Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Yəhudilik

AZƏRBAYCANDA YƏHUDİ İCMALARI HAQQINDA MƏLUMAT


Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.

Yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Əsrlər boyu ölkəmizdə yaşayıb yerli əhali ilə qaynayıb-qarışan, hətta qohumluq əlaqələri quran yəhudilərə qarşı xalqımız daim müsbət münasibət bəsləmişdir.
Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında məskunlaşmışlar. Onlar sənətkarlıq, ticarət, həkimlik, müəllimlik və s. bu kimi sahələrdə çalışmışlar.
Hazırda Azərbaycanda yəhudilər 3 icma ilə - Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Avropa yəhudiləri (aşkenazilər) icmaları ilə təmsil olunurlar.
Müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərinin həyatında yeni mərhələ başlamışdır. Milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi yəhudi icmaları qarşısında yeni imkanlar açmışdır. İcmalar dövlət qeydiyyatından keçərək sərbəst fəaliyyət göstərir, yeni dini ibadət yerləri, sinaqoqlar tikir, milli mərasim və bayramlarını qeyd edirlər.
Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir. Onlardan 6-sı Dağ yəhudilərinə, 1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir.
Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı “Qırmızı Qəsəbə”də yəhudi uşaqları üçün “Şmirat a-Şem” adlı kollec açılmışdır. Burada yəhudi milli adət və ənənələrini tədris edən İsrailli müəllimlər çalışırlar.
2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra təntənəli surətdə istifadəyə verilmişdir.
2010-cu ilin oktyabr ayının 27-də icma üçün Bakıda (Bakı şəhəri, Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72.) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə inşası dövlət büdcəsindən maliyyələşəcək yeni sinaqoqun təməli qoyulmuş və 2011-ci ilin aprel ayının 5-də həmin sinaqoq dindarların istifadəsinə verilmişdir.
 
Azərbaycandakı fəaliyyət göstərən “Gürcüstan yəhudiləri” isə əski zamanlardan Gürcüstan ərazisində məskunlaşan yəhudi diasporunun nümayəndələridirlər. Sonrakı dövrlərdə onların bir hissəsi Azərbaycana köçmüş və əsasən Bakı şəhərində məskunlaşmışlar.
Gürcüstan yəhudiləri öz milli-dini bayramlarını maneəsiz qeyd edir, yəhudi uşaqları bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşları kimi təhsil alırlar. 1995-ci ildən başlayaraq hər il yəhudi xalqının yeni ili sayılan “Roş ha-Şana” bayramı münasibəti ilə ölkə prezidenti tərəfindən Azərbaycan Respublikasındakı bütün yəhudi icmalarına təbrik ünvanlanır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Ölkəmizdə Holokost günü, yəni yəhudilərin II Dünya müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına məruz qalması günü də qeyd olunur. Ölkə başçısı İlham Əliyev bu günlə bağlı hər il Azərbaycan Respublikasının yəhudi icmasına müraciətlər ünvanlayır.
 
Digər yəhudi icması olan Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin yüksək inkişafı dövrünə təsadüf edir. Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər və s. ixtisas nümayəndələri var idi.
1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayırdı və onların əksəriyyəti Avropa yəhudiləri idilər. 1913-cü ildə isə bu say təqribən on minə çatırdı. Digər yəhudi icmalarında olduğu kimi, 1910-cu ildə Bakıda da sinaqoq inşa edilmiş və bu yer Avropa yəhudilərinin nəinki ibadət yerinə, eyni zamanda təlim-tədris ocağına çevrilmişdi.
Şəhərdə “iyeşiva” adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət göstərirdi ki, bu tədris ocaqlarında “Tövrat”, “Talmud” və “Mişna” kimi müqəddəs kitablar öyrədilirdi. Yəhudi qızları üçün də xüsusi gimnaziya və məktəblər açılmışdı.
Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət yanaşmış, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə onlara yad münasibət göstərməmişdir.
Bu gün də Azərbaycan Respublikasında aşkinazilər digər yəhudilərlə birgə, antisemitizmdən uzaq bir mühitdə yaşayırlar. Uzun illər öncə əsasən işləmək məqsədi ilə Azərbaycana gəlmiş bu yəhudilər artıq ölkəmiz üçün layiqli vətəndaş, Azərbaycan Respublikası isə onlar üçün əbədi Vətənə çevrilmişdir.
Təqribi hesablamalara görə, hazırda Azərbaycan Respublikasında təqribən 8 min yəhudi yaşayır. Onların əksəriyyəti respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərirlər. Hazırda Bakıda tanınmış yəhudilərin - Nobel mükafatı laureatı fizik Lev Landaunun, respublikanın əməkdar həkimi Solomon Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun və başqalarının yaşadıqları binalarda memorial lövhələr mövcuddur.
 
Hazırda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş yəhudi dini icmaları bunlardır:
-           Avropa Yəhudilərinin Bakı dini icması
-           Bakı şəhəri Dağ Yəhudiləri dini icması
-           Gürcüstan Yəhudilərinin Bakı dini icması
-           Sumqayıt Yəhudiləri dini icması
-           Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması
-           Azərbaycan Yəhudiləri dini icması
-           Oğuz şəhəri Yəhudi dini icması
-           Bakı şəhəri “Yerusəlimin işığı” yəhudi dini icması
 
Yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılırlar. Respublikada Azərbaycan-İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər - iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir.
1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr cəmiyyəti təsis edilmiş və bu cəmiyyət “Az-İz” abreviaturalı qəzet nəşr etməyə başlamışdır. 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulmuşdur və o vaxtdan bu münasibətlər yüksək templə inkişaf etməkdədir.

Dini ibadətlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün Avropa yəhudilərinə bütün lazımi şərait yaradılmışdır. Hazırda Bakıda iki, Qubada üç, Oğuzda iki sinaqoq dindarların istifadəsindədir.

2003-cü ilin mart ayının 9-da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində (Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 171.) açılmış Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu öz möhtəşəmliyinə görə Avropada ən böyük sinaqoqlardan sayılır. Bundan başqa 2010-cu ilin oktyabr ayının 4-də Bakının Əhmədli qəsəbəsində “Heydər Əliyev” Fondunun maliyyə dəstəyi ilə “Xabad-Or-Avner” yəhudi təhsil mərkəzi açılmışdır. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İsrailin sefard yəhudilərinin baş ravvini Şlomo Amar və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt