Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İçərişəhər "Cümə" məscidi

Bakı bölgəsi Səbail rayonu

Ünvan: Bakı şəhəri, M.Ş.Vazeh küçəsi

İçərişəhərdə yerləşən məscid 780-ci ildə (1378-1379) qədim atəşgah məbədinin yerində ucaldılmışdır. Məscid qalanın içərisində yerləşir. 1899-cu ildə uçurularaq yerində yeni bina tikildiyindən onun barəsində fototəsvirlər əsasında mühakimə yürütmək olar. Bir qədər mürəkkəb biçimli planı Cümə məscidinin bir neçə mərhələdə inşa edildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir.

Məscid minarəsinin bünövrəsində qoyulmuş əhəngdaşının üzərinə dördsətirli qabarıq kitabə həkk olunmuşdur. Kitabə kufi xətti ilə yazılmışdır. Burada bəzi hərflərin sonu yuxarı qalxır və palmatta ilə tamamlanır. Başqa hərflərə isə nəbati ornamentlər əlavə edilmişdir. XII əsrə aid edilən həmin kitabə qismən zədələnmişdir.

Məscidin divarına həkk olunmuş bir yazıda binanın inşası haqqında belə deyilir: “709-cu ilin (1309-1310) rəcəb ayında Əmir Şərəf-Əddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir”.

İçərişəhərdə qədimdən mövcud məscid 1024-cü (1615) ildə təmir edilmişdir. XIX əsrədək saxlanmış Cümə məscidi, bir qayda olaraq, düzbucaqlı formaya malik olan yerli məscidlərdən fərqlənərək, orijinal formaya və mürəkkəb plana malikdir. Cənubi Azərbaycanın dini abidələrinə xas olan cəhətlər burada özünü göstərir. Xüsusilə məscidin fasad hissəsinin konstruktiv həlli daha böyük maraq doğurur. Belə ki, burada mərkəzi sahə çadıra oxşar günbəzlə örtülmüş, fasadı isə minalanmış yastı daşlarla üzlənmişdir. Məscidin yaxınlığında bu günədək gəlib çıxmış minarə ucaldılmışdır. Bu minarə nəinki XIV əsrin görkəmli abidəsi kimi böyük maraq doğurur, habelə Sınıq qala minarəsindən fərqli olaraq, XI əsrdən XIV əsrədək Şirvan memarlığında baş verən dəyişiklikləri aşkar etmək üçün qiymətli material rolu oynayır. Sınıq qala minarəsindən fərqli olaraq bu minarə daha zərif və incədir. Bu minarədə demək olar ki, müdafiə qülləsi olan Sınıq qalaya məxsus əlamətlər yoxa çıxmışdır. Bununla yanaşı, onlar arasında müəyyən oxşar cəhətlər də var. Minarənin şərəfəsinin alt hissəsində daş üzərində kitabə həkk edilmişdir. Həmçinin, minarədən şərəfəyə keçid hissə də üçqat stalaktitlə həyata keçirilir. Şərəfənin kənarları isə həndəsi fiqurlarla işlənmişdir.

Minarənin arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş bünövrə daşındakı kitabədə Elxani Sultan Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının varlı adamlarından biri olan Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində yeni məscid ucaltmışdır.

İçərişəhərin qədim tarixi memarlıq abidələrindən olan Cümə məscidi dövlət hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilərək, dindarların istifadəsinə verilmişdir. Təcrübəli tikinti mütəxəssisləri, memarlar və rəssamların gərgin əməyi sayəsində məscid tam bərpa olunmuş, burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır. Məscidin divarlarında naqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs Qurani-Kərimdən surələr yazmışlar.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt