Laçın rayonunun əsir abidələri


Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. 

1924-cü ildə təsis edilmiş rayonun ərazisi 1883 kvadrat kilometr olmuşdur. 1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olunandan sonra rayon əhalisi məcburi köçkün kimi respublikamızın 64 şəhər və rayonunda məskunlaşmışdır. İşğal zamanı yüzlərlə günahsız insan şəhid edilmiş, yaralanmış, 1200-dən artıq körpə yetim qalmış, rayonun bir çox tarixi-dini abidəsi məhv olunmuşdur. 
Rayon ərazisindəki Ağoğlan çayı sahilində IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır.
Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç üfüqi və bir şaquli xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Məlumdur ki, Humay quşu qədim türk xalqlarının tanrısı olmuşdur və bunun abidələrin üzərində təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası da olmuşdur. 
Laçının Ağoğlan məbədinə gedən yolun sağında XVI  əsrin at heykəlli və sənduqə formalı qəbir daşları vardır. Həmçinin, Laçın rayonunda Məlik Əjdər türbəsi, Mirik kəndində XV əsrə aid Alban məbədi, Minkənddə XV əsrə aid məbəd, Qarıqışlaq kəndində XI əsrə aid Dəmirovlu piri, Ərikli kəndində XVI əsrə aid Qarasaqqal türbəsi vardır. 


“AĞOĞLAN” MƏBƏDİ

V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi (İNV № 310) Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilmişdir.
Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapmışdır. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olmuş və bu məkanda qəsr tikdirmək qərarına gəlmişdir. Ətrafında yerli əhalidən tikinti işini bacaran könüllülərindən dəstə toplayıb işə başlamışdır. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu “Ağoğlan” adlandırıbmış.
Tikilən qəsr vaxtilə “Qaranquş qəsri” adı ilə də bilinmişdir. Bununla bağlı rəvayət də çox maraqlıdır. Deyilənə görə, günlərin bir günü, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmışlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür.Camaat isə heyrətdən donub qalır. 
Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır, qəsri də onun şərəfinə “Qaranquş qəsri” adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulmuş və məbədə çevriləndən sonra isə xalq arasında onu tikdirənin şərəfinə “Ağoğlan” kimi tanınmağa başlanmışdır.
Məbəd kifayət qədər böyük ölçülərə malikdir. Plan baxımından üç nefli olan düzbucalı bazilikadan ibarətdir. İbadət zalının bütün nefləri silindrik formalı tağlarla örtülmüşdür.
İnteryer baxımından bazilika möhkəm yerli daş olan bazaltdan inşa edilmişdir. Tikilinin fasadının yan tərəfində zala yeganə giriş oyuğu var. Fasadın hamar səthləri yuxarı hissədə isə bir-birindən uzaq məsafədə yerləşmiş ensiz pəncərə oyuqları ilə kəsilir və zalın daxili məkanına bu oyuqlardan işıq düşür. 
“Ağoğlan” məbədinin daxili divarları yonulmuş iri, qara daşlarla üzlənmişdir. Vaxtilə divarlarda, mala üzərində tematik çoxrəngli rəsmlər çəkilmişdi. Onların çox hissəsi zamanla silinsə də, şimal divarında indiyədək qismən freska rəsmli fraqmentlər qalmaqdadır. Zalın interyerinin yuxarı hissələrində daş üzərində dekorativ oymalar tətbiq edilmişdir.
1992-ci ildə erməni qəsbkarları ərazini işğal etdikdən sonra “Ağoğlan” məbədini özününküləşdirməyə başlamışlar. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silmiş, formalarını dəyişdirmişlər. Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmişlər.
Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırmış, binanın fasadını söküb kirəmid və dəmirlə əvəzləmişlər.
2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdürdüklərini bir daha əyani şəkildə göstərdilər.


Tarixi-dini abidələri 

Məscid (1718-ci il) – Qarqışlaq kəndi (İNV № 4733)
Məbəd (XVII əsr) – Piçənis kəndi (İNV № 4737)
Məscid – Piçənis kəndi (İNV № 4736)
Məscid – Piçənis kəndi (İNV № 4738)
Məbəd (XII əsr) – Qorçu kəndi (İNV № 4739)
Məbəd (X əsr) – Aşağı Fərəcan kəndi (İNV № 4740)
Məbəd (XV əsr) – Şalva kəndi (İNV № 4741)
Məbəd (XV əsr) – Əhmədli kəndi (İNV № 4742)
Məbəd (XV əsr) – Minkənd kəndi (İNV № 4745)
Məbəd (XV əsr) – Minkənd kəndi (İNV № 4746)
Məbəd (XV əsr) – Mirik kəndi (İNV № 4758)
Məbəd (XIX əsr) – Sonasar kəndi (İNV № 4762)
Məbəd (XVII əsr) – Sadınlar kəndi (İNV № 4764)
Məbəd (XVII əsr) – Hoçaz kəndi (İNV № 4724)
Mağara məbədi (V əsr) – Hoçaz kəndi (İNV № 4764)
Düzbucaqlı məscid-mədrəsə (1790-1791) – Cicimli kəndi


Ziyarətgahlar

Məlik Əjdər türbəsi (XIV əsr) – Cicimli kəndi (İNV № 311)
Türbə (XVII-XVIII əsrlər) – Cicimli kəndi (İNV № 312)
Sultan Baba piri (XIX əsr) – Zeyvə kəndi (İNV № 4764)
Türbə - Güləbird kəndi (İNV № 4726) 
“Ağbaxt xeyir” türbəsi – Əhmədli kəndi (İNV № 4743)
Soltanbaba türbəsi (XIX əsr) – Zeyvə kəndi (İNV № 4729)
Şeyx Əhməd türbəsi (XIX əsr) – Zeyvə kəndi (İNV № 4730)
Türbə (XIX əsr) – Zeyvə kəndi (İNV № 4731)
Dəmirovlu Pir məbədi – Qarıqışlaq kəndi (İNV № 4730)
“Aşığ” qəbiristanlığı (orta əsrlər) – Mezmazak kəndi (İNV № 5923) 
Qəbiristan (orta əsrlər) – Abdallar kəndi (İNV № 5924)
Araxışda türbəsi (XVI əsr) – Ərikli kəndi
Qarasaqqal türbəsi (XVI əsr) – Ərikli kəndi 
Xəlifə türbəsi (XVII əsr) – Malxələf kəndi 
Türbə (XIX əsr) – Zeyvə kəndi 
Ağa Baba piri – Seyidlər kəndi 
Əli bulağı piri – Hocaz kəndi 
Xəlif piri – Məlikpaya kəndi 
Seyid  Kərimin ocağı – Farraş kəndi 
Yer daş piri – Qarakeşiş kəndi 
Xəlifə qəbri ziyarətgahı – Malıbəy kəndi 
Alı Xəlifə ocağı – Böyük Seyidlər kəndi 
Seyid Hüseyn ağa ziyarətgahı – Böyük Seyidlər kəndi 
Güllü qəbir piri – Böyük Seyidlər kəndi   


Tarixi memarlıq abidələri 

Körpü (X əsr) - Aşağı Fərəcan kəndi (İNV № 4740)
Qala (XV əsr) – Mirik kəndi (İNV № 4757)
Daş qutusu (Dəmir dövrü) – Abdallar kəndi (İNV № 1457)
Kurqan (Dəmir dövrü) – Cicimli kəndi (“Qızqəbri” kurqanından 200-280 m aralı) (İNV № 1458)
“Qızqəbri” kurqanı (dəmir dövrü) – Cicimli kəndi (İNV № 1459)
Kurqan (Dəmir dövrü) – Cicimli kəndi (İNV № 1460)
Kurqan (Tunc dövrü) – Ziyrik kəndi (İNV № 1461)
Kurqan (Dəmir dövrü) – Qoçaz kəndi (İNV № 1462)
Kurqan (Dəmir dövrü) – Güləbird kəndi (İNV № 1463)
Üzərində ərəb yazıları olan daş at fiquru (XVI əsr) – Malıbəy kəndi (İNV № 6171)
Üzərində ərəb yazıları olan daş at fiquru (XVI əsr) – Malıbəy kəndi (İNV № 6172)
Daş at fiquru – Malıbəy kəndi (İNV № 6173)
Üzərində ərəb yazıları olan daş at fiquru (XVII əsr) – Güləbird kəndi (İNV № 6174)
Daş at fiquru – Güləbird kəndi (İNV № 6175)
Üzərində ərəb yazıları olan daş at fiquru – Güləbird kəndi (İNV № 6176)
Daş qoyun fiquru – Küsülü kəndi (İNV № 6177)
Daş qoyun fiquru (XVII əsr) – Keçmiş Xallanlı kəndi (İNV № 6178)
Daş at fiquru – Keçmiş Xallanlı kəndi (İNV № 6179)
Kafir-qala (XVII əsr) – Zeyvə kəndi (İNV № 4732)
Birtağlı körpü (XIX əsr) – Minkənd kəndi (İNV № 4748)
İkitağlı körpü (XIX əsr) – Minkənd kəndi (İNV № 4747)
Birtağlı körpü (XIX əsr) – Zabux kəndi (İNV № 4754)
Soltan Əhməd sarayı (XIV əsr) – Soltanlar kəndi (İNV № 4728)
Həmzə Soltan sarayı (1761-ci il) – Hüsulu kəndi (İNV № 4727)
Sarı Aşığın ev muzeyi – Güləbird kəndi (İNV № 5670)
Laçın Tarix-diyarşünaslıq Muzeyi – Laçın şəhəri