Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

KATEX - zəngin tarix və uğurlu müasirliyi birləşdirən məkan


Azərbaycanda multikultural dəyərlərin qorunub mühafizə olunduğu, o cümlədən daha güclü inteqrasiyanın getdiyi məkanlar arasında Balakən rayonunun Katex kəndi xüsusilə seçilir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Katex Xaldan-Balakən magistralı üzərində yerləşir. 
Magistralla hərəkət etdikdə yol boyu Böyük Vətən müharibəsi iştirakçılarına, şəhidlərə aid abidə komplekslərindən, uşaq bağçası və məktəblərdən başqa cəlbedici bir şey gözə dəymir. Lakin kəndin içərisinə girdikcə fərqli mənzərələrlə rastlaşırsan. Təsadüfi deyil ki, tarixi abidələrlə zəngin kənddə, XIV əsrə aid və 1912-ci ildə inşa edilmiş iki məscid, iki qədim Alban kilsəsi, Katex məbədi (V əsr) var. Qalaları ilə məşhur Katexdə dördbucaqlı formada 4 Orta əsrlərə aid qala mövcuddur. Bunlar çay daşı və kərpiclə hörülüb və 4 mərtəbəlidir. Üst mərtəbələrə qalxdıqca tədricən qalalar daralır. Yuxarıya çıxmaq üçün yalnız asma pilləkənlərdən istifadə edilir. 
Tarixi mənbələrə nəzər yetirdikdə görürük ki, XVIII yüzillikdə Katex bir çox ictimai-siyasi proseslərin, üsyan və etirazların baş verdiyi, əhalinin sıx yaşadığı məntəqə olub. Burada, məhz bu dövrlərə aid çox sayda qəbiristanlıqlar var. XVIII yüzilliyin 30-cu illərində Nadir şaha və Qafqazın hakimi təyin olunmuş qardaşı İbrahim xana qarşı bu bölgədə çox ciddi müqavimət göstərilib. Çar Rusiyasının işğalı dönəmində Balakən ərazisi ruslar tərəfindən tamamilə yandırılıb. Zülmdən qaçan camaat Katex kəndində yerləşib və burada müdafiə olunublar. XIX əsrdə isə burada işğala qarşı aparılan mübarizədə əsas ideoloji silah - islam dini, Qafqaz xalqlarının dini birliyi olub. 1830-1863-cü illər üsyanlarında Katex mərkəzə çevrilib. Elə bu dövrdə, Katex Nəqşbəndi təriqət liderlərinin yetişdiyi və böyük nüfuz sahibi olduğu yerə çevrilmişdi. Rus işğalına qarşı ən ciddi mübarizə aparan da, bu işə liderlik edənlər də bu şəxslər idi.
Bu yaxınlarda Katex kəndində daha bir tarixi abidə - Gedobqara obasındakı mədrəsə binasının divar daşları üzərində təsadüfən aşkarlanan piktoqramlar (şəkilli yazılar) tariximiz üçün yeni bir səhifənin başlanğıcı hesab oluna bilər. Qobustan qayaları üzərindəki şəkil və yazılarla oxşarlıq təşkil edən piktoqramlar sakinlərin marağına səbəb olduğundan buraya yerli mütəxəssisləri dəvət ediblər. İlkin araşdırmalara əsasən, mədrəsə binasının hicri təqvimi ilə 1315-ci ildə inşa edildiyi, piktoqramların isə eramızdan əvvəlki illərə aid olduğu bildirilir. Tarixçi mütəxəssislərin ehtimalına görə, Katex kəndində aşkar edilən bu tarixi abidədəki daşüstü təsvirlərə kəndin yuxarısındakı Şişdağın zirvəsində siklopik tikililər və ibtidai insanların nəhəng qaya parçalarından tikdiyi qalalarda da rast gəlinir. Böyük ehtimalla mədrəsə binası tikilərkən həmin qayalardan qopan daş parçalarından istifadə olunub.
Tarixi mənbələrə əsasən, piktoqrafik yazılardan Mezolit dövründən eramızın əvvəllərinə kimi istifadə olunub. Katex mədrəsəsinin divarları üzərində günəşlə-ay, dağ təkəsi, eləcə də digər maraqlı rəsmlərə də təsadüf edilir. Bunların elmi əsaslarla mütəxəssis araşdırmasına böyük ehtiyacı vardır.
Katex kəndinin sakinlərinin milli tərkibi də müxtəlifdir. Bunlardan 6809-u azərbaycanlı, 505-i avar, 66 nəfəri isə ləzgidir. Əhali sayına görə dördüncü yerdə 15 nəfər olmaqla ruslar dayanırlar. Qalan azlıqlar arasında isə rutul, türk, ukraynalı, bolqar, zaxur, kumık və gürcülər mövcuddur. Əhalisinin ümumi sayı isə təxminən 7417 nəfərdir. 
Kənd sakinləri torpaqlarımızın müdafiəsi uğrunda da fədakarlıq göstəriblər. Katexin 21 Qarabağ şəhidi, 11 əlili və 42 nəfər Qarabağ müharibəsi veteranı var. Bundan başqa, Katex 2 nəfər Çernobıl iştirakçısına, 6 Əfqanıstan veteranına malikdir. “Azərbaycan Bayrağı” ordenli Vahid Osmanov da bu torpağın yetirməsidir. 
Katex inzibati ərazi dairəsi üzrə nümayəndə Məmməd İsayev bildirdi ki, bura rayonun ən böyük kəndidir. 2300 təsərrüfatı var. Ümumi ərazi 5 min hektardır. Sakinlərin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Qədimiliyi baxımından kəndin tarixi abidələri çoxdur. 
Burada 6 məktəb, iki mədəniyyət evi, 2 poçt, 2 ATS fəaliyyət göstərir. Məktəblərdən 5-i son illər inşa olunub. Məktəblərdən biri tam rus dillidir. İki məktəbdə avar dili də tədris olunur. Onların hamısı zəruri təchizata malikdir. İşıq, qaz təminatında problem yoxdur. 
Məmməd İsayev dedi ki, kənd sakinlərinin böyük bir qismi təsərrüfat işləri ilə məşğul olur. Burada maldarlıq, tütünçülük, baramaçılıq inkişaf etdirilməkdədir. Bu il təxminən 10 tona yaxın quru, 60 tona yaxın isə yaş tütün yığılaraq tədarük məntəqələrinə verilib. Baramaçılığın inkişafı istiqamətində də işlər gedir. Artıq kənd ərazisində 5500 ədəd tut tingi əkilib. Bu il 550 kiloqram təşkil edən baramanı gələn ilə 2 tona çatdırmaq planlaşdırılır. Əlavə olaraq 43 hektar sahədə fındıq əkini aparılıb. Bu da 28 min 310 ədəd ting deməkdir. 
Katex ziyalılarından İbrahimxəlil Mikayılov kənd haqqında ətraflı məlumat verərək deyir: “Katex kəndindəki 1 saylı tam orta məktəbdə 50 il ingilis dili müəllimi işləmişəm. “Əməkdə fərqlənməyə görə” medalım da var. Atalar deyirlər ki, abad həyət qapısından tanınar. Katex sözünün yazıldığı arkanı keçib içəri daxil olanda bunun şahidi olursan. Bu məkanın sakinlərinin respublikanın ayrı-ayrı yerlərində tutduqları mövqeyə nəzər salsaq görərik ki, kəndin elmi potensialı da çox böyükdür. 
Bunlara nümunə olaraq Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Asiya ölkələri üzrə müşaviri işləmiş Qeybulla Qeybullayev, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti, texniki elmlər namizədi Mustafa Mustafayev, filoioq Əli Süleymanov və digərləri göstərilə bilər”. 
Müsahibimizin sözlərinə görə, kənddə ayrı-ayrı etnosları təmsil edən çoxlu sayda insanların yaşamasına baxmayaraq sakinlər bir-birinə tam qaynayıb-qarışıblar. Azərbaycan növbəti dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra kənd xeyli inkişaf edib. Bu, bütün sahələrdə açıq-aşkar hiss edilməkdədir. Bundan bəhrələnən kənd sakinləri bir-birləri ilə çox mehribandırlar. 
