Zəngilan rayonunun əsir abidələri


XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır.  
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. 
Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV  əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.
Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir. 
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır, təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkərə çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanda dəfnetmə İslam şəriətinə uyğun aparılıb.
Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınmış və  XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur. 


Tarixi-dini abidələri

İmam Hüseyn məscidi (XVII əsr) – Zəngilan şəhəri
Məscid (XIX əsr) – Zəngilan kəndi (İNV № 5287)
Məscid (XIX əsr) – Malatkeşin kəndi (İNV № 5288)
Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi (İNV № 5289)
Məscid (XIX əsr) – Muşlan kəndi (İNV № 5292)
Məscid (XIX əsr) – Rəzdərə kəndi 
Alban kilsəsi –Xanazor kəndi
Alban kilsəsi – Yeməzli kəndi


Ziyarətgahları

Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi (İNV № 391)
Ziya Baba ocağı – Ağkənd kəndi 
Xanazur türbəsi – Bartaz kəndi 
Xanazor piri – Bartaz yaxınlığında 
Soltan Heydər piri – Bartaz dağında 
Günqışlaq piri – Günqışlaq kəndi 
İzzə piri – Hacıllı kəndi
Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi
Buqakar piri – Leyfaz kəndi 
Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi 
Veysin piri – Pirveyis kəndi 
Seyid Musa ocağı – Sobu kəndi 
Qaradağlı piri – Şəfibəyli kəndi 
Yal piri – Vejnəli kəndi 
Yel piri – Vejnəli kəndi
Soltan ocağı – Yeməzli kəndi
Şəhid Məhəmməd yeri – Yeməzli kəndi 
Dəvəcüneyt piri – Zəngilan şəhəri 
Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi       


Tarixi memarlıq abidələri 

Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi (İNV № 1824)
Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi (İNV № 6060)
Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi (İNV № 6061)
Qız qalası (orta əsrlər) – Qumlaq kəndi (İNV № 6062)
Qəsr qalası (orta əsrlər) – Oxuçuçayın Araza töküldüyü yerdə (İNV № 6063)
Sərdabə (XIII əsr) – Şərikan kəndi 
Sərdabə (XIV əsr) – Yenikənd kəndi 
Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi (İNV № 5291)
Körpü (XIX əsr) – Hacallı kəndi (İNV № 5290)
Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi (İNV № 1825)
Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi (İNV № 1826)
Küp qəbirlər (b.e.ə. IV-II əsr­lər) – Yeməzli kəndi 
Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü 
Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi 
Şərifan sərdabəsi (XII əsr) – Şə­rifan kəndi 
Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi 
Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kənd