Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Gəncə şəhəri, Şah Abbas məscidi

Qərb bölgəsi Gəncə şəhəri

 

    XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə inşa edilmişdir. Gəncənin mərkəzində yerləşən və xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.
    Şah Abbas məscidi yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən tikilmişdir. 1776-cı ildə məscid binasının qarşısına iki minarə əlavə edilmişdir. Kub şəklində olan abidənin böyük günbəzi (17 m) diqqəti cəlb edir. Məbədin ibadət salonunun sahəsi çox genişdir və açırımlarının hündürlüyü ilə fərqlənir. Şah Abbas məscidində minbərin üzərində olan oyma bəzəklər şəbəkəçilik sənətinin gözəl nümunələrindən sayılırlar.
    1920-ci ildə bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilmişdir. Sovet hakimiyyətinin apardığı ateist siyasət nəticəsində məscidin mədrəsəsi dağıdılaraq tamamilə məhv edilmişdir.
Məşhur Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanov Şah Abbas məscidinin tikintisi, tarixi və memarı barədə geniş məlumat vermişdir. Görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs demişdir. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan nəstəliq xəttini öyrənmişdir.
    2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişilə Heydər Əliyev Fondu hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılmış, ibadətgahın qapı-pəncərələri dəyişdirilmiş, şəbəkələrə yenidən işlənərək əsrarəngiz görkəm verilmiş, divarlar xüsusi zövqlə rənglənmişdir. 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Şah Abbas məscidinə baş çəkmiş, onun yeni görkəmi ilə tanış olmuş və görülən işləri yüksək qiymətləndirmişdir. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.  

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt