
Xəbərlər / 19.01.2021 / 17:31
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan, Neftçala və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və rəsmi din xadimlərinin iştirakı ilə tarixi və qanlı yaddaşımız olan 20 Yanvar faciəsi ilə bağlı videokonfrans keçirilib.
Konfrans zamanı Vətən uğrunda canlarını qurban verən şəhidlərimiz yad edilib, fədakar əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söhbət açılıb.
Çıxışlarda 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
O da diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.