"Möhsün Səlim" Məscidi

Xəzər rayonu


Məscidi 1916-cı ildə Möhsün Səlim adlı milyonçu tikdirmişdir. Daxili sahəsi 210 kv. metrdir. İkinci mərtəbədə qadınlar üçün 40 kvadratmetrlik ibadət yeri ayrılmışdır. Məscidin giriş qapısı oxvari tağ formasındadır. Diametri 14 metr olan gümbəzin aşağı hissəsində dairəvi şəkildə 16 pəncərə  yerləşdirilmişdir. İbadət yerinin döşəmədən gümbəzə qədər hündürlüyü 19 metrdir.

Sovet hakimiyyəti dövründə fəaliyyəti dayandırılmış məscid Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət bağlı qalmışdır. Yalnız Heydər Əliyev Fondu məsciddə əsaslı təmir və bərpa işləri apardıqdan sonra 2006-ci ildə ibadət evi dindarların istifadəsinə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişlər.

Möhsün Səlim Əmircan kəndinin neftxudalarından olan Səlimovlar nəslinin nümayəndəsi idi. Xalq arasında gəzən rəvayətə görə, bir gün Möhsün Səlim  Zabrat qəsəbəsində yerləşən “Xanım Zeynəb” məscidini yenidən bərpa etmək istəyir. Lakin Zabrat camaatı bildirir ki, işi dayandırsın və onlar özləri məscidi abadlaşdıracaqlar. Bu hadisədən sonra o, 1916-cı ildə eynilə həmin məscidin layihəsi əsasında Binə kəndində indi “Möhsün Səlim” adlanan məscidi inşa etdirir. Bu əhvalatın nə dərəcədə səhih olduğu məlum deyil. Bəlkə də, belə bir rəvayətin ortaya çıxması Bakı kəndlərində iki oxşar məscidin olmasıyla əlaqədardır. Hər işi  əsasən nəticəsinə görə qiymətləndirərlər. Nəticə isə ürəyə yalnız fərəh gətirir.