"Əjdərbəy" məscidi

Nəsimi rayonu


Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınmış, sonradan “Əjdərbəy məscidi” adlandırılmışdır. Eyni zamanda, məbədin günbəzi göy rəngdə olduğundan xalq arasında ona “Göy məscid” də deyilir. Sovet hakimiyyəti illərində Əjdərbəy məscidi də repressiyaya məruz qalmış, lakin II Dünya müharibəsindən sonra yenidən dindarların istifadəsinə verilmişdir.

Deyilənlərə görə, Nabat xanım Aşurbəyova Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Hacı Əjdərbəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, "əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin", - deyir və köməkdən imtina edir. Belə olduqda Əjdərbəy məscid tikdirmək qərarına gəlir və indiki məscidin əsası qoyulur. Əjdərbəy Aşurbəyov məscidi tikdirərkən məramı belə olur ki, bura üz tutan şiələr və sünnilər birlikdə namaz qılsınlar. Elə belə də olur və bu ənənə bu günə qədər də qorunub saxlanılır. Hazırda məsciddə İslam dininin hər iki məzhəbindən olan müsəlmanlar birlikdə namaz qılırlar. 

Azərbaycan Prezidenti İlham Əliyev Əjdərbəy məscidinin bərpası məqsədilə sərəncamlar imzalamış, 2007-ci ilin aprel ayından başlayan təmir-bərpa işləri nəzərdə tutulmuş vaxtda başa çatdırılmış və 22 dekabr 2011-ci ildə məscidin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Məsciddə eyni anda ümumilikdə 3000 yaxın insan ibadət edə bilər. Ümumi sahəsi 4 min kv. metr olan məscidin həyətində ibadət üçün xüsusi sahə də ayrılmışdır. “Əndərun” adlanan həmin yerin üstü örtümüş, burada Mədinədəki “Peyğəmbər məscidi”ndə olduğu kimi, hərəkətli tavanlar quraşdırılmışdır. Divarlar və sütunlara Qurani-Kərimdən ayələr yazılmış, dini rəmzlərlə bəzədilmişdir. Divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmuşdur.