Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi sədrinin 2008-ci il 14 may tarixli
30 k nömrəli əmri ilə təsdiq edilmişdir
 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində
qulluq keçən dövlət qulluqçularının etik davranış
 
Qaydaları
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinə, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı”nın 9-cu bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (bundan sonra – Dövlət Komitəsi) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı təminatları müəyyən edir.
1.2. Dövlət qulluqçuları qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.
1.3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Dövlət Komitəsinin nüfuzunun artırılması, Dövlət Komitəsinə və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Dövlət Komitəsində korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçuları (bundan sonra - dövlət qulluqçusu) tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, Dövlət Komitəsinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi olmuşdur.
 
2. Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları
2.1. Dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək vəzifə funksiyalarını vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə və iş vaxtından səmərəli istifadə etməyə borcludur.
Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
2.2. Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində, peşəkarlıq səviyyəsində yerinə yetirməli, Dövlət Komitəsinə daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində baxmalı, məsələləri qanunvericiliyə müvafiq olaraq araşdırmalıdır.
2.3. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə Dövlət Komitəsinə və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
Dövlət qulluqçusu öz hərəkətləri ilə və qəbul etdiyi qərarlar ilə insanların haqlı tənqidinə şərait yaratmamalı, tənqidə dözümlə, səbirlə yanaşmalı, haqlı tənqiddən fəaliyyətinin təkmilləşdirilməsində və çatışmazlıqların aradan qaldırılmasında səmərəli istifadə etməlidir.
2.4. Dövlət qulluqçusunun xidməti vəzifəsinə aid olmadığı halda, Dövlət Komitəsinin, dövlət orqanlarının, təşkilatların, müəssisələrin və digər qurumların (bundan sonra - orqanlar), həmçinin Dövlət Komitəsinin və həmin orqanların rəhbərliyinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
Dövlət qulluqçusu tərəfindən müzakirələr və çıxışlar etik davranış qaydalarına riayət edilərək, dövlət qulluğunun nüfuzuna xələl gətirmədən aparılmalıdır.
2.5. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Dövlət Komitəsinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
2.6. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, Dövlət Komitəsinin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, dövlət qulluğu ilə bağlı dövlət orqanlarının və dövlət qulluqçularının səmərəli fəaliyyətinə mane olan hərəkətlərin qarşısını almağa, öz adını və şərəfini uca tutmağa borcludur.
2.7. Dövlət qulluqçusu bütün fəaliyyəti dövründə şəxsin, cəmiyyətin və dövlətin qarşısında dövlət qulluqçusu andına sadiq olmalı və vəzifə funksiyalarını həyata keçirərkən bu anda uyğun olan davranış nümayiş etdirməlidir.
Dövlət qulluqçusu işə münasibətində şəxsi keyfiyyətləri, davranışı ilə kollektivdə xoş və qarşılıqlı işgüzar münasibətlərin qurulmasına köməklik göstərməlidir.
2.8. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
Dövlət qulluqçusu Dövlət Komitəsinin və Dövlət Komitəsinin vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
2.9. Dövlət qulluqçusunun fəaliyyəti insanların irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına, qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.
Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
2.10. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu vəzifə funksiyalarını və Dövlət Komitəsinə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
2.11. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Dövlət qulluqçusu Dövlət Komitəsinin fəaliyyətinə mənfi təsir göstərən və ya mənfi təsir göstərə biləcək maraqların qruplaşmasına (lobbiləşməsinə) yol verməməlidir.
2.12. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbərliyi ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalı, digər dövlət qulluqçularına qarşı əsassız ittihamlar irəli sürməməli, kobudluq və sərtlik hallarına yol verməməlidir.
Dövlət qulluqçusu və Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri xidməti işlə bağlı ona müraciət və ya zəng etmiş dövlət qulluqçusunu, digər struktur bölmənin əməkdaşını heç bir obyektiv səbəb olmadan gözlətməməli, kifayət qədər qısa müddətdə onları qəbul etməli və ya telefon zənglərinə cavab verməlidir.
2.13. Dövlət qulluqçusu iş rejiminə ciddi riayət etməli, xidməti iş vaxtına məsuliyyətlə yanaşmalı, işə gecikmə, xidməti iş yerindən icazəsiz və ya heç kimi məlumatlandırmadan yayınma hallarına yol verməməlidir.
Dövlət qulluqçusu xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməyə üstünlük verməli, xarici görünüşünə diqqət yetirməli və ümumilikdə səliqəli olmalıdır.
2.14. Birbaşa və ya yuxarı rəhbər tabeliyində olan dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq, üzərinə düşən məqsəd və funksiyalarının həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqları verməməli və ondan xidməti vəzifələrindən kənara çıxan tapşırıqların yerinə yetirməsini tələb etməməlidir.
2.15. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu növ əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Qanuni göstərişlərin yerinə yetirilməməyi intizam məsuliyyətinə səbəb olur.
2.16. Dövlət qulluqçusu vəzifə funksiyalarını yerinə yetirərkən və Dövlət Komitəsinə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli və siyasi bitərəfliyə əməl etməlidir. Dövlət qulluqçusu üçüncü və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin icrasına təsir etməsinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
2.17. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
2.18. Vəzifə funksiyalarını və Dövlət Komitəsinə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qulluqçusuna, tabeli qurumların işçilərinə və vətəndaşlara əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.
2.19. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər Dövlət Komitəsinə akt üzrə təhvil verilməlidir.
2.20. Tərəflərdən biri Dövlət Komitəsi olan əqdlərdə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçusu digər tərəf ola bilməz.
2.21. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
2.22. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, həmin maraqların xarakteri barədə birbaşa və ya yuxarı rəhbərinə məlumat verməyə borcludur.
2.23. Dövlət qulluqçusu Dövlət Komitəsinin əməkdaşlarından, vətəndaşlardan və digər orqanlardan daxil olmuş müraciət və sorğuların baxılması zamanı süründürməçiliyə yol verməməlidir. Müraciət və sorğuların baxılmasından və ya qərar qəbul edilməsindən, habelə ona həvalə edilmiş digər səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
2.24. Dövlət qulluqçusu başqa işə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə Dövlət Komitəsinin rəhbərliyinə məlumat verməlidir.
Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
2.25. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
2.26. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
2.27. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
Qeyd olunan ləvazimat və avadanlıqlardan dövlət qulluqçusunun şəxsi məqsədlər üçün istifadə olunduğu aşkar edilərsə, bu barədə Dövlət Komitəsində aidiyyəti sahələrə cavabdehlik daşıyan struktur bölmələrin rəhbərləri tərəfindən Dövlət Komitəsinin rəhbərliyi məlumatlandırılmalı və rəhbərliyinin tapşırığına əsasən həmin dövlət qulluqçusu haqqında müvafiq tədbirlər həyata keçirilməlidir.
2.28. Dövlət qulluqçusu Dövlət Komitəsinin sərəncamında olan məlumatların və xidməti informasiyanın əldə olunmasına, yayılmasına və təqdim edilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada əməl etməlidir.
Dövlət qulluqçusu vəzifə funksiyalarının yerinə yetirilməsi və Dövlət Komitəsinə həvalə edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
2.29. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
2.30. Dövlət qulluqçusuna Dövlət Komitəsində ictimai və siyasi birliklərin (Həmkarlar İttifaqı Komitəsi istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

3. Dövlət Komitəsində etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
3.1. Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.
Etik davranış qaydalarına əməl olunmasına nəzarəti Dövlət Komitəsinin rəhbərliyi - xidməti qaydada həyata keçirir.
Dövlət Komitəsində etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət qulluqçusunun işlədiyi və kadr məsələlərini tənzimləyən struktur bölmələrin rəhbərliyi həyata keçirir.
3.2. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
Dövlət Komitəsinin rəhbərliyinin göstərişi əsasında, dövlət qulluqçusu tərəfindən ol verilmiş qəbahətin motivi nəzərə alınmaqla, dövlət qulluqçusunun işlədiyi və ya kadr məsələlərini tənzimləyən struktur bölmələr tərəfindən dövlət qulluqçusu barəsində intizam icraatına başlanıla bilər.
3.3. Aşağıdakı hallarda dövlət qulluqçusu barəsində intizam icraatına başlanıla bilər:
- “Etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumat verildikdə;
- kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumat dərc edildikdə.
3.4. Aparılmış intizam icraatının nəticələri üzrə toplanmış materiallar (məlumatlar, arayışlar, izahatlar və s.), sonunda konkret təkliflər nəzərdə tutulan və sərbəst formada hazırlanmış rəyin layihəsi ilə birgə təsdiq olunması üçün Dövlət Komitəsinin rəhbərliyinə təqdim edilir. “Etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş dövlət qulluqçusu barədə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi tədbiri tətbiq edilə bilər.
3.5. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, Dövlət Komitəsinin rəhbərliyi bu barədə cinayət təqibi orqanına məlumat verir.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt