Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Bakirə Müqəddəs Məryəm” katolik kilsəsi

Bakı bölgəsi Xətai rayonu

       Ünvan: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsi, 2a.

Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən Bakirə Müqəddəs Məryəm katolik kilsəsi (memarı İ.K.Ploşko) inşa edilmişdi. Sovet dövründə 1934-cü ildə kilsə dağıdılmış və onun yerində Dzerjinski adına klub - indiki Şəhriyar adına Mədəniyyət Evi tikilmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dini icmalara şərait yaradıldığı kimi Katolik icmasına da qayğı göstərilmiş və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılmışdır. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilmişdir. Bir il sonra isə ölkəmizə səfər edən Roma-katolik kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, digər dini icmaların rəhbərləri ilə görüşmüş və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək öz xeyir-dualarını vermişdir.

Bolşeviklər tərəfindən uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunmuşdur. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis etmiş və ilk ibadəti həyata keçirmişdir. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutmuşdur. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak etmişdilər.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt