Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm / 15.01.2020 / 10:04

Bu mədəniyyətlər özünəməxsus xüsusiyyətlərə malikdir. Onlar inkişaf dinamikasına görə fərqlənirlər, Qərbdə yeniliyə keçid dəyərlər sisteminin, ictimai-iqtisadi, siyasi quruluşların köhnəlməsi prosesində baş verir. Şərq sivilizasiyası XIX əsrə qədər qapalı, lokal, ənənəvi qalıb, çox yavaş dəyişirdi. Məsələn, Çin sivilizasiyasının əsas əlamətləri e.ə. III - eramızın III əsrləri ərzində (Xan dövrü) formalaşıb və XIX əsrə qədər dəyişilməz qalıb. Şərqdə yeni köhnəni, ənənəvini inkar edib dağıtmır, onu uyğunlaşdırır.

Qərb ənənəsi insanın xarici dünyaya aktiv münasibətini diktə edir. Buna görə də Qərb mədəniyyəti üçün texnika və texnologiyanın inkişafının tezləşdirilməsi, dünyanın tez dəyişməsi xarakterikdir. Şərq mədəniyyəti isə daha çox insana, onun mənəvi kamilliyinə yönəlib, xarici dünyaya münasibət isə passivdir. Şərq ənənəsi daxilində nirvananın axtarışı ideyası yaranır, bu da xarici aləmdən qopmaq, ehtirasın, həyat eşqinin olmamasını irəli sürür. Beləliklə, əgər Qərbin inkişaf strategiyası yaşayış mühitinin dəyişdirilməsidirsə, Şərqin strategiyası insanın özünün dəyişdirilməsidir.

Şərq və Qərbdə təbiətə münasibət də eyni deyildi. Qərbdə təbiətə utilitar, praqmatik, istehlakçı münasibət formalaşır. "Təbiət - emalatxanadır, insan buranın işçisidir". Şərqdə isə təbiətə münasibət daha müşahidəçi, ehtiyatlı və tarixi təcrübənin göstərdiyi kimi, daha müdrik idi. Belə hesab edilirdi ki, insan öz davranışını təbiətin, qanunları ilə uyğunlaşdırmalı, təbiət proseslərinə qarışmamalı, onlara adaptasiya olmalı, təbiətin ritmini tutmalı, onunla harmoniyada yaşamalıdır.

Şərq incəsənəti təbiətə yaxınlığı ilə seçilir. Çində və Yaponiyada ilk dəfə peyzaj rəssamlığı, bağ incəsənəti, ikebana - güllərlə buketlərin təşkil olunması sənəti yaranmışdı. Avropa mədəniyyəti Mikelancelonun "David"ini, Rodenin "Düşünən insan"ını, Çin mədəniyyəti isə böyük təbiət krallığında itən balaca insan təsviri ilə peyzajları nəsillərə miras qoydu.

Şərq və Qərb mədəniyyəti insanın cəmiyyətə və dövlətə münasibətində də fərqlənir. Avropa mədəniyyətində insanın təbii hüquqlu (anadangəlmə) azad şəxsiyyət kimi anlaşılması formalaşıb. Bu ideyaların antik dövrdə başlanan formalaşma prosesi intibah və maarifçilik dövründə tam olaraq başa çatıb. Hüquqi dövlət, insanın hüquq və azadlıqları barədə anlayışlar da məhz Qərb ənənələri çərçivəsində yaranıb. Demokratiya hökumət forması kimi ilk dəfə antik Yunanıstanda, sonra isə yenidən burjua inqilabları zamanı Avropada yaranmışdı. Qərbdən fərqli olaraq Şərqdə hər zaman fərdin maraqları deyil, ailənin, birliyin, dövlətin maraqlarının vacibliyi qeyd olunur, hakimiyyətə tabe olmaq tərbiyə olunurdu. Şərq cəmiyyətləri üçün dövlətin və kollektivçilik ənənələrinin əhəmiyyətli rolu xarakterikdir. Misal olaraq, Çinin ideologiyası və dini olan konfutsiçiliyi göstərmək olar. Konfutsiçilik borc anlayışını, böyüklərə hörməti, kollektiv məsuliyyəti önəmli hesab edir. Dövlətdə münasibətlər böyük ailədə olduğu kimi qurulmalıdır, tabe olanlar öz hökmdarına itaət etməlidirlər. Yaşamın mənası təbiətlə harmoniyada, böyük və mehriban ailədəki həyatda, ənənələrə sədaqətdə görülürdü.

Qərb mədəniyyətində üstünlüyü ağıla, abstrakt, məntiqi düşüncəyə verən rasionalist tendensiya qabaqcıl idi və bu tendensiya özünü mədəniyyətin bütün növlərində - elmdə, fəlsəfədə, incəsənətdə göstərirdi. Məsələn, XVII əsrdə Avropa incəsənətində əsasını Dekartın rasionalizmi tutan yeni bir istiqamət - klassisizm meydana gəlir. Rasionalizm ruhu hətta təbiətə də yönləndirilir, süni, geometrik parklar yaranır. Şərqi isə daha çox obrazlı, əlaqələndirici düşüncə, intiutiv anlama cəlb edir. Meditasiyaya, özünüanalizə olan diqqət də bununla əlaqələndirilir. Yaradıcılığın əsas faktorları təxəyyül, intuisiya, təbiəti hiss etmək, gündəlik olanda qeyri-adini görmək, gizli gözəlliyi duya bilməkdir. Belə hesab edilir ki, rəssam təsvir edəcəyi obyektə tam daxil olmalıdır və məhz bu zaman incəsənət əsəri asanlıqla yarana bilər.

Bəşəriyyət tarixinin son iki əsrdə müşahidə edilən texniki inkişaf mərhələlərinin qarşılıqlı təsiri nəticəsində ənənəvi cəmiyyət dəyişikliyə məruz qalmış, modernləşmə yolu ilə gedərək müəyyən özünəməxsus xüsusiyyətləri saxlayaraq texniki cəmiyyətlərə çevrilmişlər.

Texniki mədəniyyətin dəyərlər prioritetlərində insan dünyaya münasibətdə aktiv varlıq kimi anlaşılır. Fəal münasibət xarici dünyanın, ilk növbədə, insanın öz hökmünə tabe etməli olduğu təbiətin dəyişdirilməsidir. Fəal münasibət sosial münasibətlər sahəsinə də yayılır. Ənənəvi cəmiyyətlərə isə qədim Çin prinsipi olan "u-vey" adlandırılan prinsip xarakterikdir. "U-vey" minimal fəaliyyəti, dünyanın ritmləri ilə uyğunlaşmanı nəzərdə tutur. Bundan əlavə "u-vey" fərdin sosial qrupa daxil olma yollarını ayırd edir, formalaşmış sosial mühitə adaptasiya, onun dəyişdirilməsi cəhdlərini nəzərdə tutmur, bu və ya digər struktura daxil olan insandan özünüidarə tələb edirdi.

Şərq və Qərbin qarşılıqlı əlaqələrindən danışarkən bu anlayışların qeyri-müəyyənliyi ilə qarşılaşırıq. N.Y.Danilevski yazırdı: "Qərb və Şərq, Avropa və Asiya" bizim ağlımızda əksliklər, qütblər kimi təsəvvür olunur. Qərb, Avropa proqres, fasiləsiz mükəmməlləşmə, irəliləmə qütbü, Şərq, Asiya isə durğunluq qütbü. Bu, heç kimin şübhə etmədiyi tarixi coğrafi aksiomdur. Və bütün bunlar o dərəcədə axmaqcasınadır ki, təkzib etmək belə xəcalətlidir. Dünyanın hissələrə bölünməsi sünidir və bunun yeganə kriteriyasını quru ilə su arasındakı əkslik təşkil edir. Avropa, Asiya, Afrika tipləri anlayışları metaformadı, bu metaformalarda onun hissələrinin xüsusiyyətlərini əks etdiririk". Maraqlıdır ki, avropasentrizmə açıq etiraz etməklə bərabər, Danilevski "Şərq", "Qərb" anlayışlarının coğrafi mənasına da narazılığını bildirir. Yüz il sonra bu fikirləri N.İ.Konrad belə ifadə etmişdir: "Avropa", "Asiya", "Afrika" kimi anlayışlar tarixi deyil, coğrafidir. "Şərq" və "Qərb" anlayışları da belə etibarsızdır. Ən yaxşı halda bir qrup xalqları bildirə bilər, bu anlayışlar da ayrı-ayrı xalqlarda müxtəlif və dəyişkən tərkiblidir. Məsələn, çinlilərdə qədim və orta əsrlərdə "Qərb" indiki "Şərqi Türküstan" və ya "Orta Asiya"nı bildirirdi".

Müxtəlif mədəniyyətlərin fərqliliklərindən, onlar arasında hər hansı ierarxiyanın mövcudluğundan yox, bir-birinə bənzərsizliyindən danışmaq olar. Mədəniyyət hadisələri ona görə ümumi həyat yaşayır ki, bir-birinə bənzəmirlər və sağlam mahiyyət buradadır. Bu fikirləri şərqşünas T.P.Qriqoryeva da təsdiqləyir ki, "müxtəlif regionların mədəniyyətləri bir-birini təkrarlamır, tamamlayır, Şərqin və Qərbin bərabərhüquqlu qarşılıqlı təsiri vahid mədəniyyətin uzunömürlülüyünə zəmanət verir".

Şərq və Qərbin qarşılıqlı təsirinin dialoq konsepsiyasını T.Qriqoryeva tamamlıq prinsipi əsasında, yəni bu mədəniyyətləri bir mədəni vahidin təbiətən bir-birinə əks olan iki hissəsi kimi nəzərdən keçirir. O, əsas cəhəti funksional assimetriya olan beyinin iki yarımkürəsi ilə analogiya apararaq qeyd edir ki, "hər yarımkürə xüsusi yolla ixtisaslaşıb və biri digəri olmadan mövcud ola bilməz".

İki əsrin qovşağında dünyada baş verən sosial-siyasi proseslərin və mədəni- konfessional dəyişikliklərin öyrənilməsi milli müstəqillik yoluna yenicə qədəm qoymuş respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Bu mənada, mədəniyyətlərin qarşılıqlı təsiri və dialoqu təxirəsalınmaz vəzifələrin həyata keçirilməsini tələb edir. Xalq istər-istəməz dünyada gedən bu mühüm proseslərə qoşulur və həmin proseslərin iştirakçısına çevrilir. Amma bu da var ki, qloballaşma adını almış bu kimi proseslərdə xalqın iştirak səviyyəsi onun bu prosesləri qəbul etməyə nə dərəcədə hazır olmasından asılıdır. Yalnız yüksək siyasi mədəniyyətə malik olan xalqlar bu prosesləri qəbul edərək həzm edə bilir, özünün milli inkişaf sücgəsindən keçirərək bir növ özününküləşdirir.

Məlumdur ki, müasir dövrün meyllərini müəyyən edən qloballaşma prosesi Qərbin (ABŞ və Avropanın) bilavasitə təsiri və təkidilə həyata keçirilməkdədir. Qərb özünün inkişaf modelini, həyat tərzini, mədəniyyətini dünyanın yerdə qalan digər millət və xalqlarına da təlqin edir, onları da "özü kimi" görmək istəyir. Qərbin təsir istiqamətləri və vasitələri müxtəlifdir. Onlara qarşı dayanmaq asan məsələ olmadığı kimi öz milli azadlığını buraxıb birdəfəlik Qərb mövqelərinə keçmək də asan məsələ deyildir. Qərbləşmək, qərbin dövlət idarəçiliyi modelini qəbul etmək, texnologiyasına yiyələnmək, Qərbin həyat tərzini də olduğu kimi qəbul etmək anlamına gəlmir.

Bura onu da əlavə edək ki, bugünkü dünyada baş verən sosial-siyasi, iqtisadi-mədəni proseslər istər-istəməz bütün xalqları əhatə edir və onlar dünyanın inkişaf axarına qoşulmalı olurlar. Deməli, qloballaşma özlüyündə iki mühüm istiqamətin yaranıb inkişaf etməsinə səbəb olmuşdur. Bir tərəfdən, milli sərhədlər dağılır, insanlar əlahiddəlikdən və qapalılıqdan xilas olur, digər tərəfdən isə milli müstəqillik hərəkatı, milli dövlət və milli mədəniyyət hər cür inkişafın qarantı, başlanğıcı elan olunur. İnsanlar bu gün belə bir dilemma qarşısında qalaraq, hər iki istiqaməti götür-qoy edir, onların hansının daha məqbul olması üzərində düşünüb mühakimələr, fikirlər irəli sürürlər. Mütəxəssislərin fikrinə istinad edib demək olar ki, qloballaşma prosesi mürəkkəb və ziddiyyətlidir və burada bütün dövlətlərin payı eyni deyildir. Belə ki, böyük dövlətlər daha varlı, kiçik və zəif ölkələr isə daha yoxsul olduqları səbəbindən qloballaşma həmin fərqləri daha da artırır. Vaxtilə K.Yaspers gələcəkdə dünyanın qlobal vahidə çevriləcəyi proqnozunu vermişdir. Doğrudan da, müasir dünyada hamının eyni dərəcədə informasiya almaq imkanı dünya adamlarının yeni, vahid mentalitetinin əsasını qoymuşdur. Dünya vahid tarixi məkana çevrilmək üzrədir. Xalqların ünsiyyətə olan zəruri tələbatı onların mədəniyyətlərinin inteqrasiyası problemini ön sıraya çəkir. İnsanlar bu inteqrasiyaya daxili tələbat hiss edirlər. Ona görə də dövrümüzdə vahid informasiya məkanı formalaşmaqdadır. İnsanlar informasiya vasitələrinin sayəsində dünyada baş verən hadisələrdən xəbər tutur, dünya mədəniyyəti sərvətlərinə daha asan qovuşmaq imkanı əldə edirlər. Amma daha güclü dövlətlər, daha təkmil informasiya vasitələrinə malik olurlar. Burada siyasi məkanla informasiya məkanı arasında uyğunsuzluq əmələ gəlir. Hər bir ölkə özünəməxsus siyasi məkana malik oduğu halda, bu sözü informasiya məkanı haqqında demək mümkün olmur. Böyük və güclü dövlətlər burada da zəifləri sıxışdırırlar. Bir qrup ölkələr informasiya məkanını bölüşdürür və bundan istifadə edərək belə bir imkana malik olmayan ölkələrin əhalisinə hər cür ideoloji təsirlər göstərirlər. "İnformasiya müharibəsi" vasitəsi ilə dünyanın bir çox millət və xalqları ilə istədikləri şəkildə manipulyasiya edib öz tərəflərinə çəkirlər. Bunun parlaq nümunəsi kimi, Dağlıq Qarabağ ətrafında baş verən hadisələri göstərmək olar. Belə ki, həmin hadisələr zamanı əsl həqiqətləri ört basdır edərək dünya ictimaiyyətini aldatmağa və çaşdırmağa nail olmuş, eyni zamanla bəzi böyük dövlətlərin dəstəyini və informasiya vasitələrini əldə etməklə bir müddət bu sahədə "uğur" qazanmışdılar.

Lakin sonralar Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasət fəaliyyəti nəticəsində bu sahədə buzlar qırıldı, Qarabağ həqiqətlərinin əsl mahiyyəti, tarixi faktlarla istinadla dünya ictimaiyyətinə çatdırıldı. Aynur İSRAFİLOVA Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Aynur İsrafilova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı

 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar

Press-relizlər
24.02.2020 / 12:16
Ətraflı oxu

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Press-relizlər
21.01.2020 / 14:45
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Balakən, Lənkəran və Beyləqanda tədbirlər ...

Xəbərlər
10.05.2019 / 15:13
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

“İslam mədəniyyəti: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
28.03.2019 / 16:00
Ətraflı oxu