Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Təzəpir məscidi

Bakı bölgəsi Yasamal rayonu

Ünvan: Bakı şəh. M.Fətəli küç. 7
1904-cü ilin yayında Təzəpir məscidinin tikintisinin Aşur xan nəslinin adlı-sanlı, dövlətli xanımlarından olan Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının rəsmi qərarı elan olunmuşdur. Qərarda Nabat xanımın Təzəpir məscidini mehriyyə, yəni ona bağışlanan kəbin pulu hesabına tikdirmək fikri xüsusilə vurğulanırdı. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək, məscidin tikintisi ilə bağlı arzularını onunla bölüşdü. Bu məqsədlə Zivər bəy Əhmədbəyova böyük miqdarda pul verərək onu İstanbula və ərəb ölkələrinə göndərdi. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Maraqlı səyahətdən qayıdan Zivər bəy Nabat xanıma şərq üslubunda gözəl, iki minarəli bir məscidin layihəsini təqdim etdi. Bu gələcəkdə tikiləcək Təzəpir məscidi nin layihəsi idi.

Təzəpir məscidinin tikintisinə 1905-ci il iyulun 23-də Məbəs bayramı günü başlanıldı. Məscidin bünövrəsinin qoyulması izdihamlı bir mərasimə çevrildi. İlk əvvəl din xadimləri Məbəs bayramı münasibətilə müqəddəs Quranın oxunmasına başladılar. Məscidin həyətində qurban kəsənlərin sayı-hesabı yox idi. Hacı Zeynalabdin Tağıyevə hörmət əlaməti olaraq, həmçinin bütün bənnaların başçısı sayıldığından, məscidin bünövrəsinin ilk daşını da o qoydu.Tikintinin baş memarı Zivər bəy Əhmədbəyov buraya ən bacarıqlı sənətkarları cəlb etmişdi. Baş bənna Hacı Abbas, ağ daş qoyanlar usta Hacı Xeyrulla, Məmməd Hənifə, məscid interyerinin təşkilatçıları Kərbalayı Mirzə, Salman Atayev və Soltan adlı şəxslər idi. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi. Məscidin tikintisini öz üzərinə götürən Nabat xanım 1912-ci il dekabrın 7-də 117 yaşında vəfat etdi. Nabat xanıma böyük ehtiram əlaməti olaraq onu məscidin eyvanında, baş qapının sağ tərəfində dəfn etdilər. O məscidin tamamlanmasını oğlu Hacı Abbasquluya vəsiyyət etmişdi. Nabat xanımın oğlu anasının vəsiyyətini layiqincə yerinə yetirdi və o da məscidin həyətində dəfn olundu. Məscidin inşası tamam olanda usta iri günbəzin ortasındakı axırıncı daşı qoymağı bünövrənin ilk daşını qoyan Hacı Zeynalabdin Tağıyevə həvalə edir.

1914-cü ildə tikintisi başa çatan Təzəpir məscidi Bakıda ağ daşla tikilmiş ilk dini bina idi. Təzəpir məscidi özünün məkan vəhdətinə və memarlıq xüsusiyyətinə görə, təkcə Bakı şəhərinin şəhərsalma strukturunda deyil, bütün Abşeronun dini tikililəri içərisində tamamilə yeni mərhələ idi. Təzəpirin şəhər mərkəzindən bir qədər aralı olmasına baxmayaraq, coğrafi mövqeyi və təpə üzərində yerləşməsi onun şəhərin başqa nöqtələrindən aydın görünməsinə imkan verirdi. Məscidin baş fasadı üç taclı portikli-geniş eyvanlı, cinahlardan qaldırılmış minarələr və günbəzlərlə təntənəli simmetrik kompozisiya formasında həll edilmişdir. Məscid üçün xarakterik xüsusiyyətlərdən biri də Təzəpirin xalq memarlığından daha çox Avropa təhsili görmüş və şərq müsəlman memarlığını dərindən mənimsəmiş, yüksək bacarığa malik professional memarın yaradıcılıq məhsulu olmasıdır.

Tariximizin müxtəlif vaxtlarında, mart soyqırımı günlərində, bolşevik rejimi, milli azadlıq mübarizəsi illərində Təzəpir məscidinin dini mərkəz kimi rolu daha da artdı. 1918-ci il mart hadisələri zamanı Nəriman Nərimanovun Təzəpir məscidində əhaliyə müraciəti, 1918-ci il sentyabrın 15-də Bakını düşmən qüvvələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məscidin minbərindəki nitqi və 1993-cü il sentyabrın 5-də məsciddə Peyğəmbərin mövlud günü münasibətilə keçirilən mərasimdə Ulu Öndər Heydər Əliyevin iştirakı və çıxışı Təzəpir məscidinin tarix boyu istər siyasi, istərsə də dini mövqeyindən xəbər verir.

Sovet dönəmində bir sıra məscidlərin mədəni-maarif müəssisələrinə çevrildiyi və ya tamamilə məhv edildiyi dövrdə Təzəpirlə bağlı 1934-cü ilə aid sənəddə məscidin təyinatının dəyişdirilərək saxlanılmasının məqsədəuyğun hesab olunması qeyd olunur. Müxtəlif illərdə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı və mağaza anbarına çevrilsə də, özünü qoruyub saxlaya bilmişdir.

1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bərpa olunması və yenidən təşkili ilə Təzəpir məscidi də öz fəaliyyətini davam etdirməyə başladı. Milli azadlıq mübarizəsi dövründə - 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin törətdiyi vəhşiliklər nəticəsində öldürülmüş insanların cənazələri Təzəpir məscidinin həyətinə daşınmağa başlandı. 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin soyqırımına məruz qalan insanlarının taleyi yenidən təkrarlanırdı. Təzəpir məscidi bu dövrdə tarixi qərarın şahidi oldu. Sovet ordusu tərəfindən gülləboran edilən insanların cənazələrinin 1918-ci il mart qırğını şəhidlərinin dəfn olunduğu yerdə torpağa tapşırılması qərara alındı.

Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin rekonstruksiyası layihəsi hazırlandı. Layihənin memarlıq işləri Ə.Məmmədova, bərpası F.Miralayevə, interyer tərtibatı E.Mikayılova həvalə olundu.  Təzəpir məscid kompleksinin ərazisində birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsinin inzibati və Bakı İslam Universitetinin tədris binaları üçün 5 mərtəbəli 3 iri korpus inşa edilmişdir. 6 iyul 2009-cu ildə yenidənqurma və tikinti işlərindən sonra Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir.
 


Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt