Sahil qəsəbəsi "Cümə" məscidi

Qaradağ rayonu


“Fatimeyi Zəhra” məscidi kimi tanınan Sahil Cümə məscidinin əsası 1999-cu ildə qoyulmuşdur. Məscidin inşasında qəsəbə sakinləri yaxından iştirak etmiş, ibadət evi mərhələ-mərhələ genişləndirilmişdir. Tək minarəli ibadət evinin həyətində yardımçı binalar tikilərək bütün zəruri şəraiti olan məscid kompleksi yaradılmışdır. 

Bakıdan 28 kilometr aralıda yerləşən Sahil qəsəbəsi 1949-cu ildə salınmışdır. Qəsəbənin salınmasının səbəbi sement zavodunun Bakıdan Qaradağa köçürülməsi və burada əsasən gənc işçilərin və gənc ailələrin yeni mənzillərdə yerləşdirilməsi idi. Yeni salınan Sovet sənaye şəhərlərində insanları dindən uzaq tutmağa çalışırdılar. Lakin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində sosializm ideallarının bir göz qırpımında çöküb yoxa çıxması nəinki qədim ənənələri olan şəhər və kəndlərdə, eləcə də sənayeləşmiş şəhər və qəsəbələrdə yaranmış ideoloji boşluğun yerində dini intibahın baş qaldırması üçün zəmin yaratdı. Sahil qəsəbə məscidi məhz belə bir zamanda tikilmişdir.