Komitənin hüquqları

- dövlət-din münasibətlərinə, din haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək; 
- dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək; 
- səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ekspert və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;  
- qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq; 
- səlahiyyətləri çərçivəsində və Komitənin qarşısında duran vəzifələri həyata keçirmək məqsədilə müvafiq strukturlar təsis etmək; 
- respublikada mövcud olan dini təhsil müəssisələrinin fəaliyyəti barədə məlumatlar almaq, bu müəssisələrdə, mütəxəssisləri cəlb etməklə, dini təhsillə bağlı yoxlamalar aparmaq, onların fəaliyyətində mövcud qanunvericiliyə zidd hərəkətlər olduğu təqdirdə dini mərkəz və ya müvafiq dövlət orqanları qarşısında bu barədə məsələ qaldırmaq; 
- dini təfriqə, məzhəb ayrı-seçkiliyi, milli təhlükəsizliyə zidd dini-siyasi təxribatlar və digər qeyri-qanuni dini fəaliyyətlə bağlı hərəkətlər və hallar barədə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə mütəmadi olaraq məlumatlar vermək, bu barədə əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırmaq; 
- dini qurumların, eyni zamanda ayrı-ayrı şəxslərin dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə zidd hərəkətləri barədə onların təmsil olunduqları mərkəz və idarə qarşısında məsələ qaldırmaq; 
- dini etiqad azadlığı ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarının pozulduğu halda, müəyyən edilmiş qaydada dini qurumların fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət etmək; 
- Azərbaycan Respublikasının dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə əsas olduğu təqdirdə qanunla nəzərdə tutulmuş formalarda dini qurumların fəaliyyətinə müdaxilə etmək; 
- dini qurumların qeydiyyatını həyata keçirmək, qanunazidd olaraq fəaliyyət göstərən dini qurumlar, eyni zamanda ayrı-ayrı şəxslər tərəfindən yaradılan və tarixi-ənənəvi kökü olmayan ibadət və ziyarət yerlərinin fəaliyyətinin qanunvericiliyə uyğun şəkildə tənzimləməyə kömək məqsədilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq; 
- dövlət təhsil müəssisələrində dinşünaslıq, din tarixi, dini-idraki, dini fəlsəfi fənlər və müqəddəs dini kitabların əsasları üzrə tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanmasında iştirak etmək; 
- vaxtilə müsadirə olunmuş və başqa məqsədlər üçün istifadə edilən dini obyektlərin dini icmalara qaytarılması barədə qanuna müvafiq şəkildə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq; 
- dini qurumların fəaliyyət qaydasının pozulması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması, dini ayinlərin icrasına maneçilik hüquqlarına qəsd edilməsi ilə əlaqədar müəyyən edilmiş məlumat və ya sənədi müvafiq tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərmək və öz nəzarətində saxlamaq; 
- səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər, məsləhət və izahatlar vermək; 
- ərizələri və digər məlumatları qeydiyyata almaq, qanunla müəyyən edilmiş qaydada onlara baxılmasını təmin etmək; 
- qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.