Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

"Sınıq Qala" Məhəmməd məscidi

Bakı bölgəsi Səbail rayonu

Ünvan: Bakı şəhəri Səbail rayonu, 

İçərişəhərdə yerləşən məscidi ustad-rəis Məhəmməd Əbubəkr oğlu tikmişdir. Məscidin giriş qapısının sol tərəfində, şimal divarında əhəngdaşı üzərində qabarıq şəkildə həkk olunmuş dörd sətirlik kufi kitabədə məbədin tikilmə tarixi qeyd olunmuşdur. Bu yazıdan məlum olur ki, məbəd 1078-1079-cu illərdə tikilmişdir.

İçərişəhər ərazisində üzərində ən qədim epiqrafik yazısı olan Məhəmməd məscidi möhtəşəm görüntüyə malik olub tam müdafiə qalasını xatırladır.

Xalq arasında Sınıq Qala adı 1723-cü ildə yaranmışdır. Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış I Pyotrun artilleriyası həmin ilin iyunun 26-da Bakını atəşə tutanda şəhərin ən qədim məscidinin minarəsi zədələnmişdir. Top mərmisinə qala bürcü kimi dözən minarəyə el arasında “Sınıq Qala” adı verilmişdir.

Bu abidənin memarlıq üslubu onun kifayət qədər uzunmüddətli bir yol keçdiyini göstərir. Bakı qalasının sahil boyu hissəsində yerləşən məscidin böyük diqqətlə yonulmuş və daşdan hörülmüş silindr şəkilli qülləsi var. Minarənin kompozisiya həlli onun müşahidəçi qala qülləsi rolunu oynadığını göstərir. Qüllədə istifadə olunan yonulmamış daşlar əhəng məhlulu ilə bir-birinə bərkidilmişdir. Minarənin fərqli hissələrində istifadə olunmuş daşların həcmi də müxtəlifdir. Burada daşlar uzununa qoyulmuşdur. Bu isə minarəyə möhkəmlik verir. Bunun üçün daş hörmələri sıralarına daxil edilmiş şalbanbaşı daşlardan istifadə olunmuşdur.

Minarənin yuxarı hissəsində kitabə həkk edilmişdir. Eyvana (şərəfə) keçid üçqat stalaktitlə həyata keçirilmişdir. Minarə şərəfəsinin kənarları da həndəsi ornamentlərlə işlənmişdir. Belə ki, burada şərəfənin məhəccərində 28 ədəd tam yonulmuş, qeyri-xətli daş lövhələr qoyulmuş və onlar əhəng məhlulu ilə bərkidilmişlər.

Kiçik vestibül hissəsi şimal tərəfdən cənub divarının oxu ilə bəzədilmiş, mehrablı və 2 cinahlardan çatma qübbə ilə örtülmüş, şərq və qərb tərəfdən ensiz pəncərələrlə bəzədilmişdir. Minarənin vintvari pilləkəni ibadət zalının səviyyəsinə qalxır. Minarədən məscidin damına çıxış var.

1988-ci ildə arxeoloji qazıntılar nəticəsində alçaq formalı olan minarə kvadrat bünövrə üzərində tikilmiş bir tikili kimi canlanmışdır. İbadət zalının altından daş çatma qübbə ilə örtülmüş otaq aşkar edilmişdir. Döşəmənin altından İslama qədər dini ayinlərin elementləri də üzə çıxmışdır. Güman edilir ki, məscid İslama qədər fəaliyyət göstərən atəşgahın bünövrəsi üzərində tikilmişdir. Hazırda məsciddə əsaslı təmir işləri aparılır.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt