Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Əsasnamə

 
Azərbaycan Respublikası Prezidentinin
    
20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə

  TƏSDİQ EDİLMİŞDİR


  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında
ƏSASNAMƏ

 
I. ÜMUMİ MÜDDƏALAR
 
1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır.
 
Komitə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
 
Komitənin öz səlahiyyətləri daxilində qəbul etdiyi aktlar digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, dini fəaliyyətlə bağlı qurumlar, fiziki və hüquqi şəxslər üçün məcburi xarakter daşıyır və həmin aktların icrasına nəzarət Komitə tərəfindən həyata keçirilir.
 
Komitə dini qurumlara heç bir maddi yardım göstərmir.
 
Komitənin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır.
 
2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
 
3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, dini işlərlə bağlı onların fəaliyyətini əlaqələndirir.
 
 4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
 
5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
 
6. Komitə Bakı şəhərində yerləşir.
 
Komitə yerlərdə vəzifələrini bölgələr üzrə şöbələri vasitəsilə həyata keçirir.
 
  
II. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
  
 6-1. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
 
6-1.1. dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərir;
 
6-1.2. dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
 
6-1.3. dövlət-din münasibətlərinin tənzimlənməsini və inkişafını təmin edir;
 
6-1.3-1. dini etiqad sahəsində maarifləndirmə işi aparır;
 
6-1.4. dini qurumların dövlət qeydiyyatını həyata keçirir;
 
6-1.5. öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir;
 
6-1.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
 
 
 III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

 7. Komitənin vəzifələri aşağıdakılardır:
 
7.1. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması;
 
7.2. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi;
 
7.3. Dini qurumların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dini qurumların dövlət reyestrinin aparılması, dini qurumların dövlət qeydiyyatı haqqında məlumatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi, dini qurumların təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərilməsi;
 
7.4. Dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi;
 
7.5. Müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edilməsi, dini radikalizmin və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması; 
 
 7.6. Dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankının yaradılması;
 
7.7. Dini təşkilatların beynəlxalq dini hərəkat, forum, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edilməsi;
 
7.8. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi;
 
 7.9. İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi. Rayon və şəhər icra hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə kömək göstərilməsi;
 
7.9-1. ölkədəki dini durum haqqında Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə hesabatların təqdim edilməsi;
 
 7.9-2. qanunda göstərilən əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət edilməsi;
 
7.9-3. dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarının həyata keçirilməsi;
 
7.9-4. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxılması;
 
7.9-5. vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə razılıq verilməsi; 
 
7.9-6. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına və yayılmasına nəzarət edilməsi, o cümlədən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına, habelə onların satışı üçün ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq verilməsi; 
 
7.9-7. dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsi;
 
7.9-8. dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin həllində dövlət adından iştirak edilməsi;
 
7.10. dini təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının təsdiq edilməsi, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy verilməsi;
 
7.10-1. nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində yoxlamalar aparılması, həmin məntəqələrin fəaliyyətində qanun pozuntusu aşkarlandığı təqdirdə fəaliyyəti dayandırma, məsuliyyətə cəlbetmə ilə bağlı tədbirlərin həyata keçirilməsi;
 
7.10-2. qanunazidd fəaliyyət göstərən dini qurumların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər (dini fəaliyyətin dayandırılması, dövlət orqanlarına müraciət edilməsi) görülməsi, ayrı-ayrı şəxslər tərəfindən yaradılan və tarixi-ənənəvi kökü olmayan ibadət və ziyarət yerlərinin fəaliyyəti barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması;
 
7.10-3. dini qurumların fəaliyyət qaydasının pozulması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması, dini ayinlərin icrasına maneçilik törədilməsi, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd edilməsi barədə məlumatın tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilməsi və öz nəzarətində saxlanılması;
 
7.10-4. dini təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış qanun pozuntuları barədə müvafiq dövlət orqanlarına məlumat verilməsi;
 
7.10-5. dini təhsil müəssisələri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində dinşünaslıq, din tarixi, dini-idraki, dini-fəlsəfi fənlər və müqəddəs dini kitabların əsasları üzrə tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanmasında iştirak edilməsi və təsdiqinə razılıq verilməsi;
 
7.10-6. xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmilləşdirilməsi məqsədi ilə rəy verilməsi;
 
7.10-7. dini mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərə dair rəy verilməsi;
 
7.10-8. islam dininə mənsub din xadimlərinin attestasiyasında iştirak edilməsi;
 
7.10-9. ibadət yerlərinə din xadimlərinin, o cümlədən yeni din xadimlərinin təyin olunması barədə dini mərkəz və ya idarə qarşısında məsələ qaldırılması;
 
7.10-10. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün rəy verilməsi;
 
7.10-11. islam dininə aid ayin və mərasimləri aparan şəxslər barədə rəy verilməsi;
 
7.10-12. qəbiristanların salınmasının məqsədəuyğunluğu barədə rəy verilməsi;
 
7.10-13. dini sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi;
 
7.11. Xaricdəki müqəddəs yerlərə ziyarətin təşkilində, bu məsələlərlə bağlı dövlətlərarası razılaşmaların əldə olunmasında iştirak edilməsi;
 
7.12. Dini maarifçilik işinin genişləndirilməsi, dini qarşıdurmanın qarşısını almaq məqsədilə kütləvi informasiya vasitələri ilə iş sahəsində fəaliyyət göstərən müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsi;
 
7.13.  Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərməyən müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinin dayandırılması və bu barədə müvafiq dini mərkəzə (idarəyə) məlumat verilməsi;
 
7.14. Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının, internet saytının yaradılmasının, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi.
 
 7.15. din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görülməsi, ixtisasartırma kurslarının təşkili;
 
 7.16. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsi;
 
7.17. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görülməsi;
 
7.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
 
  
(8-8.20-ci bəndlər ləğv edilib)
 
 
 IV. KOMİTƏNİN HÜQUQLARI
 
 9. Komitənin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır: 
 
 9.1. Dövlət-din münasibətlərinə, din haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;
 
9.2. Dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi məqsədi ilə dini qurumların nümayəndələrini və müvafiq mütəxəssisləri cəlb etmək;
 
 9.3. Səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ekspert və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;
 
9.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
 
9.5. Səlahiyyətləri çərçivəsində və Komitənin qarşısında duran vəzifələri həyata keçirmək məqsədilə müvafiq strukturlar təsis etmək;
 
9.6. Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinin fəaliyyəti barədə tabe olduqları dini mərkəz və idarələrdən, habelə bilavasitə dini təhsil müəssisələrindən məlumatlar və hesabatlar almaq, dini təhsil müəssisələrində dini təhsillə bağlı yoxlamalar aparmaq;
 
9.7. Dini təfriqə, məzhəb ayrı-seçkiliyi, milli təhlükəsizliyə zidd dini-siyasi təxribatlar və digər qeyri-qanuni dini fəaliyyətlə bağlı hərəkətlər və hallar barədə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək, bu barədə əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırmaq;
 
9.8. Dini qurumların, eyni zamanda ayrı-ayrı şəxslərin dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə zidd hərəkətləri barədə onların təmsil olunduqları dini mərkəz və idarə qarşısında məsələ qaldırmaq;
 
9.9. (Ləğv edilib).
 
9.10. Azərbaycan Respublikasının dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə əsas olduğu təqdirdə qanunla nəzərdə tutulmuş qaydada dini qurumların fəaliyyətinə müdaxilə etmək, onlardan dini fəaliyətə dair və maliyyə hesabatları tələb etmək;
 
9.10-1. nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin fəaliyyəti barədə məlumatlar almaq;
 
9.10-2. dini təhsil müəssisələrinə tələbə qəbulu məqsədi ilə yaradılmış dini komissiyaların fəaliyyətində iştirak etmək;
 
9.11. (Ləğv edilib).
 
9.12. (Ləğv edilib).
 
9.13. Vaxtilə müsadirə olunmuş və başqa məqsədlər üçün istifadə edilən dini obyektlərin dini icmalara qaytarılması barədə qanunamüvafiq şəkildə aidiyyəti olan təşkilatlar qarşısında məsələ qaldırmaq;
 
9.14. (Ləğv edilib).
 
9.14-1. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
 
9.14-2. dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin qanun çərçivəsində tənzimlənməsində iştirak etmək, yaranmış problemlərin həlli barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq;
 
9.14-3. dini ayinlərin icrası ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarının qorunması məsələsinin dövlət orqanları tərəfindən müzakirə olunmasında iştirak etmək;
 
9.15. Səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək;
 
9.16. (Ləğv edilib).
 
9.17. İslam dini icmalarının Azərbaycan Respublikasının ərazisində, qeyri-islam dini icmalarının Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini mərkəzlərindən (idarələrindən) dövlət qeydiyyatı və digər məsələlərlə bağlı müvafiq sənədləri tələb etmək;
 
9.18. (Ləğv edilib).
 
9.19. Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
 
9.20. Dini qurumlardan, o cümlədən onların tabe olduğu dini mərkəzlərdən (idarələrdən) öz fəaliyyət istiqamətlərinə uyğun məlumatlar və hesabatlar almaq;
 
9.21. Dini maarifləndirmə işi aparmaq, dövlət-din münasibətləri və bu sahədə digər məsələlər barədə əhalini məlumatlandırmaq məqsədilə qanunvericiliyə uyğun olaraq televiziya və radio yayımı kanallarından, digər kütləvi informasiya vasitələrindən istifadə etmək;
 
9.22. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək;
 
9.22-1. dövlət-din münasibətlərinin tənzimlənməsi və müvafiq qanunvericiliyin icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı vaxtaşırı müşavirələr keçirmək;
 
 9.22-2. müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak etmək və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasını təmsil etmək;
 
9.22-3. yerlərdə dini durumu öyrənmək üçün yerli icra hakimiyyəti orqanları ilə mütəmadi əlaqələr saxlamaq;
 
9.22-4. İslam dininə aid ibadət yerlərinin rəhbərliyinə təyin edilən din xadimləri barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat almaq;
 
9.22-5. dövlət-din münasibətləri sahəsində məqsədli proqramlar hazırlamaq və həyata keçirmək;
 
9.23. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
  
V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
 
 10.1. Komitənin fəaliyyətinə onun sədri rəhbərlik edir;
 
10.2. Komitənin sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
 
10.2-1. Komitənin strukturu, Komitənin aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
 
 10.3. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən üç müavini vardır. Komitə sədrinin birinci müavini və müavinləri Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar;
 
10.4. Komitənin sədri və müavinləri arasında vəzifə bölgüsü Komitənin sədri tərəfindən aparılır.
 
 10.5. Komitənin sədri:
 
Komitənin fəaliyyətinin təşkil edir;
 
müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, tabeliyində olan qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir, Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir;
 
müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində Komitənin regional orqanlarını yaradır, yenidən təşkil və ləğv edir;
 
qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
 
Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
 
dövlət orqanları, məhkəmələr, dini qurum və mərkəzlərdə, xarici və beynəlxalq təşkilatlarda, hüquqi və fiziki şəxslərlə, bələdiyyələrlə əlaqələrdə Komitəni vəkalətnaməsiz təmsil edir, vəkalətnamələr verir;
 
Komitənin işçilərini Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini təsdiq edir;
 
Komitənin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə mütəmadi olaraq hesabatlar və məlumatlar verir;
 
Komitənin maliyyə vəsaitləri və əmlakı barəsində sərəncam verir;
 
qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
 
10.6. Komitədə Komitənin sədrindən (Kollegiya sədri), onun müavinlərindən, habelə Komitənin digər rəhbər işçilərindən, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisindən ibarət Kollegiya yaradılır. Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;
 
10.7. Komitənin Kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiyanın sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmrləri ilə həyata keçirilir.
 
Komitənin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
 
Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, habelə dini qurumların nümayəndələri dəvət edilə bilərlər. 

 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt