Ağdam rayonunun əsir abidələri


Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Rayon Aran Qarabağla Dağlıq Qarabağın birləşdiyi ərazidə yerləşir. Ağcabədi, Bərdə, Tərtər, Ağdərə, Əsgəranla qonşudur. Ağdam rayonunun ərazisi 1150 kvadrat kilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir. Rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdir.
XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilmişdir.       
Rayonun ərazisində aşağıda göstərilmiş siyahıya daxil etmədiyimiz qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə dünya və ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına salınaraq inventarlaşdırılmışdır. 
Tədqiqatçı alim Rəşid Göyüşov ərəblərin Azərbaycanı fəth etdikdən sonra İslamı ən son qəbul edən bölgənin Ağdam olduğunu qeyd etmişdir.   
Xaçındərbətli kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım Ağanın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir. 

 

AĞDAM CÜMƏ MƏSCİDİ
(AĞDAM ŞƏHƏRİ)

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. 

***
Mərkəz gümbəzə dayaq olan dörd sütun daxili məkanın həm tən ortasında kvadrat, həm də yan tərəflərdə iki mərtəbəli eyvanlar yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da öz növbəsində yuxarıdan gümbəzlərlə örtülür. Burada da az qala hər detalda İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə münasibətlərinə rast gəlmək olar. İbadət zalı mehrabın kənarlarından və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır. Mehrab tağçasının üzərində binanın dekor tərtibini verən ustad Məhəmməd Nəqqaş Təbrizinin adı və təmir olunduğu il, hicri təqvimlə 1331-cü il (miladi 1913) tarixi həkk olunmuşdur. Mənbələrdə göstərilir ki, Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.

***
Memar Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə doğulmuş, 1910-cu ildə vəfat etmişdir. Onun Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərlərində, eləcə də Ukraynanın  Odessa və Türkmənistanın Aşqabad şəhərlərində ucaltdığı məscidlər bu gün də memarlıq nümunələri hesab olunur. Kərbəlayi Səfixan Qarabaği sayəsində “Qarabağ məscid memarlığı” adlı üslub formalaşmış və bu üslubu başqa heç bir digər üslublarla səhv salmaq mümkün deyil. 

***
Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha təsdiqləyir. 

 

Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi

Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. 
Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəvi quruluşun özünəməxsusluğundadır.
Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca əlamətdir.
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Abidənin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür.
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.
Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.


Tarixi-dini abidələri 

Məbəd (VI əsr) – Kəngərli kəndi 
Yegiş Arakel Məbədi (XII əsr) – Madaqiz kəndi (İNV № 4035)
Ureq Məbədi (XII əsr) – Talış kəndinin qərbində (İNV № 4036)
Məbəd (XIII əsr) – Tərtər çayının yuxarı axarında (İNV № 4038)
Məbəd (XIII əsr) – Maqavuz kəndi (İNV № 4039)
Kilsə (---) – Çerabert kəndi (İNV № 4040)
Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi 
Məbəd (XV əsr) – Maqsudlu kəndi (İNV № 4050)
Məbəd (XVI əsr) – Salahlı-Kəngərli kəndi (İNV № 4053)
Məscid (XIX-XX əsr) – Boyəhmədli kəndi (İNV № 4054)
Məscid (XVIII əsr) – Qiyaslı kəndi (İNV № 4052)
Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4045)
Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4046)
Məscid (1868-ci il) – Ağdam şəhəri 


Ziyarətgahları

Qutlu Musa türbəsi (1314-cü il) – Xaçındərbətli kəndi 
Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4028)
Türbə (XIX əsr) – Ağdam şəhəri (İNV № 4029)
Türbə (XVIII əsr) – Papravənd kəndi (İNV № 4043)
Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi (İNV № 4044)
Türbə (XVIII əsr) – Maqsudlu kəndi (İNV № 4051)
Türbə (XIV əsr) – Kəngərli kəndi (İNV № 4055)
Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4056)
Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4057) 
Uğrulla bəyin türbəsi (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4058)
Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4059)
Qəbiristan (orta əsrlər) – Papravənd kəndi (İNV № 5750)
Qəbiristan (orta əsrlər) – Qızıllı Kəngərli kəndi (İNV № 5751)
Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi 
Eşq Abdal piri – Üçoğlan kəndi 
Əli pəncəsi (daş) – Yülbalı kəndi 
Seyid Manafın qəbri – Tağıbəyli kəndi
Qara Piri ocağı – Papravəng kəndi 
Cındırlı piri – Kəngərli kəndi 
Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi 
Daş heykəl – Boyəhmədli kəndi 
Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi 


Tarixi memarlıq abidələri 

Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4026)
İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri 
İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi (İNV №  4047)
Karvansara (XVIII əsr) – Şahbulaq kəndi (İNV №  4048)
Bürc (XVIII əsr) – Şahbulaq kəndi (İNV №  4049)
Sərdabə (XV əsr) – Ağdam şəhəri (İNV №  4030)
Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri (Qasapet kəndinin 5 km-də) (İNV №  4033)