Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Multikulturalizm xalqımızın həyat fəlsəfəsidir


Azərbaycan İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir.
Ölkəmizin bu sahədə qazandığı mükəmməl təcrübə artıq dünyanın öyrəndiyi modeldir. Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Respublikamızda yaşayan hər bir etnik azlığın və hər bir xalqın təmsilçilərinin mədəniyyəti, mənəvi dəyərləri müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təsbit olunur. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir. Ayrı-ayrı etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada mehriban, dostluq, qardaşlıq mühitində yaşayırlar.
Azərbaycan üçün əsas mühüm xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir. Heç şübhəsiz ki, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur. Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpasını, bir neçə il öncə Bakıda katolik kilsəsinin inşa olunmasını, eyni zamanda 2011-ci ildə yeni sinaqoqun tikilib istifadəyə verilməsini Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsi saymaq olar. Hələ 2002-ci ildə Roma Papası II İohan Pavel respublikamıza tarixi səfərində ölkəmizdə dini tolerantlıq ənənələrinin güclü olduğunu, Azərbaycanın müxtəlif xalqların və dinlərin mənəvi dəyərlərini özündə bir araya gətirdiyini söyləyərək xristian dininə sitayiş edənlərin burada digər dinlərin təmsilçiləri ilə sülh şəraitində, dinc, yanaşı yaşadıqlarını, bunun isə ancaq tolerantlıq və qarşılıqlı hörmət nəticəsində mümkün olduğunu bildirib.
2016-cı ildə ölkəmizə səfər edən Roma Papası Fransisk Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanın bu günə qədər keçdiyi yolun dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərdiyini vurğulaması və bu yolun multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkünlüyünü dilə gətirməsi heç də təsadüfi deyil.

Müxtəlif xalqlar arasında etimadın möhkəmlənməsində və cəmiyyətin tərəqqisində multikulturalizmin inkişafı vacib şərtdir.
Ölkəmizdə ayrı-ayrı dinlərə, xalqlara  mənsub olan insanlar arasında tarix boyu xoş münasibətlərin mövcud olması reallıqdır. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra bu ənənə daha da güclənib və bu gün xalqımızın ən mühüm nailiyyətləri sırasında yer alır. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən  xalqımız məhz Ulu Öndər Heydər Əliyevin sayəsində tarix boyu daşıdığı tolerantlıq və multikulturalizm dəyərlərini inkişaf etdirdi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin göstəricisi olaraq Azərbaycan, həm də dünyada son illər daha da aktuallaşan mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrini verir. Bu mənada bu gün Azərbaycan  beynəlxalq miqyasda təkcə karbohidrogen ehtiyatları ilə tanınmır. Enerji resursları ilə zəngin ölkəmiz, eyni zamanda humanist dəyərlərə sadiq, multikulturalizm prinsiplərini dünyada yayan ölkə kimi qəbul olunur. Azərbaycanda bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, tolerantlıq və multikulturalizm ölkələrin və xalqların tarixin hər bir mərhələsində keçdiyi yoldan asılı olaraq yaranan və humanizm prinsiplərinə söykənən dəyərlər toplusudur.
Multikulturalizm xalqımızın tarix boyu formalaşan və inkişaf edən dəyərlər toplusu kimi həmişə mövcud olub. Bu gün isə reallıq odur ki, multikulturalizm Azərbaycan dövlətində əvəzi olmayan yaşam tərzinə çevrilib. Uğurlu dövlət siyasəti sayəsində Azərbaycanda multikulturalizmin yeni keyfiyyət mərhələsinə yüksəlməsi reallıqdır. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir.

Azərbaycan mədəniyyətlər və dinlərarası dialoq üçün mərkəzə çevrilib
Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoq ücün  mərkəzə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır. Dünyada xalqlar arasında etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və xalqımızın tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycanda 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu forum göstərir ki, mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə inkişafı yönündə Prezident İlham Əliyevin təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Çünki “Bakı prosesi” adı ilə məşhur olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı şəxsən Prezident İlham Əliyevdir. “Bakı prosesi”nin əsası 2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin iclasında Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub. Ötən illər ərzində bu forum qloballaşdığı qədər müxtəlif olan dünya birliyini narahat edən ən mühüm məsələlərə dair fikir mübadiləsi aparmaq üçün hamı tərəfindən qəbul edilən platformaya çevrilib. Ona görə “Bakı prosesi” artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur və dəstəklənir. Bu, dünyada keçirilən yeganə tədbirdir ki, burada adətən bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə də böyük maraq oyadır.
Ötən ilin aprel ayında isə Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Bununla bağlı qərar 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında qəbul edilib. Bu qərarın qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Eyni zamanda, bu tədbirin Azərbaycanda keçirilməsi barədə beynəlxalq təşəbbüs onu göstərir ki, tolerantlığın məkanı və multikultural ənənələrə sadiq olan Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafı, mədəni müxtəlifliyin qorunub saxlanması, sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi və mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur.
Ümumiyyətlə, Azərbaycanın əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti öz  növbəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Xüsusilə qeyd etməliyik ki, artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Artıq bir neçə ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin,  humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir.
Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.
Ölkəmizin bu sahədə formalaşdırdığı zəngin ənənələr dünyanın ən nüfuzlu elmi mərkəzləri tərəfindən diqqətlə tədqiq edilir. Dünya bu qiymətli ənənələrdən bəhrələnməyə çalışır. Bütün bunlar xalqımızın mənəvi dəyərlərinin dünyada təbliğinin nəticəsidir. Bu nəticələrin əldə olunmasında, xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var. Ona görə multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanılması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində indiyədək ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb.
Azərbaycan Prezidentinin siyasi iradəsi və dəstəyi, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu gün ölkəmizdə multikulturalizm ideyası müstəvisində aparılan müzakirələr, Bakıda təşkil edilən humanitar forumlar çərçivəsində dünyanın nüfuzlu alimləri arasında bu mövzuda baş tutan müzakirələr həmin istiqamətdə ortaya çıxan sualların aydınlaşdırılmasına, bəşəriyyət üçün daha nizamlı, sabit, qarşılıqlı hörmət ruhunun hakim olduğu dünyanın yaradılması amalına xidmət edir. Bütün bu tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən bir məkana çevirib.
Prezident İlham Əliyevin Sərəncamı ilə ötən ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərə inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Heç bir demokratik cəmiyyət düşünülmüş multukulturalizm siyasətinə söykənmədən stabil inkişaf edə bilməz. Bunun sübutlarından biri Azərbaycanın müstəqillik əldə etdikdən sonra nail olduğu sürətli inkişafdır.
Ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri tarixən mövcud olan tolerant mühitə uyğun olaraq dinc və mehriban qonşuluq şəraitində yaşayır və inkişaf edirlər. Odur ki, Azərbaycanın multikulturalizm ənənələri dünyanın hər ölkəsinə örnəkdir. Bu ənənələr, eləcə də bu bəşəri dəyərin güclənməsinə xidmət edən dövlət siyasəti ölkəmizin yüksəlişinə və vətəndaş həmrəyliyinə özünün layiqli töhfələrini verir.
Əminik ki, bu uzaqgörən siyasətin davamı olaraq 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizin İslam həmrəyliyinin  və sülhün möhkəmləndirilməsi sahəsində də mühüm nəticələr əldə etməsinə səbəb olacaqdır. 

Vüsalə Hüseynova
DQİDK-nın əməkdaşı

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt