Komitənin tarixi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Komitənin əsas fəaliyyəti istiqaməti Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır.

Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatını həyata keçirilməsi, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.

Dövlət Komitəsinin dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi məqsədi ilə dini qurumların nümayəndələrini və müvafiq mütəxəssisləri cəlb etmək, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin fəaliyyəti barədə məlumatlar almaq, dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin qanun çərçivəsində tənzimlənməsində iştirak etmək, yaranmış problemlərin həlli barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq, dövlət-din münasibətləri sahəsində məqsədli proqramlar hazırlamaq və və s. bu kimi hüquqları var.

Komitənin fəaliyyətində əsas prioritet hədəflərə vətəndaşların vicdan azadlığının təmin edilməsi, dini ənənələrin, dözümlülük və tolerantlıq münasibətlərinin qorunması, dini mühitdəki radikal elementlərin qarşısının alınması, dini qurumların dövlət qeydiyyatı məsələsinin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsi, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparılması və yayılmasına müvafiq nəzarətin həyata keçirilməsi, dini qurumların fəaliyyətinin milli dövlətçilik maraqlarına və cəmiyyətin sosial problemlərinin həllinə cəlb edilməsi, dini maarifçilik işinin düzgün metodlarla təşkili və gücləndirilməsi, dini sahədə qanunvericiliyin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycanın dövlət-din münasibətləri modelinin beynəlxalq aləmdə təbliğ olunması və s aiddir.

Dövlət Komitəsinin strukturuna rəhbərlik, Mərkəzi Aparat və bölgə şöbələri daxildir.

Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təyin edilir. Hazırda Komitənin sədri Mübariz Qəhrəman oğlu Qurbanlıdır.

Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən üç müavini vardır.

Mərkəzi Aparatda 9 şöbə, bölgələrdə 15 şöbə fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır.

Əsas fəaliyyətini milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi üzərində quran Dövlət Komitəsi bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirir. Dini maarifləndirmə işini Komitənin təsis etdiyi “Cəmiyyət və Din” qəzeti, “Dövlət və Din” ictimai fikir toplusu, DQİDK əməkdaşlarının müəllifi olduğu nəşrlər, eləcə də televiziya proqramları vasitəsilə də aparan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında dini radikalizmin, xurafatın törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha aydın şəkildə çatdırmaq, həmçinin, bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Üfüqdəki gələcək” və “Oxu!”  adlı sənədli filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilmişdir. Komitənin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində “Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə” (Bakı, 17-18 iyun 2002-ci il), “Qafqazda sülh naminə əməkdaşlıq” (Tbilisi, 17 iyul 2002-ci il), “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” (Bakı, 10-11 oktyabr, 2002-ci il), "Din və demokratiya: nəzəriyyə və tarixi təcrübə" (21 iyun 2004-cü il), “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” (Bakı, 3-4 aprel 2007-ci il), “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru”, (Bakı, 6-7 noyabr 2009-cu il.), “Dünya dini liderlərinin Bakı Sammiti” (26-27 aprel 2010-cu il), “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” Birinci Beynəlxalq Bakı Forumu (19-21 dekabr 2012-ci il), "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" (1-2 sentyabr 2014-cü il, Bakı), “İslam maarifçiliyi və müasir dövr”  (15-17 aprel, 2015-ci il),  “Tolerantlıq və birgəyaşayış modelləri: paytaxtı Brüssel), “Alban Apostol kilsəsinin keçmişi və bu günü” (20 iyul, 2016-cı il), “İslam həmrəyliyi - zamanın çağırışı” (15 mart, 2017-ci il), “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” (12 Aprel, 2017-ci il),  “Heydər Əliyev və Azərbaycanda Dinlərarası Harmoniya” (4-6 may 2017-ci il), “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” (7 avqust, 2017-ci il, Tehran), “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında”  (25 sentyabr,2017-ci il, İstanbul), “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” (18 oktyabr, 2017-ci il, Daşkənd),  “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikutural həyata töhfəsi” (6 noyabr, 2017-ci il, Madrid), “Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” (23 noyabr, 2017-ci il, Sankt-Peterburq), “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans (28 sentyabr, 2017-ci il, Bakı şəhəri), “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” (21 dekabr, 2017-ci il, Bakı), “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” (27 aprel, 2017-ci il, Helsinki), “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” (19 noyabr, 2018-ci il, Berlin), “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” (5 mart, 2019-cu il, Bakı) mövzularında beynəlxalq konfranslar, simpoziumlar, panellər keçirmişdir.