Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyi müsəlman dünyasının xilasıdır


Son dövrlər dünyada, xüsusilə də Qərbdə baş verən humanitar böhranların əsas səbəbi kimi dini və etnik amil qabardılır, baş verənlərə İslam donu geyindirilməyə çalışılır. Bütün bunların obyektiv və subyektiv səbəbləri var. Bunlar əsasən dini təlimlər keçən insanların özlərinin dini bilgilərinin kifayət qədər olmaması, eləcə də cəmiyyətdə insanlar arasında dünyəvilik ideyasından çıxış edərək etiqad məsələlərini gözardı etməyin nəticəsində yaranır. 
Bu yazıda əsas diqqət İslam həmrəyliyinin müsəlman dünyası üçün əhəmiyyətinə, bunun təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda, bütün dünya üçün önəminə toxunaraq həm İslam daxilində gedən problemlərə, həm də İslam və digər dinlər arasında gedən proseslərə yönəlib. 
Müasir dünyamızda irqçiliyin bir forması kimi islamofobiya getdikcə daha çox aktuallaşmağa başlamışdır. Bu gün demokratiyanın beşiyi hesab edilən Avropa ölkələrinin bir çoxunda İslam və müsəlmanlar əleyhinə şüarlar istər hakimiyyətdə olan, istərsə də hakimiyyətə gəlmək istəyən qrupların siyasi ritorikasının əsas məzmununu təşkil edir. Onlar İslamı demokratiyanın antonimi və qadınlara qarşı zorakılıqla xarakterizə edərək, islamofob davranışların artmasına gətirib çıxaran təbliğat aparırlar. Bu səbəbdən məqalədə həm İslam daxilində gedən proseslər, həm də qeyri-islam kontekstində aparılan antiislam siyasəti ilə bağlı məqamlar yer alır. Bütün bunları nəzərə alaraq, əsas diqqəti ilk olaraq İslamdaxili proseslərə yönəltmək istərdim. 
Bu gün dünyanın 67 ölkəsində silahlı münaqişələr və müharibələr davam edir. Münaqişələrdə 750-dən çox qrup və dövlət iştirak edir. Təəssüflə qeyd edilməlidir ki, bu münaqişələrin əksəriyyəti ya müsəlman dövlətlərində baş verir, yaxud da müsəlmanlar həmin münaqişələrdə bu və ya digər şəkildə iştirak edirlər. Bir fakt da qeyd edilməlidir ki, müsəlmanların iştirak etdiyi əksər münaqişələrin kökündə məzhəb fərqliliyi dayanır. Aparılan tədqiqatlar göstərir ki, müsəlman ölkələrində hökm sürən radikal məzhəbçilik onları bölən əsas məqamlardan birincisidir. Bəzi ölkələrdə İslamın bir məzhəbinin nümayəndələrinin 50 faizdən çoxu digər İslam məzhəbinin nümayəndələrini müsəlman hesab etmir. Yəni Quran və İslam dəyərlərinin Afrikada, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada müxtəlif şəkildə və fərqli interpretasiyası aparılır. Nəticə etibarı ilə İslam dəyərləri Yaxın Şərqdə ərəb dövlətləri və İran arasında, Yaxın Şərqlə Türkiyə arasında özünü fərqli göstərir. Keçirilən sorğuların nəticələri göstərir ki, 39 müsəlman ölkəsindən 32-də insanların böyük əksəriyyəti İslamda bir doğru yolun olduğu, digər alternativ izahların isə məqbul hesab edilmədiyi qənaətindədir. Bütün bunlarla yanaşı, əsas məqamlardan biri də dünya enerji ehtiyatlarının böyük hissəsinin müsəlman ölkələrində yerləşməsinə baxmayaraq, onlardan səmərəli şəkildə istifadə edilməməsi və müsəlman ölkələri arasında enerji sahəsində mübadilənin zəif olmasıdır. Dünya neft ehtiyatlarının 62,8 faizinin, qaz ehtiyatlarının isə 60,3 faizinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin payına düşməsinə baxmayaraq, bu 57 dövlət dünya üzrə Ümumi Daxili Məhsulun cəmi 15 faizini verir. Deməli, xristian dünyasının birləşdiyi kimi birləşmək, öz təbii resursları hesabına əldə edilən gəlirləri müsəlman ölkələrinə yatıraraq həm iqdisadi cəhətdən zəif olan müsəlman ölkələrinin potensialını gücləndirmək, həm də qurulan qarşılıqlı münasibətləri daha da möhkəmləndirmək cəhdləri zəifdir. İslam daxilində mövcud problemlərdən biri də odur ki, Xristianlıqdan fərqli olaraq, İslamın təbliği müasir dövrlə uzlaşdırılmır, əksinə, gedən proseslərin və inkişafın əksi sübut edilməyə çalışılır. 
Yuxarıda qeyd edilən islamdaxili səbəb və problemlərlə yanaşı, qeyri-islam müstəvidə (Qərb dünyasında) antiislam ideologiyası və siyasətinin geniş yayılması islamofobiyanı gücləndirən əsas amillərdəndir. Bu gün cəmiyyətimiz daha dinamik, müxtəlif və mürəkkəbdir. Eyni zamanda, etnik və mədəni cəhətdən daha çox plüraldır. Bunun əsas səbəblərindən biri miqrasiya nəticəsində Qərbdə yeni nəslin ən azı iki müxtəlif mədəni irsin daşıyıcısı olmasıdır. Məsələn, vaxtilə Avropaya müsəlman və qeyri-müsəlman ölkələrindən gələn miqrantların ikinci və üçüncü nəsli həm “Köhnə dünya”nın, həm də ata və babalarının mənsub olduqları mədəniyyətin elementlərini özlərində daşıyırlar. Daha dəqiq desək, ikili mədəniyyət daşıyıcılarıdırlar. Eyni zamanda, Avropanın “köklü” sakinlərinin qocalması və yeni nəsil ilə yerdəyişməsi xristian təəssübkeşlərini düşündürməyə bilməz. Onlar öz dini və mədəni irslərinin İslam ilə yerdəyişməsinə imkan verməmək üçün bu dini həm öz daxili problemləri, həm də özlərinin əllərində olan imkanlar hesabına gözdən salaraq bütün ssenarini İslam üzərində qururlar. Son günlər Qərb dairələrinin dilindən düşməyən “radikal İslam” da siyasi ideologiya çərçivəsində həyata keçirilən islamofobiya siyasətinin nəticəsidir. Fransız politoloq Roy Oliviyerin ifadəsi ilə desək, radikalizmin islamlaşdırılması siyasəti aparılır. Avropada azlıq təşkil edən müsəlmanların ibadət yerlərinin kifayət qədər olmaması və təşkilatlanması üçün lazımi şəraitin yaradılmaması, əksinə, xristian dəyərlərinin geniş təbliği, dövlətlə kilsə arasında münasibətlərin daha üst səviyyədə qurulması, nəticədə, müsəlmanların gedən proseslərdən və cəmiyyətdən izolyasiya edilərək inteqrasiya olunmalarına maneələrin yaradılması bunun əyani sübutudur. Bütün bunlar İslam dini və müsəlmanlarla bağlı stereotiplərin güclənməsinə gətirib çıxarır. 
Prezident İlham Əliyev dünyada İslama qarşı çirkin kampaniya aparanları nəzərdə tutaraq deyib: “Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.
Belə olduqda İslam həmrəyliyinin gücləndirilməsi və müsəlman dünyasının hərəkətə keçməsi, sahib olduğu dəyərlərin demokratiyanın formalaşmasında əsas kimi çıxış edən bir dəyər olduğunu, hökm sürən xürafatı təhsil vasitəsilə aradan qaldıraraq intibahına nail olmaq, öz aralarında baş verən ixtilaf və münaqişələrə son verərək təkcə münaqişələrə son vermək baxımından deyil, həm də dünyada layiqli yer tutmaq, insanlara əlverişli həyat bəxş etmək baxımından da zəruridir. 
Təbii ki, İslam dünyasında bu təşəbbüsləri irəli sürən və ümumi rifaha xidmət edən iradəni ortaya qoyan müsəlman ölkələri az da olsa, var. Bunlardan biri də Azərbaycandır. Dünyəvi qanunlarla idarə edilən və əhalisinin 96 faizi müsəlmanlardan ibarət olan ölkəmiz multikultural dəyərlərə və tolerantlığın təşviqinə verdiyi töhfələrə görə dünyada nümunə kimi qəbul edilir. 
Azərbaycanın etnik və mədəni coğrafiyası imkan verir ki, dünyada sülhün və həmrəyliyin möhkəmlənməsinə töhfə versin. Artıq ölkəmiz öz multikultural dəyərlərinə sadiqliyini sübut edərək beynəlxalq ictimaiyyətə çatdırdı ki, müxtəliflik əslində bəşəriyyətin əvəzolunmaz xəzinəsidir.
İslam meydana çıxdığı dövrdən (VII əsrin ortalarından) etibarən Azərbaycanda yayılmağa başlamış, azərbaycanlılar üçün təkcə din yox, həm də ölkə mədəniyyətinin formalaşmasına təsir göstərmiş, eləcə də mövcudluğumuzu şərtləndirmişdir. Bu baxımdan Azərbaycanın 14 əsrlik mədəni yüksəlişini, elmi nailiyyətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil. Bu nöqteyi-nəzərdən İslam həmrəyliyi ideyası həm də İslamın mahiyyətindən doğan digər dinlərə hörmət və tolerantlığı ehtiva edir. 
Harmoniya və həmrəylik əldə etmiş müsəlmanlar ayrı-seçkiliyə məruz qalmadıqca başqa dinlərə də yalnız barış və hörmət nümayiş etdirəcəklər. Bu baxımdan 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizi bu prosesin avanqardına çevirir. “İslam Həmrəyliyi İli” yalnız din sahəsini deyil, eyni zamanda, müsəlman ölkələrinin həm sosial-iqtisadi, həm siyasi, həm də mədəniyyət sahəsində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir və onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavabdır. 
“İslam Həmrəyliyi İli” bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. Bu, Azərbaycanın təşəbbüsü ilə dünyaya yeni çağırışdır. Və həm də müasir dünyanın mübtəla olduğu irqçilik, ksenofobiya və islamofobiya mərəzlərinə qarşı ən yaxşı məlhəmdir.

Rəfi Qurbanov
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini

"Yeni Azərbaycan" qəzeti
28 mart 2017-ci il


Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt