"Şəhidlər" məscidi

Səbail rayonu


Bakının ən hündür yerində, müqəddəs Şəhidlər Xiyabanında yerləşən məscid Türkiyə Diyanət Vəqfi tərəfindən 1993-1996-cı illərdə inşa edilmişdir. Məscidin lövhəsində bu sözlər yazılmışdır: "Bu məscid Azərbaycan torpaqlarının müdafiəsində şəhid olmuş, bu ətrafda yatan qəhrəman əsgərlərin əziz xatirəsini yaşatmaq üçün türk xalqı adından Türkiyə Diyanət Vəqfi tərəfindən tikilmişdir. "Şəhidlər" məscidi Anadolu türklərinin azərbaycanlı qardaşlarına bir hədiyyəsidir".

Osmanlı memarlıq üslubunda inşa olunmuş məscidin öz hündürlüyü 15, minarələrinin hündürlüyü isə 30 metrdir. Baş günbəzində gözəl hüsnxəttlə Qurani-Kərimin  “əl-İxlas” surəsi yazılmışdır. Məscidin mehrabının üstündə və digər yerlərində dini yazılar həkk olunmuşdur.