Könüllülük: tarixçəsi və strategiyası

Xəbərlər / 13.01.2020 / 15:32

Bu gün dünyanın bir çox ölkəsində könüllü iş gündəlik sosial təcrübəni təşkil edir: insanlar ağac əkmək, sağlam həyat tərzini təbliğ etmək, ekoloji aksiyalar keçirmək, konfranslar, forumlar təşkil etmək, hüquqpozulmalarının profilaktikasını həyata keçirmək və ümumi problemləri həll etmək üçün bir yerə toplaşırlar. Qlobal səviyyədə könüllü işin unikal xüsusiyyətləri və imkanlarını qeyd edən BMT öz qətnamələrində könüllülüyün dövlətlərin sosial-iqtisadi inkişaf üzrə milli strategiyalarının tərkib hissəsinə daxil olunmasını tövsiyə edir ki, son onillikdə bu, Azərbaycanda da geniş şəkildə özünü göstərir.

Belə ki, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Könüllü fəaliyyət haqqında” Qanun imzalamışdır. Bundan başqa, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın məqsəd və vəzifələrinə ölkədə könüllülük hərəkatını inkişaf etdirmək, gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi daxildir. Həmçinin dövlət başçısı 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı, innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoymuşdur: “Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir”.

Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də ötən il ərzində “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində gənclər arasında “Könüllü fəaliyyət” layihəsini həyata keçirmişdir. 2 ay davam edən layihədə könüllülər DQİDK-nın bütün fəaliyyət istiqamətləri barədə məlumat əldə etmiş, o cümlədən Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmuş, Dövlət Komitəsinin keçirdiyi tədbirlərin təşkili prosesində iştirak etmək imkanı əldə etmişlər. Təcrübə kursunu müvəffəqiyyətlə başa vurmuş gənclərə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Bu sahədə atılan ən böyük addım isə heç şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” imzaladığı Sərəncamdır. Bu addım gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.

Bəs könüllülük nədir, onun tarixçəsi hansı dövrə gedib çıxır, strategiyası nədən ibarətdir və ilk könüllülər kimlərdir?

Bəşər tarixində elə bir cəmiyyət yoxdur ki, könüllü və qarşılıqsız yardım ideyaları ona yad olsun. Bir şəxsin və ya qrupun bütövlükdə cəmiyyətə, yaxud ayrı-ayrı şəxslərə etdiyi könüllü yardım bəşəriyyətin insani ideallarına qarşılıqsız xidmət ideyalarına əsaslanır, qazanc əldə etmək, ödəniş almaq və ya karyerada yüksəlmək məqsədi güdmür. O, qarşılıqlı yardımlaşmanın ənənəvi növlərindən tutmuş minlərlə insanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, münaqişə vəziyyətlərinin həllinə və yoxsulluğun aradan qaldırılmasına yönəlmiş birgə səylərinə qədər müxtəlif formalarda təzahür edə bilər.

Müasir Qərb sosiologiyasında “volunteerism” şəklində ifadə edilən könüllülük anlayışı ilə könüllü insanlar tərəfindən qarşılıq gözləmədən ictimai əhəmiyyətli hədəflərə çatmaq, cəmiyyətin problemlərini həll etmək məqsədilə həyata keçirilən fəaliyyət nəzərdə tutulur. Fransız dilindəki “volontaire” kəlməsi latıncadakı “voluntaries”dən törəmişdir və hərfi mənada “könüllü, istəkli” mənasını bildirir. XVIII-XIX əsrlərdə könüllü şəkildə hərbi xidmətə gedən insanları “volonter” adlandırırdılar. Belə ki, bəzi dövlətlərdə ümumi hərbi xidmət sisteminin tətbiqindən əvvəl könüllülük sistemi orduların yığılmasının əsasını təşkil edirdi. XVIII əsrdə və XIX əsrin birinci yarısında Avstriya-Macarıstan, Fransa və İtaliyada nizami orduya birləşmiş könüllülərdən ibarət batalyon və alaylar mövcud idi. Ancaq XIX əsrin ikinci yarısında əksər dövlətlərdə bu cür könüllülük sistemi öz əhəmiyyətini itirdi.

Yalnız XX əsrdə Avropa qitəsində könüllülük ümumi sosial fenomen xüsusiyyətləri qazanmağa başlamışdır. Birinci Dünya Müharibəsindən sonra 1920-ci ildə Strasburq yaxınlığında alman və fransız gənclərinin iştirakı ilə ilk könüllü layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində könüllülər alman və fransız qoşunları arasında baş vermiş şiddətli döyüş bölgəsində dağıdılmış fermaları bərpa etmişlər. O vaxtdan bəri könüllülük dünyada genişlənməyə və populyarlıq qazanmağa başlamışdır. Statistik məlumatlar göstərir ki, XX əsrin 90-cı illərində könüllülərin işi ABŞ və Avropa ölkələri üçün əhəmiyyətli iqtisadi mənbəyə çevrilmişdir.

2001-ci il isə dünyada “Könüllülər ili” elan edilmiş və elə həmin ilin yanvarında Ümumdünya Könüllülər Bəyannaməsi qəbul edilmişdi. Bəyannamədə deyilir ki, könüllülük vətəndaş cəmiyyətinin təməli, insani dəyərlərin qorunması, möhkəmləndirilməsi, fərdi inkişaf yolu, habelə insan potensialının dərki ilə vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsidir. Könüllülük, eyni zamanda, BMT-nin xalqların dünyanı dəyişdirmək gücünə sahib olduğu fikrini reallaşdıraraq ölkələrin inkişafında bir amil ola bilər.

Bəyannamə 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və 1989-cu il Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiyaya uyğun hazırlanmışdır və “hər hansı bir insanın dinc birliklərə sərbəst qoşulmaq hüququ var” prinsipindən irəli gəlir.

Könüllülüyün ümumi məqsəd və vəzifələrindən çıxış edərək deyə bilərik ki, könüllü maddi qarşılıq gözləmədən çalışan və sosial cəhətdən əhəmiyyətli layihələrin həyata keçirilməsinə töhfə vermək istəyən şəxsdir. Könüllülər fəaliyyətlərini sosial, mədəni, iqtisadi və ekoloji inkişafın aləti olaraq görürlər. Bu zaman insanların motivasiyası olduqca vacibdir. Könüllülər hərəkatında könüllü kimi iştirak edən şəxs: 1) ödənişsiz, lakin ilkin hazırlıq və təlimə əsasən; 2) imkanları daxilində, lakin qabiliyyətlərindən aşağı deyil; 3) öz istəyi ilə və digər könüllülərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Çox vaxt könüllü işin əsas motivini digər insanlarla ünsiyyətə girmək ehtiyacı və tənhalıq hissinin aradan qaldırılması təşkil edir. Könüllülük insanın dəyərləri və hədəflərini özünə uyğun bildiyi hər hansı bir qrupun üzvü olmaq kimi təbii ehtiyacını qarşılayır. Təcrübə göstərir ki, çox vaxt insanlar yalnız peşələrinə uyğun işləməklə özlərini reallaşdıra bilmirlər. Bu zaman könüllü iş rutin həyatdan qaçmağa və ona rəngarənglik qatmağa imkan verir. Könüllü iş insana təkcə hansısa problemlərin həllində iştirak etmək və kiməsə faydalı olmaq imkanı vermir, həm də yeni insanlarla ünsiyyətə girməyə, özündən məmnunluq hissinin təmin edilməsinə kömək edir. Aparılan sorğulara əsasən də məlum olur ki, xüsusilə tələbələr üçün könüllü işlərdə iştirak etməkdə əsas səbəblər bunlardır: ehtiyacı olan insanlara kömək etmək; öz fəaliyyətindən zövq almaq; yeni şeylər öyrənmək və maraqlı, əhəmiyyətli insanlarla ünsiyyətdə olmaq.

Bu gün könüllülük institutu dünyanın bir çox ölkəsində cəmiyyətin inkişafı üçün getdikcə vacib pedaqoji mənbəyə çevrilir. Bu işdə təhsil səviyyəsindən, peşəsindən və gəlirindən asılı olmayaraq boş vaxtını könüllü işə həsr etmək istəyən və məsuliyyət keyfiyyətinə sahib olan əhalinin bütün təbəqələri iştirak edə bilər. İctimai faydalı işlərdə vətəndaş iştirakının bir forması olan könüllü fəaliyyətin əsas xüsusiyyəti qarşılıqlı kollektiv əlaqə üsulu və aktual sosial-pedaqoji problemlərin həllində təsirli mexanizm olmasıdır. Könüllülər humanitar yardım və texniki dəstək göstərilməsi, insan haqlarının qorunması, cəmiyyətin demokratikləşməsi, həmçinin sülhün möhkəmlənməsi üzrə istər milli, istərsə də BMT-nin proqramları çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ümumi rifahın inkişafında əhəmiyyətli rol oynamışlar, bu gün də oynamağa davam edirlər.

 

Güney Namazova,  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı

 

Son baxılan xəbərlər

Naftalanda “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq təşkil olunub

Press-relizlər
20.07.2017 / 16:45
Ətraflı oxu

Masallı rayonunda “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2017 / 15:46
Ətraflı oxu

Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
05.07.2018 / 16:31
Ətraflı oxu

DQİDK-nın əməkdaşı Sinqapurda keçirilən beynəlxalq tədbirdə iştirak edib

Press-relizlər
25.07.2016 / 16:33
Ətraflı oxu

Yardımlıda “İnsan hüquqlarının qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2018 / 15:14
Ətraflı oxu

Qaxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
23.07.2018 / 17:30
Ətraflı oxu