
Press-relizlər / 23.09.2019 / 17:01
Sentyabrın 22-də Bakı şəhəri “Həyat sözü” Xristian dini icmasının Azərbaycanda fəaliyyətə başlamasının 25 iliyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin rəhbərliyi, "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi, eyni zamanda icma rəhbəri və üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi dəyərlərinə sadiq olması respublikamızın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır. Sədr müavini vurğulayıb ki, bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt kimi, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır.
Respublikamızda dini icmalara dövlət tərəfindən göstərilən maddi və mənəvi dəstək barədə də danışan S.Heydərov “Həyat sözü” Xristian dini icmasının DQİDK ilə fəal əməkdaşlıq etdiyini qeyd edib, icmaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm çıxışında 1994-cü ildə Heydər Əliyevlə görüşünü, Ermənistanın təcavüzü nəticəsində öz yaşayış yerlərindən məcburən köçkün və qaçqın vəziyyətinə düşmüş Azərbaycan əhalisinə humanitar yardımın gətirilməsinin təşkilində şəxsən iştirak etdiyini xatırladıb. Ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini bildirən K.Okerhelm dini sahəyə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. O, müxtəlif dini qurumlara dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıb. Bütün dini konfessiya nümayəndələrinə öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluğunu dilə gətirib.
Sonra tədbirin bədii hissəsi başlayıb.