"Xırdalan Cümə" məscidi

Abşeron rayonu


"Xırdalan Cümə" məscidi hicri-qəməri ilə 1263, miladi təqvimlə 1842-ci ildə Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və kəndin imkanlı adamlarının maddi yardımı ilə tikilmişdir. Məscidin kişilər üçün ibadət otağı 180, qadınlar üçün ikinci mərtəbədə yerləşən ibadət otağı isə 48 kv. metrdir. Dörd metr diametrində olan gümbəz daxildən 4 tağlı sütunlar üzərində dayanmışdır. Gümbəzin 4 vitraj pəncərəsi var. Minarənin hündürlüyü 32 metrdir. Daxildən tavanın gümbəz hissəsində dairəvi şəkildə dörd dəfə “Kəlmeyi-şəhadət” yazılmışdır.  Məscid binası düzbucaqlı formadadır.

"Xırdalan Cümə" məscidi Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilmiş, Sovet dövründə, 1937-ci  ildə minarəsi dağıdılmış, əsas binadan bir müddət kolxozun taxıl anbarı kimi istifadə olunmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məsciddə təmir-bərpa işləri aparılmış və yeni minarə ucaldılmışdır. Hazırda məsciddə dindarların rahat ibadət etməsi üçün bütün şərait mövcuddur.