"Təzəpir" məscidi

Yasamal rayonu


Yasamal rayonunda yerləşir. Sahəsi 400 kvadratmetrdir. İçərisində eyni anda 1000 nəfər ibadət edə bilər. Hacı Nabat xanım Aşurbəyova tərəfindən 1905-1915-ci illərdə inşa edilib. 

1904-cü ilin yayında Təzəpir məscidinin tikintisinin Aşur xan nəslinin adlı-sanlı, dövlətli xanımlarından olan Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının rəsmi qərarı elan olunmuşdur. Qərarda Nabat xanımın Təzəpir məscidini mehriyyə, yəni ona bağışlanan kəbin pulu hesabına tikdirmək fikri xüsusilə vurğulanırdı. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək, məscidin tikintisi ilə bağlı arzularını onunla bölüşdü. Bu məqsədlə Zivər bəy Əhmədbəyova böyük miqdarda pul verərək onu İstanbula və ərəb ölkələrinə göndərdi. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Maraqlı səyahətdən qayıdan Zivər bəy Nabat xanıma şərq üslubunda gözəl, iki minarəli bir məscidin layihəsini təqdim etdi. Bu gələcəkdə tikiləcək Təzəpir məscidinin layihəsi idi.

Təzəpir məscidinin tikintisinə 1905-ci il iyulun 23-də Məbəs bayramı günü başlanıldı və 1914-cü ilə kimi davam etdi.

SSRİ vaxtlarında dini məkanlar digər müəssisələrə çevrildiyi üçün 1934-cü ildə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonralar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunub və məscid fəaliyyətinə davam edib.

Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən təmir olunaraq 6 iyul 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.

Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilib. Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana vardır. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş, tavanda 32 çilçıraq quraşdırılıb. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün ministudiya yaradılıb. Kompüterlərlə təchiz edilmiş kitabxananın zəngin kitab fondu vardır.

Ərazidə 900 kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilib. Zalın ayrıca havalandırma sistemi vardır. Zalda işıqlanma üçün 360 şamlıq xüsusi çilçıraq sifariş edilib. Tavan və günbəzin altı dekorativ ağac detallarla bəzədilib.

Kompleksin ərazisində 820 kvadratmetr sahəsi olan kiçik mərasim zalları, 80 kvadratmetrlik qurbangah, 200 kvadratmetrlik qadın və kişi dəstəmazxanaları və s. tikilib.

Torpağın altında 480 kubmetr həcmində su çəni quraşdırılıb, yüksək gücə malik generator və əlavə elektrik tənzimləyicisi qoyulub. Kompleksin ətrafında 4500 kvadratmetr sahəyə Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr döşənib.