də beynəlxalq siyasətdə həmrəy olaraq təmsil edilməli, bir masa arxasına gəlməli, bütün problemləri, onları yaradan səbəbləri birgə həll etməli, onlardan qurtuluş yollarını axtarıb tapmalı, hərbi, siyasi və iqtisadi baxımdan vahid blok olmalıdır.
Tarix göstərir ki, cəmiyyət özündəki dəyərlərə sahib çıxdıqda yüksələ bilir. Bu dəyərlərin ən vacibi isə birlik və bərabərlikdir. İslam həmrəyliyi bütün dünyanı sülhə səsləyir. Belə olacağı təqdirdə müsəlman ölkələri hərbi sənayeyə, müharibələrə ayırdıqları büdcəni azaldacaq, bu sərmayələr cəmiyyətin rifahı naminə təhsil, elm, sağlamlıq və mədəni sahələrdə inkişafı üçün istifadə olunacaq. Həmçinin də İslam həmrəyliyi müsəlman ölkələrinə bir-birinin təcrübələrindən daha çox faydalanmalarına şərait yaradacaq. Həmrəylik fərqli qruplara bölünən, bir-birinin yazdığı kitabı oxumayan, bir-birinin məscidində namaz qılmayan, kiçik fikir fərqliliyinə və digər süni ayrı-seçkiliklərə görə din qardaşına düşmən olan müsəlmanların birliyini təmin edəcək, onları inkişafa yönəldəcək.
Azərbaycanda İslam dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul edilir. Cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rola sahib bu din ölkəmizdə yaşayan xalqları bir-birinə bağlayan ən böyük mənəvi sərvətlərdən, ortaq dəyərlərdən biridir. Bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də İslam ölkələri ilə hərtərəfli münasibətlərin inkişafı, müsəlman dünyasında qardaşlığın, həmrəyliyinin daha da möhkəmləndirilməsidir. Ölkəmiz İslam ölkələrinin bir araya gəlməsində bütün imkanlardan istifadə edir.
Ümummilli lider Heydər Əliyev müsəlman ölkələrinə səfərləri zamanı dövlət başçıları ilə yanaşı, din xadimləri ilə də yüksək səviyyəli görüşlər keçirmişdir.  Bu gün isə onun daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham ?liyevin xarici siyasətində Şərq amili daim önəmli yer tutur. İslam ölkələri və İƏT ilə münasibətlər yüksələn xətlə inkişaf edir.
Azərbaycan İƏT-in ən fəal üzvlərindədir və bu gün İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığına böyük ehtiyac duyduğu bir vaxtda “İslam Həmrəyliyi ili” təşəbbüsünü irəli sürür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsində əsas məqsəd İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir. Azərbaycan bu ildə də multikulturalizmin, tolerantlıq və dinlərarası dialoqun inkişafına, dünyada sülh, sevgi, dostluq, həmrəylik kimi İslami dəyərlərin təbliğinə öz töhfəsini verəcək.
Dinlərarası və sivilizasiyalararası faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mümkün bütün imkanlardan istifadə edən Prezident İlham Əliyev “həmrəylik, qlobal sülh və əməkdaşlıq” hərəkatının əsas təəssübkeşlərindəndir. O, qlobal miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq, məzhəblər arasında etimad yaratmaq, müasir düşüncə tərzini yaymaq, cəhalətdən uzaqlaşmaq kimi məsələlərin vacibliyini vurğulayır.
Müşahidələr göstərir ki, Səudiyyə Ərəbistanı, İran, Qətər və s. müsəlman ölkələri İslamın hər hansı bir məzhəb və ya təriqətini konstitusion səviyyədə rəsmi normaya çevirib, dövlət siyasətinin əsası elan ediblər. Qardaş ölkə Türkiyədə müxtəlif dini camaatlar qeyri-qanuni yollarla, zorakı vasitələrlə siyasətə daxil olaraq dövlətin əsaslarını dağıtmağa çalışır. Əfqanıstan, Suriya, İraq və digər ölkələrdə daxili gərginlik, silahlı toqquşmalar, günahsız insanların kütləvi qətliamı durmaq bilmir.
Belə bir şəraitdə dünyada sabitlik, tolerantlıq, vəhdət, multikulturallıq nümunəsi olan  Azərbaycan İslam həmrəyliyini yaratmaq, bu prosesə öz töhfəsini vermək iqtidarındadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin bu fikirləri İslam ölkələri arasında həmrəyliyin yaranmasına və möhkəmlənməsinə ən bariz nümunədir: “Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, İslam Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda birliyimizin, müsəlman aləmində gənclərin, media mənsublarının həmrəyliyi günləri olacaq.
Bu gün İslam ölkələrində baş verən hadisələr, bu dövlətlər qarşısında duran çağırışlar İslam həmrəyliyini aktual məsələyə çevirir. Yer kürəsinin ayrı-ayrı nöqtələrində münaqişələrin cərəyan etdiyinin, islamofobiyaya rəvac verən aqressiv siyasətin yürüdüldüyünün şahidi oluruq. İslam adına ləkə olan müsəlman əsilli terrorçuların törətdikləri cinayətlər islamofobiyanın əsasını təşkil edir. Buna rəvac verən ən önəmli məsələ isə dini elmsizlikdir. Bu, həm cinayətləri həyata keçirən müsəlmanlara, həm də onların əməllərinə görə İslam dininə terror damğası vuran xarici dairələrə aiddir.
Bəşəriyyəti sülhə, barışa, insan haqqına girməməyə çağıran İslam dini və onun təməlini təşkil edən Qurandan xəbərsizlik səbəbindən, çox təəssüf ki, hər hansı müsəlman ölkəsinin vətəndaşının siyasi və digər səbəblərə görə törətdiyi terrorlar İslamın adına çıxarılır. Belə bir vaxtda dövlət başçımızın bütün dünyaya sülh, birlik, humanizm, barış mesajları verməsi ölkəmizin multikultural dəyərlərin daşıyıcısı olduğunu sübuta yetirir: “Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir”.
İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə biz İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəmizi veririk. Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi mənfi meyillərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşı olmalıdır. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir.



Turan Babaşova,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 
Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı

"İki sahil" qəzeti
12 aprel 2017-ci il



Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt