Dinimizin ali dəyərlərini hansısa maraqların, məsuliyyətsizliyin qurbanına çevirmək yolverilməzdir

Açıqlama / 19.08.2020 / 09:31

Səkkiz ay ərzində 22 milyondan artıq insana yoluxan, 777 mindən çox can alan yeni növ koronavirus dünyanın bütün nizamını alt-üst etdi. Qlobal pandemiyanın dövlətlərin iqtisadi, siyasi, sosial və səhiyyə sahələri ilə yanaşı, humanitar və mənəviyyat sahəsinə də dərin təsirləri oldu.

Əksər ölkələrdə izolyasiya tədbirləri çərçivəsində təhsil müəssisələri, mədəniyyət ocaqları, o cümlədən məscid, kilsə, məbəd və s. ibadət yerlərinin fəaliyyəti dayandırıldı. Müsəlmanlar Ramazan ayı mərasimlərini, Qurban bayramını, xristianlar Pasxa, yəhudilər Pesax və digər dinlərin mənsubları bayram və əlamətdar günləri ənənəvi qaydalara uyğun olaraq ibadətxanalarda deyil, ev şəraitində məhdud səviyyədə qeyd etdilər. Səudiyyə Ərəbistanının Məkkə və Mədinə, İranın Qum, İraqın Nəcəf və Kərbəla şəhərlərində yerləşən müqəddəs məkanlara, o cümlədən Vatikanın Müqəddəs Pyotr meydanına zəvvarların ziyarəti qadağan olundu. Bir sözlə, koronavirus bütün sahələrdə olduğu kimi, din aləmində də öz qaydalarını diktə etdi.

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq. İnsanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşmağı virusun yayılmasına təkan verdiyi üçün islam alimləri və din xadimləri dini mərasimlərin, ayinlərin keçirilməsi zamanı səhiyyə qurumlarının göstərişlərinə əməl edilməsini əsas meyar kimi qəbul etməyi vacib sayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyir ki, ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından sərt karantin rejimi tətbiq olunmağa başladı. Sərnişindaşımada, ölkə sərhədlərinin bağlanması, təhsil müəssisələri, mədəniyyət ocaqları, o cümlədən mənəviyyat sahəsində izolyasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı bir sıra addımlar atıldı. Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə qeyd olunan səhələrlə yanaşı, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan edildi, Operativ Qərargahın 17 mart tarixli qərarı ilə isə bütün qapalı məkanların, o cümlədən ibadət evlərinin fəaliyyəti dayandırıldı.

C.Əlifzadə vurğulayır ki, Azərbaycan dindarları, ruhaniləri və dini sahədə fəaliyyət göstərən digər şəxslər bu məsələyə olduqca həssas yanaşaraq yas mərasimləri, ibadət evlərinin fəaliyyəti və dini turizm barədə öz münasibətlərini Operativ Qərargahın sözügedən məsələlərlə bağlı qərarından öncə açıqladılar. Belə ki, fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini turizmlə məşğul olan şirkətlərin rəhbərlərinin iştirakı ilə görüş keçirildi. Görüşdə məlum oldu ki, turizm şirkətləri İran, İraq və Səudiyyə Ərəbistanında koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq, artıq bu ölkələrdə yerləşən ziyarətgahlara səfərləri dayandırıblar. Onlar vəziyyət dəyişməyənə qədər belə səfərləri həyata keçirmək niyyətlərinin olmadığını bildirdilər: "Eyni həssaslıq martın 5-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nümayiş etdirildi. İclasda bu xəstəliyin Allahın imtahanı olduğu bildirilərək Quran ayələrinə istinadən hər kəs məsuliyyətli olmağa dəvət edildi. İclasın sonunda oxunan bəyanatda məscidlərdə moizə və birgə ibadətlərin təxirə salınması, mümkün olduğu qədər ibadətlərin evdə yerinə yetirilməsi, kütləvi mərasimlərin, mövlud və şəhadət günlərinin, ehsan mərasimlərinin keçirilməməsi tövsiyə olundu. Həmin tarixdən etibarən məscidlərin və digər ibadət evlərinin fəaliyyəti məhdudlaşdırılmağa başlanıldı. Bugünədək aparılmış monitorinqlərdə, daxil olan müraciətlərdə, dindarlar və ruhanilərlə görüşlərdə səsləndirilən yekdil fikir ondan ibarətdir ki, yoluxucu xəstəliklərin yayıldığı dövrdə həkimlərin və mütəxəssislərin rəyi elə dinin və ruhanilərin mövqeyidir. Sağlamlığın qorunması insanın ən ümdə vəzifəsidir”.

Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, koronavirusa qarşı mübarizədə dünya dövlətlərinin həyata keçirdikləri tədbirlərə nəzər yetirəndə görürük ki, onlar daxili siyasi və sosial vəziyyətə, iqtisadi və maliyyə imkanlarına, eyni zamanda, mənəvi dəyərlər sisteminə uyğun olaraq addımlar atırlar. Məsələn, Böyük Britaniya Krallığı, İtaliya kimi ölkələr xəstəliklə mübarizəyə bir az gec başladıqları və ya yanlış istiqamətdə addımlar atdıqları üçün qısa müddətdə xəstəxanalarda yer çatışmazlığı yarandı və xeyli sayda insan ölümü qeydə alındı. Bundan sonra həmin dövlətlər mübarizə metodunu dəyişərək sərt izolyasiya siyasəti yürütdülər ki, onun da nəticəsində xəstəliyin yayılmasını nəzarətə götürə bildilər. ABŞ, Braziliya kimi ölkələrdə xəstəliklə mübarizə siyasi xarakter aldı ki, nəticədə hələ də bu ölkələrdə dramatik vəziyyət davam etməkdədir: "Bizə yaxın olan, ortaq tarixi və mədəniyyəti bölüşdüyümüz İran və Türkiyədə koronavirusla mübarizədə izolyasiya tədbirləri mühüm rol oynayıb. İranda mart, Türkiyədə aprel ayından etibarən sərt izolyasiya tədbirləri həyata keçirildi, insanların kütləvi toplaşdığı yerlərin - məktəblərin, ticarət mərkəzlərinin, məscidlərin fəaliyyəti dayandırıldı ki, bunun da nəticəsində qısa müddətdə xəstəliyin yayılmasını nəzarətə ala bildilər. Lakin may və iyun aylarından etibarən bu ölkələrdə sosial və iqtisadi vəziyyət nəzərə alınaraq sərt karantin rejimi dəyişdirildi və normallaşma siyasəti yürüdülməyə başlanıldı. Ancaq təəssüflər olsun ki, bu normallaşma tədbirləri virusa yoluxma hallarının artmasına səbəb oldu. İran və Türkiyədə may və iyun aylarında gündəlik yoluxma hallarının sayı minin altına düşmüşdüsə, hazırda bu rəqəm İranda 2000, Türkiyədə isə 1200 civarındadır. Azərbaycanla mənəvi bağı olan digər bir ölkə - İraqda da koronavirusla mübarizə çərçivəsində ölkə ərazisində yerləşən müqəddəs məkanlar və məscidlərdə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirildi. Bu ölkənin nüfuzlu din xadimləri və alimləri qarşıdan gələn Məhərrəm ayı mərasimləri ilə bağlı dünya müsəlmanlarına müraciət ünvanlayıblar. Həmin müraciətlərdə möminlərə insanların sağlamlığı göz önündə tutularaq Məhərrəmlik mərasimlərini öz evlərində və yaxın adamları ilə təşkil etmələri, sanitar-gigiyenik qaydalara riayət olunması tövsiyə olunub. Din xadimlərinə fəaliyyətlərini internet və onlayn informasiya vasitələri üzərindən həyata keçirmələrinə, dindarlara kütləvi toplantılardan uzaq durmağa çağırışlar ediblər”.

Cahandar Əlifzadə qeyd edib ki, Azərbaycanda pandemiyanın ilk günündən etibarən Prezident İlham Əliyev tərəfindən virusla mübarizə istiqaməti müəyyənləşdirildi. Dövlət başçısının dəfələrlə ifadə etdiyi kimi, bu mübarizədə əsas prioritet əhalinin sağlamlığı, insan həyatının qorunmasıdır. Eyni zamanda, ölkənin iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün verilmiş qərarlar pandemiya ilə mübarizədə çoxşaxəli addımlar atmağa imkan verir. Hazırda ölkəmizdə koronavirus infeksiyasına yoluxma sayının azalması nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirilir. Lakin hələ də qapalı məkanlarda yoluxma ehtimalının yüksək olduğundan, metro, iri ticarət mərkəzləri, iaşə obyektləri, eləcə də ibadət evlərinin fəaliyyətinə icazə verilməsi mütəxəssislər tərəfindən məqsədəuyğun sayılmır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmisinin fikrincə, təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi qüvvələr Azərbaycanda karantin rejimini, xüsusilə ibadət evlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətləri yanlış müqayisələr aparmaqla və mahiyyətinə uyğun olmayan şəkildə təqdim etməklə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Məscidlərin fəaliyyətinə icazə verilməməsində əsas səbəb olan əhalinin sağlamlığından başqa, digər maraq və məqsədin axtarışına çıxıblar: "Bəzən onların ifadələrindən elə təəssürat yaranır ki, guya Azərbaycanda məscidlərdə ibadət etməyiblər, yaxud da Məhərrəm ayı mərasimləri olmayıb. Artıq bu məsələ ilə bağlı Azərbaycan ruhaniləri və möminləri öz mövqelərini ortaya qoyublar. Azərbaycan cəmiyyəti belə çağırışları sabotaj kimi qiymətləndirir, eyni zamanda, insan həyatına və sağlamlığına laqeyd yanaşmanın dinimizin dəyərlərinə uyğun olmadığına inanır. Ümumiyyətlə, xalqımız dinimizin ali dəyərlərini hansısa maraqların, oyunların, məsuliyyətsizliyin qurbanına çevrilməsini yolverilməz hesab edir. Bir daha vurğulamaq istərdik ki, Azərbaycanda koronavirusla mübarizənin əsas istiqaməti əhalinin sağlamlığına, insan həyatının qorunmasına yönəlib. Unutmamalıyıq ki, koronavirus təhlükəsi hələ bitməyib. Bu təhlükə risk qrupuna daxil olan yaşlı insanlarımız, analarımız, atalarımız, nənə-babalarımız və xəstə yaxınlarımız üçün daha böyükdür. Əminik ki, xalqımız mənəviyyatımızın əsas dəyərlərindən olan Məhərrəm ayı mərasimlərini onun mahiyyətinə uyğun şəkildə həyata keçirəcək”.

"Azərbaycan” qəzeti

Son baxılan xəbərlər

Cəlilabadda "Narkomaniyanın mənəvi və fiziki zərərləri" mövzusu müzakirə edilib

Press-relizlər
19.02.2020 / 17:05
Ətraflı oxu

Amil Cavadov: "Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb"

Müsahibələr
31.01.2019 / 12:44
Ətraflı oxu

Gülənçilik (FETÖ) - mahiyyəti, məqsədi və fəaliyyət istiqamətləri

Xəbərlər
08.09.2016 / 15:10
Ətraflı oxu

Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı

Press-relizlər
03.08.2018 / 14:31
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi münasibətilə Bakıda tədbirlər keçirilib

Press-relizlər
24.05.2018 / 13:51
Ətraflı oxu

Astarada “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 09:42
Ətraflı oxu