Xalqa xidmət böyük şərəfdir!

Xəbərlər / 22.06.2020 / 13:04

“Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”

Prezident İlham Əliyev

İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. 1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində islahatların aparılmasına ciddi zərurət yarandı. 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ və   dövlət orqanlarında qulluq etmək imkanına malik olması təsbit edildi və “Dövlət qulluğu” anlayışı da Azərbaycan müstəqillik əldə etdikdən sonra, ilk dəfə Konstitusiyamızda yerini tutdu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə mindi, bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulmuş oldu. Dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşdı və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edildi. Yeni Qanunda dövlət qulluğu sahəsində hüquqi münasibətləri konkretləşdirən müddəalar öz əksini tapdı. Bu Qanunun qəbul olunması dövlət qulluğu sahəsində islahatların aparılmasında ən vacib addımlardan  biri hesab olunmaqla  yanaşı, dövlət qulluğu ilə əlaqədar vahid dövlət siyasətinin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Qanunun əsas  məqsədi dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləmək olsa da, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi də dövlət qulluğunda vəzifə kimi qoyulub.

Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşması, dövlət idarəetməsində ölkə vətəndaşlarının iştirak etmək hüququnun verilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Onun hakimiyyətinin həm birinci, həm də ikinci mərhələsində bu sahəyə xüsusi diqqət yetirilib. Elə Azərbaycanda prinsip etibarilə yeni, zamanın çağırışlarına və beynəlxalq standartlara cavab verən dövlət qulluğu sistemi və onun hüquqi bazasının formalaşdırılması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin uzaqgörən uğurlu siyasəti və qətiyyətli iradəsi ilə onilliklər üçün ölkəmizin inkişaf strategiyası müəyyən edilib. Bu inkişaf strategiyasının mühüm, əhəmiyyətli hissəsini məhz hüquqi dövlət quruculuğu təşkil edib. Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında dövlət və hakimiyyət münasibətlərinin hüquq bazası demokratik, dünyəvi dövlətçilik və hakimiyyətin bölünməsi prinsipləri əsasında milli dövlətçilik ənənələrinə və beynəlxalq təcrübəyə uyğun yaradılıb. Heydər Əliyev dövlət quruculuğu prosesinin ilk illərindən dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin etik davranış qaydalarına ciddi əməl edilməklə, bürokratik əngəllərə yol vermədən, şəffaflıq təmin edilməklə həyata keçirilməsini qarşıda əsas vəzifə kimi qoyub, dövlət qulluğunun müasir konsepsiyasını formalaşdırıb. Məhz Ulu Öndərin sayəsində müstəqillik dövründə də milli kadrların dövlət orqanlarına yerləşdirilməsinə, gənclərin dövlət orqanlarında daha çox təmsil olunmasına xüsusi önəm verilib. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub.

Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. “Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik” prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə sübut edən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılmasına diqqət artırılmışdır. Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır.

Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin  möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir. Dövlət qulluğu çoxtərəfli olmaqla dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışdır. Ölkə Prezidenti öz müdrik siyasəti ilə ölkəmizdə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, ən başlıcası dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atır. Peşəkar dövlət qulluqçularının mükafatlandırılması, Fəxri adlara, orden və medallara layiq görülməsi, əmək haqqlarının ardıcıl olaraq artırılması bu siyasətin əsasını təşkil edir. Bütün bu addımların qarşılığında dövlət qulluqçuları üzərlərinə düşən öhdəliyi öz səriştəliliyi, peşəkarlığının artırılması işi ilə daim təkmilləşdirməli, elmi–nəzəri səviyyələrinin yüksəldilməli və praktiki iş təcrübələrinin artırılması istiqamətində çalışmalıdırlar.

Cənab Prezidentimizin də dediyi kimi "Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar.” Dövlət başçısının müvafiq sərəncamlarıyla təyin etdiyi mərkəzi və yerli icra hakimiyyətlərinin rəhbərlərini qəbul etməsi, onlara zəruri tapşırıqlar verməsi, o cümlədən əhali ilə sağlam münasibətlərin qurulması istiqamətində verdiyi tövsiyələrdə bu prosesin aydın izahı verilir.  Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi də idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Dövlət başçımızın apardığı bu islahatlar dövlət  idarəçiliyinin təkmilləşməsi, idarəçilik modelinə gətirilən yenilik deməkdir.  Dövlət idarəçilik  sistemində operativ və çevik  qərarların qəbul olunmasında potensialı olan, peşəkar kadrlar korpusunun, dünyada baş verən  idarəetmə inqilabına–“dövlətə peşəkarlıq və ləyaqətlə xidmət” sistemi olan meritokratik sistemin formalaşmasına start verilib.

Azərbaycan Respublikasının Prezidenti ölkədə mükəmməl idarəetmə mexanizminin yaradılması, ən müasir idarəetmə formalarının tətbiqi üçün ciddi səylərini davam etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam, heç kim və heç nə məni bu yoldan döndərə bilməz.”

Azərbaycan Prezidenti İlham Əliyev öz gündəlik fəaliyyətində dövlət qulluğunun mükəmməl nümunəsini nümayiş etdirir və hər bir məmurdan, hər bir dövlət qulluqçusundan da bunu qətiyyətlə tələb edir. Əlbəttə, bu gün dövlət hakimiyyəti orqanlarında çalışmaq, dövlət qulluğu vəzifəsi tutmaq çox böyük şərəf olmaqla bərabər, həm də çox ciddi məsuliyyət və cavabdehlik deməkdir. Dövlətimizin inkişaf etdiyi bir dövrdə ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri icra etmək səviyyəsində olmaq üçün dövlət qulluqçusu daim öz üzərində çalışmalı, andına sadiq olmalı, fəaliyyətində qanunçuluğu, qanunun aliliyini rəhbər tutmalı, özünün peşəkarlıq səviyyəsini və səriştəsini artırmalıdır.

Müasir və güclü dövlətin, səmərəli, demokratik və şəffaf idarəetmənin formalaşdırılması istiqamətində aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına, dövlət qulluğunun “cəmiyyətə, xalqa xidmət” mənasını qazanmasına, milli kadr siyasətinin əsas istiqamətlərinin, müasir dövlət qulluqçusunun zəruri xüsusiyyətlərinin müəyyənləşdirilməsinə səbəb olur. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, müasir və yaradıcı təfəkkürlü, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması, həmçinin kadr potensialının, insan resurslarının intellektual bazasının yenilənməsi və genişləndirilməsi üçün mühüm tədbirlər keçirilir. Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik, milli ideologiya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdəti, xalqa xidmət kimi meyarlar üzərində qurulur. Dövlət siyasətinin mərkəzində vətəndaşın durması, dövlət xidmətləri sahəsində vətəndaş məmnunluğunun xüsusi önəm daşıması, vətəndaşa yönümlü peşəkar dövlət qulluğunun yaradılması kadr siyasətinin məzmununa və icra mexanizmlərinə də yeni çalarlar qazandırır.

Hər bir dövlət qulluqçusu öz vəzifəsini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

İşi daim ictimaiyyətin diqqət mərkəzində olan, dövlət idarəçiliyində iştirak edən hər bir vətəndaş öz fəaliyyətində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdır. Şübhəsiz ki, mənəvi saflıq, vicdanlılıq, təmənnasızlıq dövlət qulluğunda əsas meyarlar hesab edilir. Dövlət qulluqçusu ilk növbədə nümunəvi vətəndaş, Vətənini, torpağını, tarixini sevən, onu dəyərləndirən keyfiyyət sahibi olmalıdır.

Fəxrlə deyə bilərik ki, dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasına başlanması, Azərbaycanın yüksək iqtisadi göstəricilərinə və stabil inkişafına etibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Bu gün ölkədə nəhəng layihələr həyata keçirilir, böyük işlər görülür.  Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir. Dövlətimizin başçısı öz çıxışlarında dövlət qulluğunun mahiyyətini, məzmununu və dövlət qulluqçularının qarşısında qoyulan əsas tələbləri aydın göstərib və bu vacib sahəni daim diqqət mərkəzində saxlayır. Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür və bu güzgünün şəffaf, ləkəsiz olması hər bir dövlət qulluqçusunun hərəkətlərindən, davranışından, prinsipiallığından, mənəvi keyfiyyətlərindən çox asılıdır.

Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir dövlət qulluqçusunun müqəddəs borcudur.

 

Amil CAVADOV,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, 

YAP Gənclər Birliyinin Şura üzvü

"Respublika" qəzeti, 21 iyun 2020. 


Son baxılan xəbərlər

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Dini radikalizm ənənəvi dəyərlərimizə təhdiddir

Press-relizlər
02.10.2017 / 16:29
Ətraflı oxu

Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib

Press-relizlər
22.12.2017 / 11:54
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
21.02.2019 / 15:55
Ətraflı oxu

Tovuzda “Terrorizmə, ekstremizmə və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.11.2017 / 15:45
Ətraflı oxu

Bakıda “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.12.2019 / 17:44
Ətraflı oxu