
Xəbərlər / 21.02.2020 / 10:47
Fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BBMM-in Himayəçilər Şurasının sədri akademik Kamal Abdullayev, rəsmi dövlət qurumlarının rəhbərləri və nümayəndələri, həmçinin dini və milli icmaların rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.
Daha sonra X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının BBMM-in Himayəçilər Şurasının üzvləri və mərkəzin kollektivi ilə görüşü keçirilib.
Görüşdə çıxış edən Kamal Abdullayev qeyd edib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. O deyib: “Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulub. Multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların dillərinin, ədəbiyyatlarının inkişaf etdirilməsi, öz ana dillərində təhsilalma hüquqları rəsmi sənədlərdə öz əksini tapıb. Əsası Ulu Öndər tərəfindən qoyulan multikultural siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan multikulturalizmi Avropanın universitetlərində tədris olunur. Həmin universitetlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan dəyərləri, yəni Azərbaycan həqiqətləri tədris olunur”. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə, o cümlədən İtaliyada multikulturalizm sahəsində önəmli tədbirlər görülüb. (AZƏRTAC)