“Yehovanın şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) məhkəməyə verib
Gün.Az xəbər verir ki, buna səbəb DQİDK tərəfindən “Yehovanın şahidləri” dini icmasının ölkə ərazisinə zərərli ədəbiyyat gətirməsinə qadağa qoyması olub. İcma isə öz növbəsində Komitədən maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli faktı təsdiqləyib və bildirib ki, ölkə ərazisinə zərərli ədəbiyyatın gətirilməsi qadağandır və buna yol verənlərə qarşı tədbirlər görülür. Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Yehovanın şahidləri” dini icmasının iddiasını təmin etməyib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır. “Yehovanın şahidləri” dini icmasının nümayəndələri Gülsira Akçurina və Kamilə Məmmədəliyeva icmaya dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Xatırladaq ki, “Yehovanın şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini əvvəllər də məhkəməyə verib.
Mirvari Kamilqızı
Gün.Az