Suraxanı "Heydər" məscidi

Suraxanı rayonu


1999-cu ildə inşa edilmiş qəsəbə məscidinə burada ibadət edənlərin arzusu ilə Ulu Öndər Heydər Əliyevin adı verilmişdir. Heydər məscidi sırf Bakı-Abşeron memarlığı üslubunda tikilmişdir. 25 metr hündürlüyündə tək minarəsi var. Ümumi sahəsi 400 kvadratmetrdir. Məscidin ibadət zalında eyni vaxtda 200 nəfərin namaz qılması üçün bütün zəruri şərait var.

Yeni Suraxanı ötən əsrin 30-cu illərində neft sənayesində işləyən insanlar üçün tikilmiş şəhər tipli evlərdən ibarət yeni qəsəbədir. Əslində Suraxanı kəndinin eramızdan əvvəllərə gedib çıxan qədim tarixi və məscidləri var. Yerdən alov çıxan bu yeri dünyanın uzaq-yaxın ölkələrindən, İrandan, Hindistandan atəşpərəstlər gəlib ziyarət edirmişlər. Bu gün də atəşpərəstlər üçün “Atəşgah” adıyla dövlət tərəfindən mühafizə edilən tarixi abidə müqəddəs məbəd sayılır.

Bəşər öz tarixinin başlanğıcından oda meyl etmiş, işıq gələn yerə getmiş, orada yurd salaraq yaşamışdır. Lakin işığı da, odu da yaradan daha ulu qüvvə var – Allah. Məhz bu həqiqətə yetmək üçün insan məscidə gedir və orada ibadət edir.