"İmam Hüseyn" məscidi

Abşeron rayonu


İmam Hüseyn məscidini kənd sakini, xeyriyyəçi Hacı Hüseyn 1897-ci ildə inşa etdirmişdir. İbadət otağı 132, həyəti 170 kvadratmetrdir. Dörd metr diametri olan günbəzin üzərində dörd pəncərə - gözlük açılır. Günbəz daxildən sütunlar üzərində dayanır. Tavanı və döşəməsi betondandır. Giriş qapısı portal formalı olub, əsas binadan bir qədər irəli çıxır. 1989-cu ildə İmam Hüseyn məscidi əsaslı təmir olunmuş və bir əsr əvvəlki görünüşü ilə müqayisədə xeyli dəyişmişdir.

Qədim tarixi olan Fatmayı kəndində Hacı Heybət, Əlvətdin, Poladlar, Xanımcan kimi XV, XVI, XVIII əsrlərə aid məscidlər də var. Vaxtı ilə bu kənddə, demək olar ki, hər məhəllənin öz məscidi var imiş. Kiçik məhəllə məscidlərinin çoxu Sovet illərində bağlı qalsa da, insanlar bu məscidlərə həmişə müqəddəs yer kimi baxar, onların yanından gündə yüz dəfə keçsələr belə, hər dəfə addımlarını yavaşıdaraq pıçıltıyla dua oxuyar, gizlincə salavat çevirərdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün bu məscidlər açılmış, təmir-bərpa işləri aparılmış və insanlar burada yenidən ibadət etməyə başlamışlar.