Füzuli rayonunun əsir abidələri


Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 

1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır. 
Rayonun ərazisi 1390 kvadrat kilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. 
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının  üzərindəki türbəni,  XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. 

Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.

Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Hacı Qiyasəddin Ağa Dizaği 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuşdur. Sayılıb seçilən Hacı Qiyasəddin Qarğabazarı kəndinin kəndxudası olmuşdur. Deyilənlərə görə o, qurucu və xeyirxahlığı ilə seçilib. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdir. Həmin məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü illərə təsadüf edir. 

Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur.


HACI ƏLƏKBƏR MƏSCİDİ (İNV №4208)

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.


MİRƏLİ TÜRBƏSİ

Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur.


Tarixi-dini abidələri 

Məscid (XVII əsr) – Qarğabazar kəndi (İNV № 4212)
Məscid (XVIII əsr) – Qoçəhmədli kəndi (İNV № 4228)
Məscid (XIX əsr) –Qaçar kəndi (İNV № 4216)
Məscid (XIX əsr) –Dədəli kəndi (İNV № 4214)
Məscid (XIX əsr) – Mərdanlı kəndi (İNV № 4217)
Məscid (1889-cu il) – Horadiz qəsəbəsi (İNV № 4220)
Məscid (XX əsr) – Horadiz qəsəbəsi (İNV № 4221)
Məscid (XIX əsr) – Böyük Bəhmənli kəndi (İNV № 4211)
Məscid (XIX əsr) – Yuxarı Veysəlli kəndi (İNV № 4225)
Məscid (XIX əsr) – Aşağı Diləğarda kəndi (İNV № 4227)
Sərdərli məscidi (XIX əsr) – Qoçəhmədli kəndi (İNV № 4231)
Məscid (XIX əsr) - Gecəközlü kəndi (İNV № 4223)
Məscid (XIX əsr) – Qoçəhmədli kəndi (İNV № 4233)
Məscid (XVIII əsr) – Qaradağlı kəndi (İNV № 4237)
Məscid (XIX əsr) – Qaraxanbəyli kəndi (İNV № 4240)
Məscid (XIX əsr) – Qorqan kəndi (İNV № 4205)
Məscid (XIX əsr) – Bəy Pirəhmədli kəndi (İNV № 4239)


Ziyarətgahları

Məngələn ata piri – Qoca kəndi 
Mirami piri – Dilgəradə kəndi
İbrahim türbəsi (XVIII əsr) – Aşağı Aybasanı kəndi 
Palıd ocağı – Böyük Bəhmənli kəndi 
İmamzadə ocağı (XIX əsr) – Horadiz qəsəbəsi (İNV № 4222)
Yel piri – Pirəhmədli kəndi 
Sarı baba ocağı – Qoçəhmədli kəndi 
İlan ocağı – Sadarlı kəndi 
Pirocaq ocağı – Qacar kəndi 
Cəlil türbəsi (XIX əsr) – Qarğabazar kəndi 
Arqalı türbəsi (XIII əsr) – Aşağı Veysəlli kəndi
Türbə (XIII əsr) – Əhmədallar kəndi 
Türbə (XVIII əsr) – Qarğabazar kəndi (İNV № 4213)
Türbə (XIX əsr) – Seyidəhmədli kəndi (İNV № 4226)
Türbə (XIX əsr) – Zuzarı Divanalılar kəndi (İNV № 4238)
Mirmehdi Xəzani türbəsi – Tuğ kəndi 
Seyid Əşrəf ocağı 
İbə (İbn İbrahim) piri – Seyid Əhmədli kəndi  


Tarixi memarlıq abidələri 

Hamam (XIX əsr) – Füzuli şəhəri (İNV № 4201)
Alı körpüsü (XIX əsr) – Saracıq kəndi (İNV № 4234)
Kərəm körpüsü (XIX əsr) – Saracıq kəndi (İNV № 4236)
Sandığabənzər başdaşı (1624-1625-ci illər) – Əhmədallar kəndi 
Şah Abbas karvansarayı – Qarğabazar kəndi 
Şah Abbas məscidi (1683-1684-cü illər) – Qarğabazar kəndi 
XII əsrə məxsus qəbiristan – Aşağı Veysəlli kəndi 
Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) – Horadiz qəsəbəsi 
Oğuz qəbri – İşıxlı kəndi
Karvansara (XVII əsr) – Qarğabazar kəndi