Ağdərə rayonunun əsir abidələri


Ağdərə rayonu 1930-cu ildə yaradılmışdır. Sahəsi 1705 kvadrat kilometr, əhalisi 44,4 min nəfər olmuşdur. Rayonda iki şəhər tipli qəsəbə, 60 kənd vardı (1977-ci ilin məlumatlarına əsasən). 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanmışdır. İnzibati mərkəzi Ağdərə şəhəri olmuşdur. 

1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.  
Rayon ərazisi 17 iyun 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 
Ağdərədə İslam istiqamətli bir sıra abidələr mövcud olmuşdur. Bunların arasında ən çox yayılan pirlərdir. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən “Ulduz təpə” piri bölgədə tanınan ziyarət yerlərindən olmuşdur.  
Ağdərə rayonu da digər bölgələrimiz kimi tarixi-dini abidələrlə zəngindir. Bu ərazilərdə yerləşən bir çox abidələr barədə Ağdam və Kəlbəcər rayonlarındakı abidələr haqqındakı məlumatlarda bəhs edilmişdir. Lakin onlardan Müqəddəs Yelisey məbədi barədə ətraflı məlumat verməyin daha məqsədəuyğun olacağını düşünürük.  


MÜQƏDDƏS YELİSEY MƏBƏDİ

Albaniyada Xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastır kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri həyata keçirilmişdir.
Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan ermənilər tərəfindən dağıdılmış, başqa yerlərə aparılmışdır. 
Erkən orta əsr tarixçilərinin məlumatlarına görə, Albaniya hökmdarı Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə bağlıdır. Müqəddəs Yelisey monastır kompleksi bu tikililər arasında xüsusi yer tutur. Həmin kompleksin əsas binası bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristianlığı ilk dəfə təbliğ etmiş Müqəddəs Yeliseyin şərəfinə tikilmişdir.
Moisey Kalankatlının əsərində Müqəddəs Yelisey məbədinin tikintisi haqqında məlumatlar vardır. O, Müqəddəs Yeliseyin Albaniya hökmdarı III Vaçaqanın zamanında quru cəsədinin əldə olunması barədə danışaraq qeyd edir ki, «müqəddəs Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan yerdə dəfn olunmasını zəruri etdi, müqəddəs ierey (keşiş) Stefan onun başını Urekan kəndində torpağa tapşırdı. Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra qardaşlığına köçürdülər və bu yer indi Cirviştek adlanır».
Güman etmək olar ki, əvvəllər burada müqəddəs Ners-Mihra qardaşlığının kilsəsi tikilmiş, kilsə onların adını daşımışdır. «Uzun müddətdən sonra Vaçaqanın burada uca sütun tikdirdiyi» nəzərə alınarsa, ehtimal etmək olar ki, buradakı ilkin tikili təxminən V əsrə aiddir.
Moisey Kalankatlının məlumatlarından belə nəticəyə gəlmək olar ki, Cirviştek monastırı erkən alban xristian tikililərindən biri olmuşdur.
Kompleksin hal-hazırda mövcud olan qalıqları (baş kilsə, yeddi zəng qülləsi, bir sıra yaşayış və təsərrüfat binaları, habelə güclü müdafiə divarları) daha sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar arasında elələri də vardır ki, burada qədim tikililərin mövcud olması fikrinin xeyrinə dəlillər verir. Baş kilsənin divarında həkk olunmuş yazıda deyilir: «Mən, arxidyakon Serob bu müqəddəs guşədə əvvəlki özül üzərində müqəddəs apostolun [kilsəsini] tikdirdim».
Bu ilkin tikilinin tədqiqi məqsədilə baş kilsənin Şərq divarı yanında arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları və məişət əşyaları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Müqəddəs Yelisey məbədi də 8,7 metr uzunluğunda olmuş üçnefli bazilika idi. Məbədin şərq tərəfi nalşəkilli səcdəgah absidası ilə başa çatırdı. Bazilikanın yan neflərinin sonlarında keşiş cübbələrinin saxlandığı yerlər vardır. Məbəd IX-X əsrlərdə dağıdılmışdır. 
Hazırda ermənilərin bu məbəddə qriqoryanlaşdırma işləri davam edir. Onlar məbədin müxtəlif yerlərində qriqoryan xaçlarının təfsirlərini yerləşdirmişlər. Lakin şəkillərdən də gö­ründüyü kimi bu siyasət o qədər kor­təbii alınır ki, bu yalançı tarix yaratmaq təşəbbüsünün nə qədər gülünc olduğunu anlamaq o qədər də çətin deyil.