Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid)

Suraxanı rayonu


Qoşaminarəli məscidi Bakı milyonçusu Murtuza Muxtarov 1908-ci ildə inşa etdirmişdir. Ona görə də, xalq arasında bu ibadət evinə “Murtuza Muxtarov məscidi” də deyirlər. İbadət zalının sahəsi 196, qadınlar üçün ayrılan ibadət yerinin sahəsi isə 84 kvadratmetrdir.

Aşağı hissəsi dairəvi pəncərələrdən ibarət olan günbəz daxildən hündür tağlı sütunlar üzərində dayanmışdır. İbadət zalının döşəmədən günbəzə qədər hündürlüyü 19 metrdir. Altı metr hündürlüyündə giriş qapısı var. Bakı və Abşeron kəndlərindəki digər məscidlərdən fərqli olaraq bu məscidin iki minarəsi var. Minarələrin hər birinin hündürlüyü 47 metrdir. Məscidin mehrabının yuxarısındakı dairə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə şiə inancındakı 12 imama işarədir.  

Murtuza Muxtarov 1908-ci ildə iki məscid tikdirmişdir: biri öz doğma kəndi Əmircanda, ikincisi Vladiqafqaz şəhərində. Əmircan məscidinin memarı Zivərbəy Əhmədbəyov, Vladiqafqaz məscidinin memarı isə Yozef Ploşkodur. Məscid memarlığını tədqiq edən sənətşünas Titus Burkhardt yazır ki, ənənəvi Şərq memarlığında daşın ağırlığından qorxmurlar, əksinə, onu məharətlə kompozisiya yaradıcı elementə çevirməyi bacarırlar, Avropada isə daşı görünməz etməyə meyl güclüdür. Bu fərqi eyni vaxtda tikilən iki məscidin və eyni vaxtda yaşamış iki böyük  memarın yaradıcılığında da müşahidə etmək olar. Hər iki məscid gözəl sənət əsəridir. Amma onlar iki müxtəlif üslub və iki müxtəlif dünyagörüşünü ifadə edir.

Deyilənə görə, o illərdə Murtuza Muxtarov tez-tez bu məscidə gələr, namaz qılıb dua edərmiş. Hətta o, İstanbulda xüsusi sifarişlə Qurani-Kərim hazırlatmış və məscidə hədiyyə etmişdir. Murtuza Muxtarov 1920-ci ildə Bakıda evinə soxulmuş bolşevik əsgərlərinə qarşı fədakarcasına vuruşaraq həlak olmuş və özünün tikdirdiyi Qoşaminarəli məscidin həyətində torpağa tapşırılmışdır.