Mübariz Qurbanlı: "İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur" - MÜSAHİBƏ

Müsahibələr / 12.07.2019 / 14:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi

 

- Öncə Azərbaycanda dini durumu qiymətləndirməyinizi istərdik...

 

- Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur. Təbii ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar bu sabitliyi şərtləndirir. Bununla yanaşı, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bu baxımdan Azərbaycan ən sabit ölkələrdən sayıla bilər. Ölkədə dövlət-din münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda dini azadlıqlar, o cümlədən vicdan azadlığı təsbit edilib. Vətəndaşlar “Dini etiqad azadlığı haqqında” Qanunun onlara verdiyi azadlıqlardan qanunlar çərçivəsində sərbəst istifadə edə bilirlər. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən heç bir qarşıdurma ehtimalı gözlənilmir. Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasında münasibətlərdə tam sabitlik hökm sürür.

 

- Bu gün müəyyən şəxslər, mərkəzlər tərəfindən Məşhədə, Kərbəlaya dini ziyarətlərin təşkili hallarına rast gəlinir. Ümumiyyətlə, dini ziyarətlərin təşkili sahəsində nəzarətin artırılmasına ehtiyac varmı?

 

- Azərbaycan müsəlman ölkəsidir, İslam dini bizim xalqımızın qəlbindədir, həyatındadır. İslam sülh, qardaşlıq, bərabərlik dinidir. Bu din hər hansı radikal, ekstremist çağırışlara dəstək verməyən bir dindir. Azərbaycan vətəndaşları İslam dininin vacib buyurduğu şərtləri imkan daxilində yerinə yetirirlər. Biz dünyəvi dövlətik, dövlət insanların dini inanclarını və dini dəyərlərdən irəli gələn vəzifələrinin yerinə yetirilməsinə hər zaman dəstək verir. Məsələn, çoxlu sayda məscidin tikilməsi, yenidən qurulması, din sahəsində çalışan insanlara dövlətin maddi yardım göstərməsi bunun bariz sübutudur. Azərbaycan vətəndaşlarının öz inanclarına uyğun olaraq müqəddəs yerlərə ziyarətlərə getməsi təbii prosesdir və hökumət buna müdaxilə etmir. O ki qaldı bəzi şəxslərin yaradılmış şəraitdən sui-istifadə etmə hallarına, əvvəla onu deyim ki, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əldə olunmuş razılaşmaya görə Həcc və Ümrə ziyarətləri QMİ tərəfindən təşkil edilir, burada iştirak etmək üçün müraciət edən Azərbaycan vətəndaşlarının sənədlərini toplayır, kollektiv şəkildə onları Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə təqdim edir, viza, səfər zamanı qalmaları, təhlükəsizliyi və s. məsələləri həll edir. Əgər başqa bir qurum Qafqaz Müsəlmanları İdarəsindən kənarda bununla məşğul olursa, əlbəttə, bu halda əldə olunmuş razılaşmanı pozmuş olur. İslama aid olan digər ziyarət yerlərinə gəldikdə isə onu deyə bilərəm ki, qanunvericilikdə belə ziyarətlərin təşkili, tənzimlənməsi və ya nəzarət edilməsi ilə bağlı müddəa əksini tapmayıb. Həmçinin, həmin ziyarətgahların yerləşdiİi ölkələrlə heç bir müqavilə imzalanmayıb. Amma nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi QMİ-nin himayəsi altında həyata keçirilsin. Biz praktikada görürük ki, bəzən bu yerlərə ziyarətləri hansısa şirkət və ya turist qrupu təşkil edir. Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur, nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir. Bununla əlaqədar “Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də var. Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı, İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq.

 

- Azərbaycanın işğal altında olan ərazisi Şuşa şəhərindəki Şuşa Məscidi İran şirkətləri tərəfindən təmir edilir. Komitə tərəfindən bununla bağlı hər hansı addımlar atılıbmı?

 

- Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzkarları vandallıq edirlər, çoxlu sayda tarixi, mədəni abidəmizi dağıdırlar. Məscidlərimiz uçurulub, digər abidələrimiz erməniləşdirilir. Belə abidələrin sayı minlərlədir. İşğalçı Ermənistan maskalanmaq üçün Şuşadakı məscidi bərpa edərək onu özünün təcavüzkar siyasətində bir vasitə kimi istifadə etmək istəyir. Mətbuatda da belə bir məlumatlar var ki, İranın hansısa şirkəti həmin məscidin təmir işləri ilə məşğul olur. Biz bu məlumatları öz səlahiyyətlərimiz çərçivəsində İranın Azərbaycanda olan nümayəndələri, xüsusilə İran Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə müzakirə etmişik. Təbii ki, bununla bağlı Azərbaycan XİN də öz səlahiyyətlərinə uyğun olaraq ardıcıl işlər aparır. Ümumiyyətlə, XİN işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi, mədəni və digər xarakterli fəaliyyətin qarşısını almaq üçün lazımi addımlar atır. Məhz Azərbaycan tərəfi bu addımlar nəticəsində işğal olunmuş ərazilərimizdə bir sıra şirkətin fəaliyyətinin dayandırılmasına nail olub. Qeyd edim ki, İran tərəfinin rəsmiləri orada nəzarətlərində olan hər hansı rəsmi şirkətin fəaliyyət göstərmədiyini və məscidin bərpasında iştirak etmədiyini bildirib. Beynəlxalq hüquq, həm də dövlətlərarası razılaşmalar tələb edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində heç bir iqtisadi və mədəni xarakterli tədbirlər, fəaliyyət həyata keçirilməsin. Dünyada işğal olunmuş ərazilərə yatırımların qoyulması doğru sayılmır. Hesab edirəm ki, budəfəki məscid məsələsi də erməni hiyləgərliyinin növbəti formasıdır.

 

- Azərbaycanda pirlərə nəzarət olunurmu? Bu yaxınlarda “qaloş piri” məsələsinin ortaya çıxması bu məsələnin nə qədər aktual olmasını gündəmə gətirdi...

 

- Bu mövzu mütəmadi olaraq gündəmə gətirilir. Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə sitayiş edir və çoxlu ziyarətgah var ki, həmin ziyarətgahlar da tarixən formalaşıb. İnsanların belə yerlərə inancları var və onun qarşısını süni yolla almaq olmaz. Ölkəmizdə elə ziyarətgahlar var ki, onların tərkibində rəsmi şəkildə fəaliyyət göstərən məscidlər var.

Təəssüflər olsun ki, tarixi ziyarətgahlarla yanaşı, yeni-yeni pirlər və ocaqlar peyda olur. Əksər halda belə yerlərdə xurafat və mövhumat elementləri özünü biruzə verir. Belə yerlərin fəaliyyətinin qarşısı qanunvericiliyə uyğun olaraq alınır. Lakin düşünürük ki, ölkə əhalisinin dini bilikləri artdıqca tarixi kökü olmayan pir və ziyarətgahlara üz tutanların sayı azalacaq. Buna görə də bizim maarifçilik fəaliyyətimizin bir qismi bu istiqamətə yönəlib.

 

- Cəmiyyət tərəfindən hər zaman nəzir qutuları ilə bağlı məsələlər müzakirə edilir. Buna nəzarət edilirmi?

 

- Ziyarətgahların idarəçiliyinə nəzarəti əsasən QMİ həyata keçirir. Ziyarətgahlarda, o cümlədən bəzi məscidlərdə nəzir qutuları var. Nəzirlər ona görə verilir ki, İslamda yardımlaşma, köməkləşmə dəyərləri mövcuddur. Həmin vəsaitlər də məscidin xətti ilə insanlara, müraciət edənlərə, dini bayramlarda və s. köməklik məqsədilə sərf edilir. Bəzən bu yardımları bir o qədər də geniş açıqlamırlar. Elə ziyarətgahlar var ki, insanlar hər ay oradan ərzaqlar aparır, maddi dəstək alır. Həmin ziyarətgahlarda yığılan vəsaitlərin xərclənməsinə nəzarət QMİ-nin səlahiyyətindədir. Bununla bağlı onların xüsusi komissiyası da var. Vəsaitin xərclənməsi məsələsinə isə dövlət müdaxilə etmir. Bu məsələlər mərkəzləşmiş qaydada deyil, əsasən ziyarətgahın yerləşdiyi ərazidə həyata keçirilir. Vaxtaşırı mətbuatda da açıqlamalar olur ki, böyük ziyarətgahlar xeyriyyə tədbirləri keçirir, yardımlar edir. Bəzən ziyarətgahlarda bu məlumatların yayılmamasını dinin özü ilə izah edirlər. Yəni, dinimizə görə edilən yardımlar deyilməməlidir. Amma mənə elə gəlir ki, belə məlumatların zaman-zaman açıqlanması doğru olardı. Mən əminəm ki, ziyarətlərdə inanclı insanlar olduğuna görə oradan toplanan vəsaitin paylanmasında da ədalətli mövqe sərgiləyirlər.

 

- Mübariz müəllim, gələcəkdə İlahiyyat İnstitutuna qəbulla bağlı hər hansı bir yeniliklər nəzərdə tutulurmu?

