Maştağa "Cümə" məscidi

Sabunçu rayonu


Maştağa "Cümə" məscidi 1708-ci ildə inşa edilmişdir. İbadət zalının səhəsi 340 kv.metrdir. Diametri 3, 5 metr olan səkkiz pəncərəli gümbəz və tavan daxildən bir-biri ilə tağlarla əlaqələnmiş 20 daş sütun üzərində dayanır. Əvvəlki minarə sovetlər zamanı sökülmüşdür. Yeni tikilən minarənin hündürlüyü 46 metrdir. Məscidin fasad hissəsindəki eyvanda daş kitabələr saxlanılır.

1841-ci ilin dekabrında Bakı kəndlərində baş vermiş zəlzələdən az sonra  Maştağa qəsəbəsinə gələn rus səyyahı İlya Berezin gördüyü mənzərəni belə ifadə edir: “Göz üçün maraqlı, ürək üçün ağrılı”. Həmin tarixdən səksən il əvvəl daha bir zəlzələ olmuşdu. İnsanlar təzəcə firavan həyat yaşamağa başlamışdı ki, yenidən onlara fəlakət üz verdi. Təskinlik verən təkcə o idi ki, 10 gün ərzində yerin altından eşidilən tükürpədici uğultu kənd sakinlərini güclü yer titrəməsi olacağından xəbərdar etmiş və buna görə də, hamı vaxtında evindən çıxmış, tələfatın qarşısı alınmışdı. Rus səyyahı nisbətən salamat qalan məscid haqqında da yazır.

Maştağada qədim tarixə malik olan onlarla məscid, o cümlədən Cümə məscidi dəfələrlə dağıntılara məruz qalmış və yenidən bərpa edilmişdir. Bu baxımdan Cümə məscidinin bugünki görünüşü çoxəsrlik tarixini tam əks etdirmir. Lakin daş kitabələr, sənədlər, tarixi faktlar bu yerlərdə daha qədimlərdə məscid olduğunu təsdiqləyir.

Maştağa ziyalılarının verdiyi məlumata görə, ötən əsrin 30-cu illərinin sonuna qədər kənddə qırxa yaxın məscid var idi. Bunların arasında hətta Səfəvi dövründə tikilmiş məscidlər də olmuşdur. 1414-cü ilə aid olan “Ərtuğay məscidi”nin daş kitabəsi hazırda Azərbaycan Tarixi Muzeyində saxlanır.