Saray "Cümə" məscidi

Abşeron rayonu


Saray Cümə məscidi Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə, 1993-cü ildə yerli sakinlər tərəfindən inşa edilmişdir. Məscid binasının daxili sahəsi 374 kvadratmetrdir. İbadət zalında eyni vaxtda təxminən 400 nəfərin namaz qılması mümkündür. Qadınlar üçün 120 kvadratmetrlik xüsusi ibadət zalı ayrılmışdır. 4,5 metr diametrində olan günbəz və düzbucaqlı tavan daxildən səkkiz sütunun üzərində dayanmışdır.

Saray son 30 ilə yaxın bir dövrdə şəhər tipli qəsəbəyə çevrilmişdir. Qəsəbənin “Köhnə Saray” adlanan hissəsi bu gün də qalmaqdadır. Bu kənd vaxtilə İpək yolunun üstündə yerləşmiş qədim yaşayış məntəqəsidir. Kəndin ərazisində yerləşən abidələr, o cümlədən dörd məscid, hamam, türbələr və digər qədim tikililər onun çoxəsrlik tarixindən xəbər verir. Köhnə Cümə məscidi bu gün də qədim karvan yolunun üstündə olan kənddə qorunub saxlanır.