 

- Hazırda İlahiyyat İnstitutuna qəbul aparılır, rəhbərlik bununla bağlı ətraflı açıqlamalar verir. İnstitutda ödənişsiz təhsil həyata keçirilir. Bu il 72 nəfərin İlahiyyat İnstitutuna qəbul edilməsi nəzərdə tutulur. İlahiyyat İnstitutuna həm Rusiyanın tərkibindəki respublikalar, o cümlədən Gürcüstan, Orta Asiya, Türkiyə və digər ölkələrdən də tələbələrin qəbul olunması düşünülür. Bu cür ideyalar var. Burada da əsas məqsəd odur ki, İlahiyyat İnstitutu bölgənin əsas mərkəzinə çevrilsin. Digər tərəfdən yaxın gələcəkdə İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur ki, az sayda olsa da yəhudilik, xristianlığın katolik və pravoslav qolu ilə bağlı kadrlar hazırlansın.

 

- Bəs yaxın gələcəkdə Azərbaycanda yeni dini kolleclər açıla bilərmi?

 

- Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. 10 İslam kolleci dövlət qeydiyyatına alınıb. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir. Bizdə olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işlərini həyata keçirir. Nardaranda, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub.

 

- İmamların attestasiyası və maddi təminatı ilə bağlı hansı yeniliklər gözlənilir?

 

- Hazırda Bakıda 136 məscid var. Onların fəaliyyətdə olanlarının böyük əksəriyyəti dövlətdən maddi dəstək alır. Bu maddi dəstəyi o məscidlərdə iki və ya daha artıq adam alır ki, həmin məscidlərdə vəhdət namazları qılınır və ya ibadətə gələnlər daha çoxdur. Əksər məscidlərdə maddi dəstəyi bir nəfər alır. Ümumiyyətlə, məscidlərdə din xadimlərinə maddi dəstək verilən zaman həmin şəxsin üzərinə düşən məsuliyyət və fəaliyyəti nəzərə alınır. QMİ tərəfindən təyinat almış imam, imam müavini və mütəvəllilər Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə maddi dəstək alır. O cümlədən məscidlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezident İlham Əliyev sərəncamlar verir. Həmçinin Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva bu sahədə xeyli iş görüb. Bu gün təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq məscidlərin əksəriyyəti kamera sistemi ilə təchiz edilib, eyni zamanda, böyük icmalara avtomobillər verilib. Bütün bunlar da vətəndaşlarımıza xidmət edir.

 

- Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın tələblərinə nə dərəcədə riayət olunur? Qəbir yerləri ilə bağlı normalar gözlənilirmi?

 

- Bu qaydaların tətbiqi ilə bağlı işlər gedir. Burada Komitənin bir funksiyası var. O da həmin məzarlıqların reyestrini aparmaq. Məzarlıqların idarə olunması tam şəkildə yerli bələdiyyələrə verilib. Həmin qaydaların tətbiqinə başlanıldıqda isə əminəm ki, yeni məzarlıqlar salınacaq, hazırkı məzarlıqlar da öz işlərini bu qaydalar əsasında quracaqlar.

 

- Azərbaycanda yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Bununla bağlı hər hansı bir tənzimlənməyə ehtiyac var?

 

- Yas mərasimlərinin təşkili vətəndaşa bağlıdır. Vətəndaş seçimini özü etməlidir. Burada başqa vasitəyə əl atmağa ehtiyac yoxdur. Bu, ənənədən irəli gəlir. Mən yas mərasimlərində çox çeşiddə yeməklərin verilməsinin tərəfdarı deyiləm. Biz öz məclislərimizdə çay süfrəsi ilə kifayətlənmişik. Belə qaydaları da tətbiq edən yerlər çoxalmaqdadır. Məsələn, Şəmkir rayonunun bir kəndində atası vəfat etmiş şəxs həmin yas mərasiminə xərcləyəcəyi vəsaiti yol çəkməyə sərf edib. Bu cür nümunələr kifayət qədərdir. Əvvəllər də bu cür nümunələr olub. Kimlərsə ehsan olaraq bulaq tikdirib, yol çəkdirib, ağac əkib və s. Özü də həmin məkanlar qeyri-rəsmi formada o adamın adı ilə adlandırılıb. QMİ-nin də yas mərasimlərində dəbdəbəli süfrələrin olmaması ilə bağlı tövsiyələri var. Biz sadəcə tövsiyələr və izahlar verə bilərik. Dini nöqteyi-nəzərdən ehsan xeyir əməldir. Adam var, deyir ki, vəfat edən yaxınının ehsanında yemək versə, daha yaxşıdır, adam da var deyir ki, bunu bir xeyirxah işlə yerinə yetirir. Hesab edirəm ki, yas mərasimlərinin təşkili vətəndaşa bağlıdır. İnsanlar öz aralarında razılığa gəlməklə bu məsələni həll edə bilərlər.


Son baxılan xəbərlər

Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
08.05.2019 / 12:52
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Press-relizlər
11.03.2019 / 15:29
Ətraflı oxu

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
07.05.2019 / 17:14
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 14:50
Ətraflı oxu

Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib

Press-relizlər
16.07.2018 / 17:11
Ətraflı oxu

Gəncədə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
14.03.2018 / 17:42
Ətraflı oxu