İbrahimxəlil Mikayılov 4 övlad atasıdır. 3 qızı, 1 oğlu, 11 nəvəsi, 1 nəticəsi var. Övladlarının hamısı qonşu kəndlərdə yaşayan azərbaycanlılarla ailə həyatı qurub. 
Katexin etimalogiyası ilə maraqlanırıq. Bununla bağlı fərqli yanaşmalar var. Sadəcə bir yanaşma kəndin adının Gədik sözündən götürülməsidir. Mənası isə iki dağ arasında yerləşən məkan deməkdir. Həm də deyilir ki, kəndin adı təxminən 1960-cı ilə qədər Katex deyil, Gadıx kimi yazılıb. Katex çayının bu ərazidən keçməsi kəndin adına təsir göstərib. 
Katex kəndinin ziyalılarından uzun illər Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim işləmiş, hazırda təqaüddə olan 86 yaşlı Raziyə Hacıyeva da söhbətə qoşulur: - Katex camaatı həmişə bir-birinə hörmətlə yanaşıblar. Biz burada yaşadığımız dövrdə heç zaman doğma-ögeylik hiss etməmişik. Azərbaycanlı, avar, ləzgi, zaxur və digərləri bir-birlərinə həmişə hörmətlə yanaşıb, doğma insanlar kimi qaynayıb-qarışıblar. Mənim 4 övladımın hamısının həyat yoldaşları azərbaycanlılardır. Hətta kiminsə şəcərəsini ortaya qoymaq istədikdə kökün ya avar, ya da azərbaycanlı qarışığına düşməsini görmək mümkündür. Sovetlər dağılana kimi fəaliyyət göstərmiş Katex kombinatda (yeri gəlmişkən qeyd edək ki, zamanında burada yüzlərlə insan çalışıb və hətta Kremlin döşəməsi üçün parketlər məhz buradan aparılıb) vəzifədə olan alman əsilli insanlarla münasibətdə də problem olmayıb. Əvvəllər burada yəhudilər də yaşayıb və onlar da digər toplumlara qaynayıb-qarışıblar. 
Raziyə müəllimə onlara olan yanaşmanı, münasibəti konkret olaraq öz həyatı ilə əlaqələndirərək dedi: “Zaqatalanın Qəbizdərə kəndində ziyalı ailəsində böyüyüb Katexə gəlin köçdüm. Atamın sənətini sevərək onun peşəsinin davamçısı oldum. İnstitutu bitirdikdən sonra Zaqatalanın Makovkənd kənd orta məktəbinə göndərildim. Orada iki il çalışdıqdan sonra ailə vəziyyəti nəzərə alınaraq Balakən rayonunda əmək fəaliyyətimi davam etdirdim. Məni buradakı Kortala orta məktəbinə müəllim göndərdilər. 3 il də orada işlədikdən sonra rayonların təhsil şöbələri birləşdi. Məni Zaqatalanın Uzuntala səkkizillik məktəbinə direktor təyin etdilər. Sonrakı fəaliyyətimi isə yaşadığım Katex kəndinin 2 nömrəli səkkizillik məktəbində əvvəl müəllim, sonra isə direktor kimi davam etdirdim. Dövlətimizə, Prezident İlham Əliyevə minnətdaram. Məhz o, əməyimi dəyərləndirərək mənə “Tərəqqi” medalını verib”.
Katex kənd sakini, Balakən rayon mərkəzi xəstəxanasının aptek və dərman təchizatı şöbəsinin müdiri Cəbrayıl Əhmədovla isə söhbətimiz onun bu işi ilə yox, fermerlik fəaliyyəti ilə bağlı oldu. O, təkcə kəndlərində deyil, eyni zamanda, rayonda aparıcı arıçılardan hesab olunur. Paytaxtda təşkil olunan bal yarmarkalarında iştirak edib. Məhsulun analizi zamanı diostaza göstəricisi ən yüksək bala malik olduğu üçün fəxri fərman da alıb.
Hazırda təxminən 130 arı ailəsi var. Dediyinə görə, son illər iqlim dəyişmələri, ekoloji balansın pozulması arının məhsuldarlığına ciddi təsir göstərib. Havaların çox yağıntılı olması yem bazasının, güclü günəş enerjisi isə çiçəyin şirəvermə qabiliyyətinin azalmasına səbəb olur. Ən yaxşı məhsul 2010-2011-ci illərdə götürülüb. Bunun da səbəbi arının təxminən 120 kilometr məsafə boyunca gəzdirilməsidir. 
Arının ailəyə düşməsi ilə bağlı danışarkən müsahibimizin gözləri gülür: “Vallah, bütün hallarda halallığın əvəzi yoxdur. Bu arının bizə düşməsi də hallalığa söykənir. Bu günkü arı ailəsinin halal kökü 1941-ci ildən pərvazlanır. Ata nənəm Suad xanım Böyük Vətən müharibəsi zamanı babam müharibədə olarkən əl zəhməti ilə əlcək, corab, jaket toxuyub. Görülən işin müqabilində ona iki kötüyün içərisində arı ailəsi hədiyyə olunub. O da beş il özü bu arılara baxıb. Sonra isə babam müharibədən qayıdıb və bu missiyanı öz üzərinə götürüb. Atam 1956-cı ildə ali təhsilli mütəxəssis kimi kəndə gəldikdən sonra özü bu işlə məşğul olub. Nənəmin, babamın, sonradan isə atamın bizə yeganə vəsiyyəti bu məhsula haram qatmamaq olub. Çünki onu insanlar sağlamlıqları üçün istəyirlər. Mənim də ixtisasım dərman və əczaçılıqla əlaqəli olduğu üçün halallığı xüsusi olaraq gözləməliyəm.” 
Sahibkar təsərrüfatı daha da genişləndirməyi nəzərdə tutur. Məqsədi buna nail olmaqla arı ailəsini genişləndirmək və daha çox adamı bu işə cəlb etməkdir. 
Cəbrayıl ailəsində iki övlad böyüdür. Deyir ki, hazırda 8-ci sinifdə oxuyan oğlu bu işə maraqlıdır. Qızı Suad isə bu il 609 balla BDU-nin riyaziyyat fakültəsinə qəbul olub və təhsilini davam etdirir. 
Kəndin mərkəzi hissəsi ilə hərəkət edərkən M.İsayev məni kənd sakini Rüfət Hudulovla tanış edir. Məlum olur ki, Rüfətin atası avar, anası azərbaycanlıdır. Oğlu Pənah Hudulov torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub. Buna baxmayaraq dərdə təslim olmur. Fermer kimi doğma kəndinə töhfələrini verməkdədir. Dediyinə görə, kəndli nə ilə məşğul olmalıdırsa, onların hamısına vaxt çatdıra bilir. Fermer fəaliyyəti də göstərir. R.Hudulovun dedikləri: “80 sot ərazidə fındıq sahəm var idi. Sonra ərazini daha da genişləndirdim və 10 hektarda fındıq əkdim. Tingi isə əsasən köhnə bağlardan çıxardıq. Lakin ilk illərdə fındıq şaxələnmədiyi üçün həmin yerlərdə əvvəlcə yonca və arpa əkdik. Bu isə sahədən səmərəli istifadə baxımından əhəmiyyətlidir. Nəticə etibarı ilə sonda nəzərəçarpacaq dərəcədə əlavə qazanc əldə olunacaq”. 
Qədim tarixə malik olan Katexi müəyyən qədər tanıtmaq istədik. Gördüyümüz bu məkanda yaşayan insanların mehribanlıqları, hansı toplumu təmsil etmələrinin münasibətə heç bir təsir göstərməməsi, zəhmətə, işə və xüsusən də dövlətə qəlbən bağlılıqları oldu.

Əli SƏLİMOV,
“Azərbaycan” 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt