Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər / 24.09.2019 / 15:55

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb. 

Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər. 

Əvvəlcə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi olub. Sonra ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr, eyni zamanda tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanmasından danışıb. Bildirib ki, respublikamızda məscid, kilsə və sinaqoqların bərpasına və yenilərinin inşasına xüsusi diqqət yetirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri tolerant mühitdə, dinc, yanaşı fəaliyyət göstərirlər. Respublikamızın digər bölgələrində olduğu kimi, Beyləqan rayonunda da dini durum sabitdir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, dini maarifçilik işinin aparılması, dini radikalizm və xurafata qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən danışıb. Ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi respublikadır. Dövlət dinin işinə qarışmır, din isə siyasiləşə bilməz. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin təməlində azərbaycançılıq ideyası dayanır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük.  

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük işlər həyata keçirildiyini deyən M.Qurbanlı əsas milli vəzifələrimizin Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi, sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması, təhlükəsizliyimizin həm ideoloji, həm də siyasi cəhətdən qorunması olduğunu diqqətə çatdırıb. "Müasir dünya üçün ən ciddi təhdidlərdən biri din adı altında aparılan müharibələr, terror hadisələridir. Azərbaycan Respublikasında din adı altında təhdidlərin qarşısı alınır. Bu, bizim milli vəzifəmizdir", - deyə Komitə sədri bildirib. 

Konfrans işini sentyabrın 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Son baxılan xəbərlər

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar
20.11.2019 / 11:40
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib

Press-relizlər
20.02.2019 / 17:56
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu