
Xəbərlər / 13.08.2020 / 16:00
Avqustun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Şamaxı və Qobustan Rayon İcra Hakimiyyətlərinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev və şöbənin əməkdaşları, Şamaxı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev, Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarına daxil olan məscidlərin icma sədrləri, imam və mütəvəlliləri iştirak ediblər.
Çıxışlar zamanı dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tövsiyələr edilib. Daha sonra Məhərrəm ayının başlaması ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Sonda iştirakçıların dini icmaların fəaliyyəti barədə fikirləri dinlənilib.